Oktyabrın 4-də Kopenhagendən Polşanın Vrotslav şəhərinə uçan SAS aviaşirkətinə məxsus təyyarənin pilotu enişdən bir qədər əvvəl hava limanını dəyişmək qərarına gəlib. Nəticədə sərnişinlər Vrotslav əvəzinə Poznan şəhərinə aparılıb.
Qaynarinfo xəbər verir ki, bu barədə “Gazeta Wrocławska” məlumat yayıb.
Məlumata görə, SK763 saylı reys səhər saat 10-da Vrotslav hava limanına enməli idi. Lakin bölgədəki sıx duman səbəbindən kapitan enişi riskə atmayaraq təyyarəni Poznan hava limanına yönləndirib.
Vrotslav hava limanının sözçüsü Bartoş Vişnevski bildirib ki, həmin gün digər təyyarələr hava limanına uğurla enib. Onun sözlərinə görə, hava limanında mürəkkəb hava şəraitində enişə imkan verən ILS sistemi normal işləyib.
“Bütün təyyarələr Vrotslavda enir. Başqa hava limanına yönləndirilən yeganə reys Kopenhagendən gələn təyyarə olub”, - sözçü deyib.
Təyyarənin Poznana enməsindən sonra sərnişinlərin Vrotslava çatdırılmasını aviaşirkət təşkil edib. Onlar Poznandan Vrotslava avtobusla aparılıb.
Pilotun qərarı digər reysə də təsir edib. Vrotslavdan Kopenhagenə sərnişin daşımalı olan saat 10:35-dəki SK764 saylı reys ləğv edilib.
Meteoroloqlar isə Vrotslav və Aşağı Sileziya bölgəsində dumanlı havanın davam edə biləcəyi barədə xəbərdarlıq ediblər. Buna görə də qarşıdakı günlərdə bəzi reyslərin istiqamətinin dəyişdirilməsi və ya gecikdirilməsi istisna edilmir.
Aydın
Şərhlər