Xəbər lenti

Məcburi köçkünlərin məskunlaşdığı poliklinikada yanğın
Ölkə 18:38 26.01.2020

Məcburi köçkünlərin məskunlaşdığı poliklinikada yanğın

Bu gün saat 11 radələrində Bakı şəhəri Sabunçu rayonu Bakıxanov qəsəbəsi Fətəliyev 78 ünvanında yerləşən köhnə poliklinika binasının ikinci mərtəbəsində yanğın baş verib.

Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin mətbuat xidmətindən Qaynarinfo-ya verilən məlumata görə, yanğın Fövqəladə Hallar Nazirliyinin yanğından mühafizə bölmələri tərəfindən dərhal söndürülüb.

Yanğın baş verdikdən dərhal sonra Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi sədrinin köməkçisi, miqrasiya, məşğulluq, status və sosial təminat şöbəsinin müdiri  və komitənin yerli nümayəndəliyi və Dövlət Komitəsi tərəfindən yaradılmış komissiya hadisə yerinə gedib, siyahıyaalınma aparılıb, dəymiş zərər araşdırılıb.

Qeyd edilən ünvanda, əsasən Cəbrayıl rayonundan 40 məcburi köçkün ailəsi müvəqqəti məskunlaşıb. Hadisə nəticəsində üç mətbəx, yanğının söndürülməsi zamanı isə dəhlizin tavanına ziyan dəyib. Mətbəxinə ziyan dəymiş üç ailə ilə aparılan söhbət nəticəsində onlara kirayə mənzildə yerləşmək təklif olunub. İki ailə təklifi qəbul edib: "Təəssüflə qeyd edirik ki, məcburi köçkünlərlə komitənin əməkdaşlarının apardığı söhbətdən sonra özünü "Azad söz" adlı sosial şəbəkə üzərindən fəaliyyət göstərən media təmsilçisi kimi təqdim edən Fatimə Mövlamlı və Əvəz adlı şəxslər hadisə yerinə gələrək məcburi köçkünləri hüquqa uyğun olmayan hərəkətlər etməyə, yolu bağlamağa və aksiya keçirməyə çağırıb. Dövlət Komitəsi KİV nümayəndələrinin bu cür qeyri-obyektiv hərəkətlərini qınayır və onları diqqətli olmağa çağırır”.

Qeyd edilib ki, yanğın nəticəsində dəymiş ziyan aradan qaldırılana kimi iki ailə Dövlət Komitəsi tərəfindən kirayə mənzillərə yerləşdiriləcək.

Hazırda FHN-in mütəxəssisləri tərəfindən yanğının başvermə səbəbləri araşdırılır. Araşdırmadan sonra yekun rəy veriləcək. Rəy əsasında müvafiq hüquqi addımlar atılacaq.

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->