İnternetdə asteroidin 2027-ci ildə Yer üzündə həyatı məhv edəcəyinə dair guya 96 faizlik ehtimal barədə məlumatlar yenidən yayılır. Bu məlumatı təsdiqləmək üçün sosial şəbəkə istifadəçiləri NASA sənədlərindən görüntülər paylaşırlar. Lakin bu materiallar kontekstdən çıxarılıb: söhbət real təhlükədən deyil, təlim ssenarisindən gedir.
Qaynarinfo xəbər verir ki, "IFLScience”ın yazdığına görə, bu iddiaların yer aldığı video təxminən 4,2 milyon baxış toplayıb. Videoda Beynəlxalq Asteroid Xəbərdarlığı Şəbəkəsinin guya 2017 PDC asteroidinin 21 iyul 2027-ci ildə Yerlə toqquşmaq istiqamətində hərəkət etdiyini təsdiqlədiyi və zərbə ehtimalının 96 faiz olduğu bildirilirdi.
Lakin belə paylaşımların müəlliflərinin istifadə etdiyi NASA sənədi həqiqətən mövcuddur. Problem ondadır ki, sənəddən əsas hissə çıxarılıb. Həmin hissədə açıq şəkildə qeyd olunur ki, söhbət real hadisədən deyil, asteroid təhlükəsinə cavab tədbirləri üzrə hipotetik təlimdən gedir.
Əslində nə modelləşdirilirdi?
NASA mütəmadi olaraq bu cür təlimlər keçirir. Bu zaman komandalara uydurma asteroidlə bağlı ssenari təqdim olunur və onlardan cavab planı hazırlamaq tələb edilir. Bu plan göy cisminin trayektoriyasını dəyişdirmək cəhdini və ya qurbanların sayını azaltmaq üçün, o cümlədən insanların təxliyəsi kimi tədbirləri əhatə edə bilər.
2017 PDC ssenarisində uydurma asteroidin 29 aprel 2027-ci ildə Yerlə toqquşa biləcəyi nəzərdə tutulurdu. Mümkün düşmə zonası Havay adalarından ABŞ-ın kontinental hissəsi üzərindən Afrikaya qədər uzanırdı.
Təlim zamanı asteroidin kinetik zərbə qurğularından istifadə etməklə trayektoriyasından yayındırılması cəhdi də modelləşdirilib. Ssenarinin son mərhələsində iştirakçılar 29 aprel 2027-ci ildə Nyu-Yorkla demək olar ki, qaçılmaz toqquşmanı simulyasiya ediblər. Toqquşmanın enerjisinin 5-20 meqaton arasında olacağı nəzərdə tutulurdu.
Bununla belə, bütün ssenari uydurma idi.
Məlumat niyə yenidən yayılıb?
Bu cür iddialar artıq bir neçə ildir internetdə dolaşır, 2026-cı ildə isə yenidən sosial şəbəkələrdə geniş yayılmağa başlayıb. Buna səbəb istifadəçilərin NASA-nın köhnə materiallarını kontekstdən kənar təqdim etməsi və bununla da ABŞ-ın kosmik agentliyinin real asteroid zərbəsi barədə xəbərdarlıq etdiyi təəssüratı yaratmasıdır.
NASA və digər astronomlar potensial təhlükəli asteroidləri daim izləyirlər. Bununla yanaşı, materialda qeyd olunur ki, NASA məlum böyük asteroidlərin ən azı növbəti 100 il ərzində Yerlə toqquşması ehtimalını istisna edib.
Beləliklə, yayılan paylaşımlardakı 96 faizlik rəqəm real fəlakət proqnozuna deyil, NASA-nın modelləşdirdiyi təlim ssenarisinin mərhələlərindən birinə aiddir.
Aydın
Şərhlər