Uşaq olanda gəlinciklərim vardı. O qədər sevərdim ki... Qardaşımla “aramız dəyən” kimi, saçlarını sevə-sevə darayıb bəzək vurduğum gəlinciklərimi aparıb evimizin yanındakı bıtraqlığa atardı. Gedib gətirər, saçlarına yapışan bıtraqları təmizləyə-təmizləyə o qədər ağlayardım, bir də baxardım ki, hər bıtraqla bir topa tük çıxarmışam, gəlinciyim keçəl qalıb. Bu dəfə lap hönkürə-hönkürə ağlayardım. Nəticədə yeni gəlincik alıb, səsimi kəsərdilər. İndi yadımıza düşəndə gülürük...
Gələcəyin anası olan körpə qızlar gəlinciklərini belə sevir. Gecələr qucaqlarına alıb yatar, gündüzlər əzizləyərlər.
Doqquz il öncə Ana olanda anladım həyatın dəyərini. Onda anladım o gəlinciklərə olan sevginin ibtida olduğunu. Doqquz il öncə - avqustun 4-ə keçən gecə ölümlə həyat arasında çırpınanda anladım Ana olmaq nədir. Həkimlər anama deyəndə ki, soruşmaq borcumuzdur, ikisindən biri qalacaq, hansını seçirsiniz? Anam da: “Balamı da, balamın balasını da", - deyəndə anladım. Mənsə ürəyimdə: “O qalsın” - deyə dua edirdim... İlk dəfə onda hiss etdim kimdənsə ötrü canından keçməyə hazır olmaq nədir.
İkimiz də qaldıq, varıq.
Ürəyimdə o qədər arzum var ki... Və biri budur ki, dünyaya gətirdiyim övladım ləyaqətli vətəndaş olsun, özü öz ayaqlarının üstündə durmağı bacarsın, nə məni, nə başqasını dinləsin, düzgün bildiklərini etsin. Bir də... bir də ən böyük arzum odur ki, qızımın gözəl ailəsi olsun. Mənim şəxsi arzularım, xəyalımdakı ailə modelim bir başqa olub: istəmişəm cəsarətli, döyüşkən, el arasında deyildiyi kimi, bildiyini dədəsinə verməyən həyat yoldaşım, amalımız, məqsədimiz Vətən uğrunda əlimizdən gələni əlli qaba çəkmək olsun. Qızım isə... qızım O... onun öz arzuları var. Mənim arzularım onunku deyil. Bircə arxayın olum... qəlbim rahat olsun ondan, anam demiş... bir ana üçün bundan gözəl nə var ki... Mən, sadəcə, həyatda ona dəstək ola bilərəm. Öz arzularımı ona sırımaq kimi borcum yoxdur...
Zatən əvvəldən kövrək və həssas idim. Qızım doğulandan sonra; Xocalı faciəsini əks etdirən kadrlara, sosial şəbəkələrdə uşaqlarla bağlı ürəkparçalayan paylaşımlara, şəkillərə, küçə-bayırda dilənən uşaqlara heç dözə bilmirəm, ürəyim şan-şan olur.
Doqquz ildə arxada nələr qaldı, nələr... Nələr yaşadım... Hardan hara gəldim, yaxşı ki, gəldim...
Bu gün mən doqquz yaşlı özünü hamıdan çox sevən, dünyanın ən gözəl və ağıllı qızı hesab edən, yaşından çox irəli düşünnən bir qızın anasıyam. Qız anasıyam!
Doqquz il əvvəl o gecə zərif çiyinlərimə çox ağır, fəqət gözəl bir yük götürdüm, yük atmadım. Qız yükü, duz yükü...
İndi mənə həyat dərsi keçən, qınayan, sorğu-suala tutub gah heyrətləndirən, gah təəccübləndirən, sevindirən, düşündürən... bir qız!
Doğum günün mübarək, qızım!
Qızımla mükalimələrdən- Niyə belə baxırsan, qızım?
- Ana, sonra darıxacam axı.
- Sonra nə vaxt yəni?
- Sən öləndə.
- Mən ölməyəcəm, laaap çox yaşayacam, qızım.
- Ana, sən nə vaxt ölsən, ilan paltarı geyib gəlib girəcəm yanına. (3 yaşında)
***
- Ana, mən özümü başqalarından daha çox sevirəm, sən də?
- Yox, qızım.
- Mən boyda olanda da beləydin?
- Hə, qızım.
- Ana, sən niyə böyümürsən? (7 yaşında)
***
- Ana, mən nə vaxtsa tək qalacam?
- Qızım, tək niyə, nənən, baban, dayın, dostların. Yaxşı qız ol, insanları sev, gör nə qədər bacın-qardaşın olacaq.... Ananın dostları hamısı sənin xalan, dayındır.
- Eh, ana, mən Allahı səni sevdiyimdən də çox sevirəm, ancaq o da anam deyil... Heç kim sən deyilsən... (8 yaşında)
***
- Belə biabırçılıq olmaz, ana!
- Nə oldu yenə?
- Heç utanmırsız e, deyirəm, siz böyüklər? Dünən, 8 May, bilirəm, Şuşanın işğalı, bu gün Qələbə günü, sabah da Gül bayramı. Daha sizə sözüm yoxdur...
***
Gündəliyindən torpaqların işğal tarixlərini əzbərləyir, gündəliyi örtüb dönə-dönə təkrar edir. Sonda gündəliyi qapayıb atır stolun üstünə və öz-özünə möhkəmdən deyir:
- Ayıb, vallah ayıb, ayıb!
***
- Ana...
- Can...
- Bilirsən, səni elə düşünürəm ki...
- Təbiidir, ananam axı.
- Yox e...inciməsən bir söz deyərdim.
- Buyur.
- Ana, mən sənə heç vaxt mane olmayacam, öz həyatını yaşa, qadın kimi yaşa. Onsuz da hərəmizin öz həyatı var, elə deyil? Mən nə qədər xoşbəxt olsam, axı mənəm, sən deyiləm. Sənin haqqın var buna, ana!
- ...
- Ana, mən çox istəyirəm, lap çox istəyirəm ki, sən xoşbəxt olasan. (Və 9 yaş!)

Şərhlər