Ötən il qərarların icrasına maneçilik törədən, icra məmurlarının qanuni tələblərini yerinə yetirməyən 4.712 şəxs inzibati məsuliyyətə cəlb edilib, o cümlədən 2.808 nəfər inzibati qaydada həbs olunub, məhkəmə qərarlarının icrasından qərəzli yayınan 493 şəxs barəsində isə cinayət işi başlanılıb.
Qaynarinfo xəbər verir ki, bu barədə Ədliyyə Nazirliyində yerli icra və probasiya qurumlarının rəhbərlərinin iştirakı ilə 2019-cu ildə icra və probasiya xidmətləri tərəfindən məhkəmə və digər orqanların qərarlarının icrası və probasiya nəzarəti sahəsində görülmüş işlərin və qarşıda duran vəzifələrin müzakirəsinə həsr olunmuş geniş müşavirədə bildirilib.
Qeyd olunub ki, Ədliyyə Nazirliyinin vacib funksiyalarından olan məhkəmə qərarlarının icrası sahəsində ötən il ərzində də böyük iş həcmi olub. Belə ki, 2019-cu ildə icra qurumlarına daxil olan icra işlərinin sayı 861 mini ötüb, onlardan 485 mindən çoxunun icrası təmin edilib, fiziki və hüquqi şəxslərə əvvəlki illə müqayisədə 50 %-dən çox – 1.74 milyard manata yaxın vəsait ödətdirilib ki, bunun da 143 milyon manatdan çoxu aliment işləri üzrə ödəmələrdir. Qalan işlərin icrası üzrə tədbirlər davam etdirilir.
Şərhlər