Səhiyyə Nazirliyinin İnformatika və Statistika İdarəsinin külli miqdarda mənimsəmədə təqsirləndirilən sabiq rəisi Mehdi Əmrahovun cinayət işi üzrə məhkəməsi başlayıb.
Qaynarinfo-nun Oxu.Az-a istinadən məlumatına görə, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Neymət Məmmədovun sədrliyi ilə keçirilən proses şahid ifadələri ilə işini davam etdirib.
Səhiyyə Nazirliyinin sabiq idarə rəisi yarım milyonluq mənimsəmədə ittiham olunur
Şahid qismində ifadə verən Sahib Qarayev bildirib ki, Mehdi Əmrahovu bir dəfə görüb və Mehdi ilə Arif Şıxəliyev onları tanış ediblər.
Məhkəmədə məlum olub ki, Sahib Qarayev Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində əvvəlcə təqsirləndirilən şəxs qismində cəlb edilib. Amma istintaq dövründə o, ziyanı ödəyib, əlavə olaraq vurduğu ziyanın 25 faizini ödədiyi üçün barəsində olan cinayət təqibinə xitam verilib, iş üzrə şahid qismində tanınıb.
Şahid deyib ki, səhiyyə sahəsindəki 16 müəssisə tenderdə iştirak edib. Onun sözlərinə görə, şirkətinin hesabına pul köçüb, şirkətin rəhbəri Yaşar Əmənov pulu nağdlaşdıraraq ona verib: "Mən də həmin vəsaiti Arif Şıxəliyevə vermişəm. Onun pulu kimə çatdırdığını bilməmişəm. Hər götürülən məbləğin 1-3 faizi mənə çatıb".
Daha sonra Sahib Qarayevin ibtidai istintaq zamanı verdiyi ifadəsindən bir hissə elan olunub. Həmin ifadədən məlum olub ki, dövlət büdcəsindən ayrılan vəsaitlərdən 2023-2025-ci illərdə 85 min 131 manat Yaşar Əmənova, 10 min 718 manat Arif Şıxəliyevə, 16 min 991 manat xidmət haqqı kimi özünə, qalan 514 min 476 manat Mehdi Əmrahova çatıb.
Şahid ifadəsinin həmin hissəsini təsdiqləyib və özü ifadə verdiyini bildirib.
Daha sonra şahid qismində Arif Şıxəliyev ifadə verib. O bildirib ki, dostu Əlimusa Musayev vasitəsilə Mehdi Şıxəliyevi tanıyıb. Onun sözlərinə görə, onun tərəfindən dövlətə dəymiş ziyanı ödəyib:
"Dostum Əlimusa mənə zəng etdi və bildirdi ki, müəssisəyə yeni baş mühasib təyin olunub, bu işi bilmir. Mən də kömək etmək üçün bir qadın göndərdim. Onunla razılaşmadı, sonra başqa bir nəfər də göndərdim. İki-üç ay sonra Əlimusa mənə zəng etdi və dedi ki, tenderin təşkilini həyata keçirək, pulu əvvəlcə köçürək, sonra nağdlaşdıraq. Mən bu işi gördüm. Sahib adlı şəxsi göndərdim. Yaşar Şıxəliyev və Sahib Qarayev hesabdan pulu çıxarıblar. Mənə çatan pulları Əlimusa Musayevə çatdırmışam. O da pulu Mehdi Əmrahova çatdırıb. Burada söhbət 2023-cü ildə olan tenderlərdə alınan pullardan gedir. 2024-cü ildə olan tenderlərdən gələn pulu Mehdi Əmrahova özüm çatdırmışam".
Bu zaman pulların şahid tərəfindən Mehdi Əmrahova çatdırılması ilə bağlı fikirlərlə bağlı Mehdi Əmrahova sual verilib. Mehdi Əmrahov bu məsələyə münasibət bildirmək istəmədiyini deyib.
Prosesdə sorğu-sual zamanı məlum olub ki, Arif Şıxəliyev də dövlətə vurduğu ziyanı ödədiyi, həmçinin dəymiş ziyanın 50 faizi məbləğində dövlət büdcəsinə ödəniş etdiyi üçün onun barəsində bəraətverici əsaslar olmadan xitam verilib.
Şahid qismində dindirilən Yaşar Əmənov bildirib ki, iş üzrə təqsirləndirilən Mehdi Əmrahovu bir dəfə Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə İdarəsində görüb:
"Sahiblə tanışlığımız var idi, mənə dedi ki, müsabiqə olacaq, iştirak edərsən. Mən də iştirak etdim, qalib gəldik. Sonra mənə dedilər ki, iş ucuz olacaq, materialları biz alacağıq, ona görə də pul nağdlaşdırılsın. Mən pulu nağdlaşdırdım, özümə çatan hissəni götürdüm, qalanını Samirə verdim. Mehdi Əmrahovu bir dəfə idarədə görmüşəm".
Yaşar Əmənov bildirib ki, ittihamda adı çəkilən 16 MMC onun iştirakı ilə açılıb, hər əməliyyata görə özünə düşən məbləğdən 500-600 manat MMC kimin adına olubsa, ona ödənilib".
Onu da qeyd edək ki, Yaşar Əmənov da ibtidai istintaq zamanı tərəfindən dəymiş ziyan ödənildiyi üçün onun barəsində də cinayət işinə bəraətverici əsaslar olmadan xitam verilib.
Növbəti proses oktyabrın 19-na təyin edilib.
Qeyd edək ki, Səhiyyə Nazirliyinin İnformatika və Statistika İdarəsinin sabiq rəisi Mehdi Əmrahovla bağlı Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə İdarəsində cinayət işi açılıb.
O, nazirliyin 600 min manatdan çox vəsaitini mənimsəməkdə ittiham olunur.
Ona qarşı Cinayət Məcəlləsinin 179.4-cü (mənimsəmə və ya israf etmə, xüsusilə külli miqdarda ziyan vurmaqla törədildikdə), 308.2-ci (ağır nəticələrə səbəb olmaqla vəzifə səlahiyyətlərindən sui-istifadə etmə) və 313-cü (vəzifə saxtakarlığı) maddələri ilə ittiham irəli sürülüb.
Mehdi Əmrahov istintaqın gedişində ziyanın bir qismini ödəyib.
İstintaq dövründə yaşı və səhhəti nəzərə alınmaqla onun barəsində polis nəzarəti altına vermə qətimkan tədbiri seçilib.
Şərhlər