Mahir Emreli: “Ekstraklasanın bombardiri olsam…”

Mahir Emreli: “Ekstraklasanın bombardiri olsam…”

"Qarabağ" Polşa çempionatında da yüksək yerlər üçün mübarizə aparar. Komandanın bir il əvvəl "Legiya” ilə oyununu yadınıza salın. Cütün taleyi bir görüşdə həll olunduğu üçün Azərbaycan çempionu çətin vəziyyətdə idi. Çünki qarşılaşma Polşada keçirilirdi".

Qaynarinfo xəbər verir ki, bu fikirləri Polşanın "Legiya" klubunda çıxış edən Azərbaycan millisinin futbolçusu Mahir Emreli yerli mətbuata müsahibəsində deyib.

24 yaşlı hücumçu bir il əvvəl baş tutmuş Avropa Liqasının pley-off mərhələsinin matçını xatırlayıb: 

"Həmin görüşdə "Qarabağ"ın xüsusi planı var idi və bunu həyata keçirə bildik. "Legiya"nın daha açıq futbol oynaması üçün hesabı erkən açmağı planlaşdırırdıq. Nəticədə 3:0 hesablı qələbə qazandıq. "Qarabağ"ın avrokuboklarda Polşa klubunu mübarizədən kənarlaşdırması ilk dəfə deyildi. Bir neçə il əvvəl "Pyast”a, hətta daha öncə "Visla"ya qarşı da eyni hal yaşanıb".

Emreli Azərbaycanda Polşa çempionatının qiymətləndirilməməsinə də münasibət bildirib:

"Liqa qiymətləndirilməyə bilər, amma ölkə çempionunu qiymətləndirmək lazımdır. Bəzi ölkələrdə vəziyyət Azərbaycandakı kimidir. Bolqarıstanda çempionat Polşadakından zəifdir, amma "Ludoqorets" güclü komandadır. Ardıcıl 6-cı dəfə avrokubokların qrupuna yüksəlib. Avstriyada da çempion digərlərinə nisbətən böyük üstünlüyə malikdir. Ölkə çempionunun daha yaxşı olması liqanın yüksək səviyyədə olduğu anlamına gəlmir".

Forvard Polşa Ekstraklasasına Azərbaycan Premyer Liqasından daha çox baxıldığını söyləyib: 

"Polşada çempionat çox təkmilləşib. Transfer dönəmində bir neçə oyunçu yaxşı liqalara keçir. Bu səbəbdən, Azərbaycan çempionatına nəzərən daha yüksək nüfuza malikdir. Daha çox potensial alıcıların maraqlandığı yerdir. "Legiya"ya keçməyimin ilk səbəbi də məhz budur. Hamımızın gerçəkləşdirmək istədiyi xəyalları var, amma əvvəlcə prosesi başlamaq üçün addım atmalısınız. Mən də Polşa klubu ilə daha yüksək səviyyəyə çatmaq üçün müqavilə bağladım. Sevdiklərimlə, hətta "Qarabağ"ın baş məşqçisi ilə birlikdə başqa variantları təhlil etdim ki, bundan sonra hara getməliyəm? Qərara gəldik ki, "Legiya"nın qurduğu sxem bizə ən uyğunudur. Komanda hər oyunda dominantlıq edir, çoxlu vəziyyətlər yaradır. Bu da hücumçu üçün çox vacibdir".

Emreli yay transfer dönəmində bir neçə klubdan təklif aldığını sözlərinə əlavə edib: 

"Belçika, Avstriya, Portuqaliya və Macarıstan klublarından mənə ciddi maraq olub. Macarıstanda çempionatın Polşadakından yaxşı olub-olmadığını bilmirəm. Belçika, Avstriya və Portuqaliya liqaları daha yüksək səviyyədə ola bilər. Amma mənimlə maraqlanan komandalar "Legiya"dan güclü deyildi. Burada çempionluğu xəyal edirəm. Ekstraklasanın bombardiri olsam və ya ən yaxşı futbolçusu seçilsəm, komandamız isə titul qazana bilməsə, fərdi mükafatlar haqda nə demək olar? Yekunda hamımız məğlub olacağıq. Çempionatın qızıl medallarına sahib olmağı arzulayıram, nəinki fərdi nailiyyətlərə görə heykəlciklər. Bəlkə də bombardirlik daha yaxşı kluba keçidimə kömək ola bilər. Amma ən çox komandamın kuboklar qazanmasına və matçlarda qalib gəlməsinə kömək etmək üçün buradayam. "Legiya” mənə bir şans verib, onu qaytarmalıyam. Öz ambisiyalarımı komandanın istəyindən üstün tutmayacağam".

O, Avropa Liqasının qrup mərhələsindəki rəqibləri haqqında da danışıb:

"Qrupdakı komandalara nəzər yetirəndə düşündüm ki, Çempionlar Liqasının təsnifat mərhələsini keçmişik. Çünki rəqiblər çox güclüdür. Çempionlar Liqasında da belə bir qrupun olması mümkün idi. Hər futbolçu üçün güclü rəqiblərlə çıxış etmək məqsədlərdən biridir. Çox çətin rəqiblərimiz var, bunun sayəsində belə görüşlərdə təcrübə toplayaraq inkişaf edə bilərik. Uşaq olanda məşqçim mənə deyirdi ki, oyun varsa, bu, böyük bayramdır. Avropa Liqasının qrup mərhələsindəki çıxışlara münasibətim belədir - dəvətnaməni özümüzün qazandığı əla şənlik olacaq".
 
Mənbə: Report.az
XƏBƏRLƏR
BLOGLAR
X