Mikrobial həyatdan mürəkkəb canlılara keçid prosesindəki ən böyük boşluqlardan biri də aradan qaldırılıb. Alimlər müasir həyatın təməli hesab edilən Kembri partlayışından belə əvvəl mövcud olmuş ilk heyvanları müəyyən ediblər.
Qaynarinfo xəbər verir ki, planetimizin 4,5 milyard illik nəhəng tarixində heyvan həyatının yaranması əslində kifayət qədər yeni hadisədir. Təxminən 4 milyard il əvvəl ilk mikrobial həyat meydana gəlsə də, mürəkkəb çoxhüceyrəli canlıların ortaya çıxması milyardlarla il çəkib. Bəs Yer üzündəki ilk heyvan hansı olub?
Elm dünyası uzun müddətdir bu adı sadə və hərəkətsiz quruluşları ilə tanınan süngərlərə verir. Yeni araşdırma süngərlərin düşünüldüyündən daha qədim olduğunu göstərərək bu nəzəriyyəni elmi baxımdan daha da gücləndirib.
Massaçusets Texnologiya İnstitutunun (MIT) alimlərinin rəhbərliyi ilə aparılan yeni araşdırma süngərlərin 541 milyon ildən daha əvvəl meydana gəldiyini, yəni məlum olan ən qədim heyvanlardan biri olduğunu göstərən məlumatlar ortaya qoyub. Tədqiqatçılar bunun üçün ənənəvi fosilləri deyil, süxurlardakı “kimyəvi fosilləri” araşdırıblar.
Bu fosillərdə aşkar edilən üzvi birləşmələr hüceyrə membranlarında mövcud olan və xolesterin kimi sterolların geoloji baxımdan sabit formaları sayılan steranların xüsusi bir növü olub. Xüsusilə 30 karbon atomuna malik bu steranlar tədqiqatda əsas rol oynayıb. Alimlər bu unikal kimyəvi izlərin demosüngərlər adlanan xüsusi süngər sinfinə aid olduğunu dəqiq müəyyənləşdiriblər. Bu güclü sübut araşdırılan süxurlardakı kimyəvi qalıqların erkən heyvan həyatının özünə aid olduğunu göstərir.
MIT-dən tədqiqatçı Rocer Samons həmin dövrdə bu öncül heyvanların tam olaraq necə göründüyünü bilmədiklərini, lakin böyük ehtimalla dənizlərdə yaşayan, yumşaq quruluşlu və silisium skeletləri olmayan canlılar olduqlarını bildirir.
Bu gün də mövcudluğunu davam etdirən süngərlərin mürəkkəb orqanları, toxumaları, sinir, həzm və ya qan-damar sistemləri yoxdur. Onları ən sadə formada müxtəlif funksiyaları yerinə yetirən eukariot hüceyrələrdən ibarət yumşaq, süngərəbənzər yığın kimi təsvir etmək olar. Lakin hüceyrə divarlarının olmaması, qidalanma və çoxalma qabiliyyətləri kimi xüsusiyyətlər onları bitki və ya göbələk deyil, heyvanlar aləminə aid edir.
Mübahisəyə son qoyan üçlü sübut zənciri
Daha əvvəl 30 karbonlu sterolların mürəkkəb həyata işarə edə biləcəyi irəli sürülmüşdü. Lakin bu tapıntının geoloji proseslər və ya digər sadə orqanizmlərlə də izah oluna biləcəyi barədə alternativ fikirlər ortaya çıxmışdı. Yeni araşdırma isə bu mübahisəyə son qoyur.
Oman, Sibir və Qərbi Hindistan kimi müxtəlif bölgələrdən götürülmüş süxur nümunələrinin təhlili steran izlərinin birbaşa demosüngərlərlə biokimyəvi əlaqəsini sübut edib. Komanda əldə etdiyi məlumatları təsdiqləmək üçün laboratoriya şəraitində 30 karbonlu sterolu sintetik şəkildə istehsal edib və bu birləşmənin demosüngərlərin genlərində kodlaşdırılan xüsusi ferment tərəfindən yaradıla biləcəyini göstərib.
Rocer Samons əldə etdikləri nəticələrin əhəmiyyətini belə vurğulayır: “Əlimizdə süxurda olan məlumatlar, süngərdə müşahidə edilən birləşmələr və laboratoriyada kimyəvi yolla yenidən yaradılmış nəticələr var. Bu üçü də bir-birini dəstəkləyən və eyni nəticəyə işarə edən sübutlardır. Bu da süngərlərin Yer üzündəki ən qədim heyvanlardan biri olduğunu açıq şəkildə göstərir”.
Süngərlərin bu erkən dövrdə meydana çıxmasından sonra Yer kürəsi böyük müxtəliflik partlayışının şahidi olub. “Kembri partlayışı” kimi tanınan bu dövrdə bir çox əsas heyvan qruplarının fosil qeydlərində qəfil meydana çıxması ilə həyat inanılmaz sürətlə müxtəlifləşib. Süngərlər kimi sadə quruluşlu canlılardan sonra ekosistemlər bu qəfil müxtəlifləşmə nəticəsində mürəkkəb və rəngarəng canlılarla dolmağa başlayıb və bugünkü heyvanlar aləminin təməli qoyulub.
Aydın
Şərhlər