XƏBƏR LENTİ

Şərhlər

Xəbər lenti

8 min yeniyetmə araşdırıldı: Hər 4 uşaqdan birində psixi pozuntu aşkarlandı
Dünya11:05 06.10.2026

8 min yeniyetmə araşdırıldı: Hər 4 uşaqdan birində psixi pozuntu aşkarlandı

Britaniyanın “Anna Freud” xeyriyyə təşkilatının və London Universitet Kollecinin (UCL) tədqiqatçıları “2020-ci illərdə böyümək” layihəsinin ilkin nəticələrini dərc ediblər. Bu, COVID-19 pandemiyasından sonra İngiltərədə yeniyetmələr üzərində aparılan ilk kompleks uzunmüddətli tədqiqatdır. Araşdırma bir qrup məktəblinin 12-13 yaşlarından başlayaraq sonrakı dövrdə inkişafını izləyərək ailənin, məktəbin, həmyaşıdların və rəqəmsal mühitin onların həyatına necə təsir etdiyini öyrənməyi hədəfləyir.

Qaynarinfo xəbər verir ki, tədqiqatın nəticələri GOV.UK portalında dərc olunub.

Tədqiqatın ilk mərhələsində təxminən 8 min yeniyetmə, onların valideynləri və müəllimləri iştirak edib. Seçim İngiltərədə səkkizinci sinif şagirdləri üçün reprezentativ hesab olunur. Məlumatlar 2025-ci ildə toplanıb, sorğular koqnitiv testlər, həmçinin şagirdlərin təhsil göstəriciləri və davamiyyəti barədə inzibati məlumatlarla tamamlanıb.

Müəlliflər əvvəlki nəsillərlə müqayisədə əhəmiyyətli dərəcədə fərqli şəraitdə böyüyən nəsli təsvir edirlər. Bu şəraitə pandemiya, smartfon və sosial şəbəkələrin geniş yayılması, psixi sağlamlıqla bağlı narahatlığın artması və davam edən sosial bərabərsizlik daxildir.

Yeniyetmələrin əksəriyyəti ailə üzvləri və dostları ilə münasibətlərinin müsbət olduğunu bildirir, ümumilikdə həyatlarından razıdır və orta məktəbə keçidi nisbətən problemsiz keçiriblər. Bununla belə, artıq orta məktəbin ilk illərində davamlı fərqlər üzə çıxır: aztəminatlı ailələrdən olan uşaqlar və xüsusi təhsil ehtiyacları olan yeniyetmələr təhsildə və psixoloji baxımdan daha çox çətinliklərlə üzləşirlər.

Belə ki, hər dörd yeniyetmədən birində ehtimal olunan psixi pozuntu aşkarlanıb. Aztəminatlı ailələrdən olan şagirdlər arasında bu göstərici 36 faizə, xüsusi təhsil ehtiyacları olan uşaqlar arasında isə 54 faizə çatır. Demək olar ki, hər beş yeniyetmədən biri dərsləri sistemli şəkildə buraxır, üçdə birdən çoxu isə özünü məktəb kollektivinin bir hissəsi kimi hiss etmir.

Hesabatda rəqəmsal həyata də xüsusi diqqət yetirilir. Həmyaşıdlarla onlayn ünsiyyət gündəlik həyatın adi hissəsinə çevrilib və tezliyinə görə artıq üz-üzə görüşləri qabaqlayır. Qızlar sosial şəbəkələrdə orta hesabla oğlanlardan təxminən bir saat daha çox vaxt keçirirlər.

Pandemiya da öz izini qoyub. Valideynlərin sözlərinə görə, yeniyetmələrin bir hissəsi, xüsusilə həssas qruplardan olan uşaqlar COVID-19 pandemiyası dövründə təhsildə geri qalıb və sosial münasibətlərdə çətinliklərlə üzləşiblər. Valideynlərin övladlarının universitetdə təhsil alması ilə bağlı gözləntiləri yüksək olaraq qalır, lakin uşağın xüsusi təhsil ehtiyacları olduğu ailələrdə bu gözləntilər əhəmiyyətli dərəcədə aşağıdır.

Tədqiqatın növbəti mərhələləri aztəminatlı və maddi cəhətdən daha imkanlı ailələrdən olan uşaqlar arasındakı fərqlərin genişlənib-genişlənmədiyini, azalıb-azalmadığını və ya sabit qalıb-qalmadığını göstərəcək. Bu məlumatların siyasətçilərə və məktəblərə şagirdlərə harada və nə vaxt dəstək göstərilməsinin lazım olduğunu müəyyənləşdirməyə kömək edəcəyi gözlənilir.

Aydın