Məktəb bufetlərində satılan qidaların keyfiyyəti, onların saxlanma şəraiti və işçilərin gigiyena qaydalarına əməl etməsi uşaqların sağlamlığı baxımından mühüm məsələlərdəndir. Bufetlərdə çiy və bişmiş məhsulların saxlanması, hazır qidaların soyudulması, məhsulların son istifadə müddəti və satış zamanı sanitar qaydalara əməl olunması xüsusilə diqqət tələb edir.
Qida təhlükəsizliyi Hərəkatının rəhbəri, sağlam qidalanma mütəxəssisi Məhsəti Hüseynova Qaynarinfo-ya açıqlamasında məktəb bufetlərində vəziyyətin ürəkaçan olmadığını bildirib:
“Məktəb bufetlərində aparılan yoxlamaların nəticələri, təbii ki, ürəkaçan deyil və bu, ilk hal deyil. Ötən illərdə də monitorinqlər aparılıb. 300-dən çox məktəbin bufetində yoxlama keçirilmişdi. Cəmi bir məktəbin bufetində vəziyyət uyğun idi, digərlərində isə gigiyena qaydaları, qidanın keyfiyyəti və bir çox qida təhlükəsizliyi problemi ilə bağlı nöqsanlar aşkarlanmışdı. Ona görə də bu sahədə ciddi işlərin aparılmasına böyük ehtiyac var. Çünki məktəblərdə qidalanan uşaqlar, yeniyetmələr və gənclərdir. Onların sağlamlığı düzgün formalaşmasa, bu, nəticədə cəmiyyətin sağlamlığına da təsir göstərəcək”.

Ekspertin sözlərinə görə, məktəb bufetlərində satılan qidaların keyfiyyəti, təzəliyi və təhlükəsizliyi əsas şərtlərdən olmalıdır:
“Məktəb bufetlərində satılan qidaların keyfiyyətli, təzə və təhlükəsiz olması, uşaqların inkişafı üçün balanslaşdırılmış qidalanmanın təmin edilməsi ən önəmli şərtlərdən olmalıdır. Uzun rəf ömrünə malik, kimyəvi qatqı maddələri olan paketlənmiş qidaların sayı minimuma endirilməlidir. Qidalar gündəlik və təzə hazırlanmalıdır. Tərkibində karbohidrat, yağ, zülal, vitamin və minerallar balanslı şəkildə olmalıdır. Eyni zamanda satışda təzə mövsümi meyvə və tərəvəzlərə alternativ kimi yer verilməli, onların əlçatanlığı təmin olunmalıdır. Meyvə və tərəvəzlər təmiz, sanitar və gigiyena qaydalarına uyğun şəkildə hazırlanıb təqdim edilməlidir”.
Məhsəti Hüseynova sağlam qida seçimlərinin artırılmasının uşaqların daha faydalı məhsullara yönəlməsinə kömək edə biləcəyini deyib:
“Kiçik paketlərdə münasib qiymətə çərəzlər satıla bilər. Belə qidalar olduqda uşaqlar çipsi, kraker və rəf ömrü uzun olan digər paketlənmiş məhsullardan uzaqlaşa bilərlər. Qazlı, rəngli və şəkərli içkilərin əvəzinə adi su və ya evdə hazırlanmış, kəmşirin kompotlar təklif oluna bilər. Çox şəkərli şirniyyatların, kremli tortların və pirojnaların satışı da minimuma endirilsə, daha yaxşı olar. Çünki qiymətin ucuz olması üçün onların hazırlanmasında istifadə olunan keyfiyyətsiz yağlar uşaqların sağlamlığı üçün ciddi fəsadlar törədə bilər”.
Ekspert bufetlərdə çalışanların şəxsi gigiyenasına və qida ilə pul arasında təmasın qarşısının alınmasına da diqqət çəkib:
“Gigiyena qaydalarına da ciddi əməl olunmalıdır. Bəzən böyük bir məktəbdə cəmi bir və ya iki satıcı fəaliyyət göstərir. Onlar gigiyena qaydalarına əməl etmədən qida məhsullarını təqdim edir, eyni əllə pula da toxunurlar. Bu isə çarpaz çirklənməyə səbəb ola bilər. Əllər mütəmadi yuyulmalı və dezinfeksiya edilməlidir. Satıcıların baş örtüyü və xüsusi geyimdən, zəruri hallarda isə əlcəklərdən istifadə etməsinə diqqət olunmalıdır”.
Məhsulların saxlanma şəraitinin də qida təhlükəsizliyi baxımından mühüm olduğunu vurğulayan mütəxəssis qayda pozuntularının qarşısının alınmasını vacib sayır:
“Bəzən məkanın kiçik olması səbəbindən bişmiş və çiy məhsullar eyni yerdə saxlanılır. Gündəlik hazırlanan sendviç soyuducuda saxlanmalı olduğu halda, bəzən sadə şüşə rəflərdə saxlanılır. Bu da qaydaların pozulmasıdır. Məhsulların son istifadə müddəti mütəmadi yoxlanılmalı, saxlama şəraiti üzərində göstərilən tələblərə uyğun olmalıdır”.
Məhsəti Hüseynova məktəb bufetlərinin fəaliyyətinə mütəmadi nəzarət edilməli olduğunu bildirib:
“Belə bufetlər bəzən məktəbdən ayrı fəaliyyət göstərir. Ayrı fəaliyyət göstərsə də, aidiyyəti qurum tərəfindən mütəmadi monitorinqlər aparılmalıdır. Satışa çıxarılan hər məhsula nəzarət edilməlidir. Xüsusilə onların keyfiyyəti ön planda olmalıdır. Çünki ucuz və tez satılan məhsullar uşaqlar üçün əlçatan olsa da, onların sağlamlığına ciddi fəsad vura bilər. Buna görə də bu sahə mütəmadi yoxlanılmalı və tənzimlənməlidir”.
Ekspert qeyd edib ki, səhər yeməyi qəbul etmədən məktəb və universitetə gedən uşaqlar və tələbələr gün ərzində ilk növbədə bufetlərə müraciət edə bilirlər:
“Nəzərə alsaq ki, birinci növbədə oxuyan şagirdlər və universitet tələbələri əksər hallarda səhər erkən saatlarda evdən çıxırlar və səhər yeməyi qəbul etmirlər, belə olan halda onların ilk müraciət etdiyi yerlər məktəb və universitet bufetləri olur. Orada qidalar keyfiyyətsizdirsə, sağlam qidalanmadan danışmaq mümkün deyil”.
Mütəxəssis monitorinqlərin sayının artırılmasını və bütün ölkə üzrə vahid nəzarət mexanizminin tətbiqini təklif edib:
“Ona görə monitorinqlərin sayı artırılmalı və mütəmadi aparılmalıdır. İstər paytaxtda, istər paytaxtdan kənarda, istərsə də regionlarda bu proses mərkəzləşdirilmiş sistemlə idarə olunmalıdır. Pozuntulara görə sərt cəzalar tətbiq edilməlidir ki, gələcəkdə bu sahədə fəaliyyət göstərən digər sahibkarlar üçün də nümunə olsun”.
Günay İlqarqızı
Şərhlər