Xəbər lenti

Siyasət 17:08 14.09.2022

"... Məğrur olmaq, bərabər olmaq, dəyanətli olmaq zamanıdır!"- Ceyhun Osmanlı

Politoloq Ceyhun Osmanlı son günlər Ermənistanın Azərbaycana qarşı növbəti hərbi təxribatı nəticəsində baş verənlərə münasibət bildirib.

Qaynarinfo Ceyhun bəyin fikirlərini oxucularına təqdim edir:

"Vaxtilə Türkiyə Cümhuriyyətinin İstiklal Marşının (Dövlət himninin) müəllifi Mehmet Akif Ersoy deyirdi ki, "Allah bir daha bu millətə İstiklal Marşı yazdırmasın!". 100 ildən çoxdur ki, Türkiyə Cümhuriyyətinin bütövlüyü ilə barışmayanlar daimi olaraq terror törədir, Türkiyəmiz şəhidlər verir, lakin dik dayanır və Türkiyə düşmənlərinin başını əzir!

Ermənistan dövlətinin ordusu da  (hansısa başı pozuq silahlı dəstə yox) cəbhə boyu Azərbaycanın suveren sərhədlərini təhdid əlaməti olaraq hücuma keçib.

Niyə indi? Cavab çox sadədir!

İstər 10 Noyabr bəyanatı, istərsə də Brüssel görüşü nəticələri tələb edir ki, gec-tez Ermənistan Azərbaycanla sülh müqaviləsi imzalamalı və Azərbaycanın ərazi bütövlüyünü tanımalıdır! 

Hal-hazırda Ermənistan dalana dirənib. Qarşıdan Səmərqənd görüşünün də gəldiyini nəzərə alaraq Ermənistan anlayır ki, hər keçən gün onların əleyhinə işləyir və bütün regional və beynəlxalq səviyyələrdə verdikləri vədlər üçün gün dolub. Ermənistan üçün həm Azərbaycanın ərazi bütövlüyünün tanınmasına imza atmaq, həm də Zəngəzur koridorunu açmaq vaxtı artıq yetişmişdir. Xüsusilə bu aqqressiyadan sonra əgər Ermənistan yenə də Zəngəzur koridorunu açmazsa, o zaman Azərbaycanın Laçın koridorunu onların üzünə bağlaması təbii haqqıdır.
Bu xain hücum və cəbhə boyu qısa müddətdə topladıqları silahlar onun göstəricisidir ki, onlar Azərbaycana ərazi iddiasından geri çəkilməyib, əks təqdirdə sülh müqaviləsi ərəfəsində belə addım atmazdılar!

Azərbaycan ordusu və Ali Baş Komandan nə edir? 

Haqlı olaraq hücumlara layiqli cavab verir və bunu edərkən elə edir ki, gələcəkdə Azərbaycanın bir qarış torpağı belə sual, müzakirə və təhdid predmeti olmasın! Azərbaycan ordusu haqlı olaraq düşmənin güvəndiyi canlı və maddi-texniki resursları yüksək peşəkarlıqla məhv edir!

Əziz dostlar!

Bu təhdid qarşısında məğrur olmaq, bərabər olmaq, dəyanətli olmaq zamanıdır! 

Allah bir daha Azərbaycana dövlət himni yazıdırmaması diləyi ilə, şəhidlərimizə rəhmət, ordumuza güc-qüvvət, yaralılarımıza isə şəfa diləyirəm.

Yaşasın müstəqil Azərbaycan".

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->