XƏBƏR LENTİ

Şərhlər

Xəbər lenti

Hər gün bir ovuc pikan qozu: Ürək və beyin üçün faydaları
Sağlamlıq23:44 05.10.2026

Hər gün bir ovuc pikan qozu: Ürək və beyin üçün faydaları

Son illərdə Azərbaycanda da istifadə olunmağa başlayan pikan qozu zəngin dadı ilə yanaşı, tərkibindəki faydalı maddələrlə diqqət çəkir. Mütəxəssislər bu çərəzin ölçülü şəkildə gündəlik qidalanmaya əlavə edilməsinin sağlamlığa fayda verə biləcəyini bildirirlər.

Qaynarinfo “Haberler”ə istinadən xəbər verir ki, pikan qozunun əsas üstünlüklərindən biri ürək-damar sisteminə müsbət təsir göstərməsidir. Araşdırmalara görə, gündə 30-60 qram pikan qozu qəbul etmək qanda “pis” xolesterin kimi tanınan LDL-nin səviyyəsinin azalmasına kömək edə bilər.

Belə ki, pikan qozunun tərkibindəki beta-sitosterol və E vitamininin bir forması olan qamma-tokoferolun rol oynadığı bildirilir. Beta-sitosterol xolesterinin bağırsaqlardan sorulmasını azaltmağa, qamma-tokoferol isə damar sağlamlığının qorunmasına kömək edir.

Pikan qozu həmçinin liflə zəngindir. Təxminən 30 qramlıq porsiyada 2,3 qram lif olduğu qeyd edilir. Lif həzmi dəstəkləyir, toxluq hissinin daha uzun müddət davam etməsinə və qəbizliyin qarşısının alınmasına kömək edə bilər.

Çərəzin tərkibindəki polifenollar da bağırsaq sağlamlığı baxımından əhəmiyyətlidir. Bu antioksidant maddələr bağırsaqdakı faydalı bakteriyalar tərəfindən parçalanaraq orqanizmdə iltihabın azalmasına və bağırsaq divarının qorunmasına kömək edən maddələrin yaranmasında iştirak edir.

Pikan qozunun beyin sağlamlığı üçün də faydalı olduğu bildirilir. Tərkibindəki E vitamini və faydalı yağlar beyin və damar sağlamlığını dəstəkləyə, yaddaş və diqqət kimi funksiyalara müsbət təsir göstərə bilər. Araşdırmalarda müntəzəm çərəz istehlakının demensiya riskinin azalması ilə əlaqəsi də qeyd olunur.

Bundan başqa, pikan qozu yüksək antioksidant tərkibinə malik çərəzlərdən biri hesab olunur. Tərkibindəki flavonoidlər və proantosiyanidinlər hüceyrələri oksidləşdirici stresin yaratdığı zədələnmədən qorumağa kömək edə bilər.

Lakin mütəxəssislər pikan qozunun yüksək kalorili olduğunu da nəzərə almağı tövsiyə edirlər. Təxminən 30 qram, yəni 14 ədəd pikan qozu 212 kalori ehtiva edir. Bu səbəbdən porsiyaya nəzarət etmək vacibdir.

Çərəzlərə allergiyası olan şəxslər isə pikan qozundan istifadə edərkən xüsusilə diqqətli olmalıdırlar. Mütəxəssislər onun qovrulmamış, çiy halda istehlak edilməsini də tövsiyə edirlər.

Pikan qozunu alma və armud dilimləri ilə, yoqurt və salatlarla birlikdə, həmçinin smuzilərə əlavə etməklə istehlak etmək mümkündür.

Günay