Sentyabrın 27-də Azərbaycanın ilk və tək inklüziv ƏSA Teatrı Nizami Kino Mərkəzində "Sirri Ənəlhəqq” anterprizasını təqdim edib.
Bu barədə Qaynarinfo-ya teatrın baş meneceri Nicat Qulam məlumat verib.
Onun sözlərinə görə, bir neçə ay ərzində hazırlanan anterprizada Nəsimi fəlsəfəsinə yeni və maraqlı baxış ortaya qoyulub: "Anterprizada böyük mütəfəkkirin doğuluşu, biliklərini zənginləşdirmə yolu ilə kamilləşməsi, öz ideologiyasının kütləvi təbliği modern üslubda təqdim olunur. Anterprizanın ən cazibədar tərəfi isə bədii plastikadan istifadə olunmaqla, modern rəqslərin sayəsində Nəsiminin dühası auditoriyaya çatdırılmasındadır”.
ƏSA Teatrının Əmək və Əhalinin Sosial Müdafiəsi nazirliyi ilə əməkdaşlığı çərçivəsində baş tutan "Sirri Ənəlhəqq” anterprizası 2019-cu ildə ölkəmizdə qeyd olunan "Nəsimi” ili münasibəti ilə hazırlanıb. Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva, ƏƏSM naziri Sahil Babayev, Heydər Əliyev Mərkəzinin direktoru Anar Ələkbərov, Diasporla İş üzrə Dövlət Komitəsinin sədri Fuad Muradov, UNİCEF-in Azərbaycandakı nümayəndəliyinin rəhbəri Edvard Karvardin, millət vəkilləri, mədəniyyət və ictimaiyyət nümayəndələri anterprizaya maraqla tamaşa ediblər.
Qeyd edək ki, bu günədək Nəsimi haqqında, onun yaradıcılığı və fəlsəfəsi haqqında standartlaşmış klassik düşüncə formalaşıb. ƏSA Teatrı isə öz anterprizasında bütün çərçivələri dağıdaraq, Nəsimi dühasının böyüklüyünü, dünyəviliyini və bəşəri missiyasını modern trendlərlə təqdim etməklə, Nəsimi haqqında yeni fikirlər formalaşdırır və tamaşaçını həm düşünməyə, həm də zövq almağa dəvət edir. "Sirri Ənəlhəqq” anterprizası "Nəsimi” ilində böyük Azərbaycan dahisinə inklüziv ƏSA Teatrının töhfəsidir. Anterprizanın quruluşçu rejissoru Nihad Qulamzadə, bəstəkarı Vüqar Camalzadə, xoreoqrafı Pərviz Məmmədrzayev, quruluşçu rəssamı Vüsal Rəhim, geyim üzrə rəssam Nübar Hüseynova, qəzəl kompozisiyası Mehdi Cənnəti Fərd, redaktoru Elxan Xanəlizadə, multimedia meneceri Famil Mahmudbəylidir. Rollarda Elşən Əskərov, Səmayə Ağayarova, Rafael Şahbəyli, Mehdi Cənnəti Fərd, İmran Lalayev, Elsevər Rəhimov, Aysel Fəziyeva, Elvin Mirzəyev, Pegah Dafe, Rəhimə Abdinova, Royal Allahverdiyev, Orxan Əliyev, Riad Sultanov, Nigar İsa, Cəmilə Məmədli və Aysel Əliyevadır.
Plastik üslubda təqdim edilən antrepriza İmadəddin Nəsiminin həyat və yaradıcılığından bəhs edir. Başlanğıcda qanunla ifa edilən musiqidəki hər bir not Nəsiminin ideologiyasının və onun fəlsəfi fikirlərinin musiqiyə köçürülmüş təcəssümüdür. Daha sonra Nəsiminin ustadla qarşılaşaraq doğru yola istiqamətlənməsi, bu yolda həqiqəti dərk etməsi və dərk etdiyi həqiqəti insanlığa çatdırması, onun mübarizəsi, sonda isə zülmə boyun əymədən haqdan dönməməsi və ruhunun əbədi dünyada nura qovuşmağı böyük məharətlə təqdim olunub.
Şərhlər