Sentyabrın 22-də Bakının Suraxanı rayonunun Bülbülə qəsəbəsindəki Gülarə Əliyeva adına 3 nömrəli Uşaq İncəsənət Məktəbinin yeni binası istifadəyə verilib.
Qaynarinfo xəbər verir ki, Azərbaycan Respublikasının Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyeva tədbirdə iştirak edib.
Mehriban Əliyevaya məlumat verilib ki, məktəb 1935-ci ildə musiqi cəmiyyətinin nəzdində yaradılıb, 1940-cı ildən 5 nömrəli Uşaq Musiqi Məktəbi kimi, 1988-ci ildən isə 3 nömrəli Uşaq İncəsənət Məktəbi kimi fəaliyyət göstərməyə başlayıb.
Bildirilib ki, məktəbin ikimərtəbəli binası qəzalı vəziyyətdə olduğundan Heydər Əliyev Fondu tərəfindən yeni bina inşa edilib. Yeni bina 3 mərtəbədən, 25 sinif otağından, rəqs, rəsm otaqlarından, akt zalından, kitabxana, müəllimlər otağı və yeməkxanadan ibarətdir. Məktəbdə hazırda 17 ixtisas üzrə 493 şagird təhsil alır. Bu ixtisaslar üzrə 110 müəllim fəaliyyət göstərir. Uşaq İncəsənət Məktəbində rəqs və rəsm dərsləri qrup şəklində, digər ixtisaslar fərdi tədris olunur.
İndiyədək məktəbin 35-dən çox şagirdi beynəlxalq müsabiqələr üzrə laureat adına layiq görülüb, 70-ə yaxın şagird isə respublika müsabiqələrində yüksək yerlər tutub. Gülarə Əliyeva adına 3 nömrəli Uşaq İncəsənət Məktəbinin bir sıra tanınmış məzunları da var.
Qeyd edək ki, bu gün Azərbaycanda təhsil və mədəniyyətin inkişafı istiqamətində mühüm addımlar atılır, elm və mədəniyyət xadimlərinə xüsusi diqqət göstərilir. Heydər Əliyev Fondu bu işə önəmli töhfələr verir. Ölkəmizə tanınmış incəsənət xadimləri bəxş etmiş Gülarə Əliyeva adına 3 nömrəli Uşaq İncəsənət Məktəbi üçün ən müasir standartlara cavab verən yeni binanın inşası da Fondun bu sahəyə göstərdiyi diqqət və qayğının bariz nümunəsidir.
Mehriban Əliyeva bu gün hmçinin Bakının Xəzər rayonunun Şağan qəsəbəsində yerləşən 212 saylı uşaq bağçasının yeni binasının açılışında iştirak edib.
Birinci vitse-prezidentə yeni tikilən bina barədə məlumat verilib. Bildirilib ki, 212 saylı uşaq bağçasının yerləşdiyi bina 1940-cı ildən fəaliyyət göstərib. 2019-cu ilin sonlarından 2020-ci ilin avqustunadək Heydər Əliyev Fondu tərəfindən ərazidə uşaq bağçası üçün yeni binanın inşası həyata keçirilib.
Qeyd olunub ki, iki mərtəbədən ibarət bağça 100 yerlikdir, burada 4 qrup fəaliyyət göstərir. Bağçada körpələr, orta, böyük və məktəbə hazırlıq qrupları üçün yataq otaqları, uşaqların asudə vaxtlarını keçirmələri üçün oyun otaqları, bufet, yemək otağı var.
Bağçada akt və idman zalları, uşaqların istirahəti və əyləncəsi üçün yaşıl terras, futbol, basketbol sahəsi, balacaların fiziki hazırlığı üçün skaladrom sahəsi, təbiət ilə ünsiyyət üçün əkin sahəsi, uşaqların inkişafının təmin olunması üçün yaradıcılıq otağı da mövcuddur. Binada, həmçinin müəllimlər üçün iş və metodiki otaqlar da yaradılıb.
Qeyd edək ki, Azərbaycanda bütün sahələrdə olduğu kimi, uşaqların sosial müdafiəsinin gücləndirilməsinə, onların sağlam və xoşbəxt böyümələrinə diqqət və qayğı göstərilir. Ölkəmizdə müasir körpələr evi-uşaq bağçalarının istifadəyə verilməsi bunun əyani təsdiqidir. Yeni uşaq tərbiyə müəssisələrinin inşasına, eləcə də mövcud olanların ən müasir tələblər səviyyəsində yenidən qurulmasına Heydər Əliyev Fondu xüsusi töhfələr verir. Heydər Əliyev Fondunun "Məktəbəqədər təhsil müəssisələrinin inkişafı” proqramı bir daha sübut edir ki, uşaqların təlim-tərbiyəsi Fondun fəaliyyətinin əsas istiqamətlərindən birini təşkil edir.
Şərhlər