Orxan Saffari
phrase_var_qaynar. 13:03 19.02.2022

"Manaf müəllim Ağayev bəy"

Uzun müddətdir ki, sosial şəbəkələrdə ünlü manıs, Qarabağ toylarının olmazsa olmazı, bir uy uy uy-na yüzlüklər xərclənən, ana muğamına zulum-zulum ağlanılan, sözünün kəsəri səsinin kəsərindən çox olan, istedadı 30 ildi işğalda olsa da, nəhayət, azad olunan Manaf müəllim Ağayev bəyə etirazlar, təhqirlər görür və bundan da bərk qəribsəyirəm. Sanki yuvasından perik düşən bir quşam. Yazıb bildirmək istəyirəm ki, "istəyirəmmmm səhvim üstə döyəsənnn, remeninə qurvan olum, ay dəəədə, ay dəəədə, ay dəəədə uy uy uy... Yaxşı, yaxşı, burda bir az Manaf müəllim Ağayev bəy sayağı zarafat eləmək istəmişdim, alınmadı.

Əziz həmvətənlərim, Manaf müəllim Ağayev bəyə "Toylar Kralında" sms göndərən füzulililər, onu və məni sevənlər;

Manaf müəllm Ağayev bəy əslində, orta statistik Azərbaycan kişisinin güzgüsüdür. Sadəcə, tanınmış sima olduğu üçün bu qədər səs-səda doğurur. Bir az da öz cəmiyyətimizi tanıyırıq, axı. Amma Manaf müəllim Ağayev bəyə görə cəmiyyətin, millətimin xətrinə dəyməyəcəyəm. 

Manaf müəllim Ağayev bəyin efirlərdə, məclislərdə etdiyi söhbətləri, dediyi sözləri hər 10 Azərbaycan kişisindən 9-u deyir, hələ Manaf Ağayevdən də bir az əsəbi tonda, sərt şəkildə, amma onların heç birinə etiraz olmur. Burda da sizləri qınamayacam, xətrinizə dəyməyəcəyəm. 

Məsələn, Manaf müəllim Ağayev bəy deyir ki, oğluma qız tapa bilmirəm, hansı qıza baxırsansa, sosial şəbəkələrdədi, şəkil qoyur və.s. 

İndi bu sözləri neçə nəfər Manaf Ağayev yaşında kişi demir? Öz evinizdə, olmadı, əminizin, dayınızın evində bu sözləri artıqlaması ilə eşidirsiniz, təbii olaraq da Manafa etdiyiniz etirazı edə bilmirsiniz. Məndən olsa, birinci evinizdən, ətrafınızdan başlayardınız. Məndən deyil deyə sakit dururam. Həm də sizlərin xətrinə dəymək istəmirəm. 

Sizə kiçik bir həqiqət də deyim. 

Manaf müəllim Ağayev bəy kənddə-kəsəkdə, eldə-obada bir xeyli hörmətli adamdır, ağsaqqaldır. Özüm Füzuli rayonundan olduğuma görə Manaf müəllim Ağayev bəy haqqında bilmədiyiniz sirrləri, həqiqətləri bildiyim üçün deyirəm. Siz elə bilirsiniz ki, o, elə-belə adamdır? Yəni, həqiqətən düşünürsünüz ki, kiçik bir feysbuk kütləsi, sosial ziyalılar ona lağ edir, gülür deyə hamı gülür? Yoxsa, elə bilirsiniz ki, Azərbaycanda bu cür aydın düşüncələrinizlə Manaf müəllim Ağayev bəyə qalib gələ bilərsiniz, insanları aydınladacaqsınız? Belə olduğu gün gərək Manaf müəllim Ağayev bəy mikrafonu yerə qoyub sənətdən gedə.

Manaf müəllim Ağayev bəy bir çox Azərbaycan kişisi kimi sərtdir, mühafizəkardır, yalanı sevmir, xəyanəti də bağışlamaz. Onun üçün qadının qadın, kişinin kişi, uşağın da uşaq yeri var. Eyni atalarımız, babalarımız kimi. Anlaya bilirsinizmi nə deyirəm? Bu da "Qarabağ şikəstəsi" deyil ki, Manaf Müəllim Ağayev bəy kimi oxuya bilməyək. 

Manaf müəllim Ağayev bəy qazandığı pullardan kasıblara da verir, el-obasına dəstək durur, hələ özü də etiraf edir ki, kömək olunması üçün ona nə qədər zənglər gəlir. Mikrafon haqqı düz deyir, bilirəm. Etmir desəm, yalan olar, edir. Sizcə, onu kim pisləyəcək? Manaf müəllim Ağayev bəy tanınmış sima, el ağsaqqalı nominasiyasına real namizəd olsa da, kriminal rejimlə də əlaqəsi var. Bir sözlə, onu bütün dairələrdə, kəndlərdə, qəsəbələrdə, məhlələrdə, tinlərdə sevirlər. Siz də durub qadına qısa geyim yaraşdırmır, sosial şəbəkələrə girən qızları bəyənmir deyə ona etiraz edirsiniz. 

Nə bilim, səsim olsa, Manaf müəllim Ağayev bəy haqqında səhərə qədər oxuyardım, yoxdu deyə oxumuram. Əlimdən gələn yazmaqdı, amma istedadım onu səhərə qədər tərif etməyə çatmaz deyə, yazını da burda bitirirəm. 

Zəruri qeyd; Fonda ana muğamı qoyaraq yazını təkrar oxuya bilərsiniz. 

İmza: Orxan Saffari füzulilililililili.