Yaxın Şərqin ən çox münaqişə yaşanan bölgələrinin ortasında yerləşən İordaniyanın milli aviadaşıyıcısı "Royal Jordanian Airlines" üçün müharibə, sanki, adi bir iş şəraitinə çevrilib. Mütəxəssislər sərnişin təyyarələrinin trayektoriyalarını raketlərin uçuş marşrutlarına uyğunlaşdıraraq təcili yönləndirmə aparırlar.
Qaynarinfo xəbər verir ki, "Bloomberg" nəşrinin məlumatına görə, son iki həftə ərzində İsrail və İran arasında raket zərbələri mübadiləsinə baxmayaraq, "Royal Jordanian" təxminən 20 təyyarədən ibarət parkını istismarda saxlayıb.
"Raketlərin uçuş trayektoriyaları yaxşı məlumdur. Bəzən xəbərdarlıq bir neçə dəqiqə əvvəl, bəzən isə bir neçə saat əvvəl gəlir. Məsələ də məhz belə həll olunur", deyə şirkətin baş direktoru Samir əl-Məcalı bildirib.
İordaniya birbaşa qarşıdurmadan yayınmağa nail olsa da, təxminən 11 milyon nəfərlik əhalisi olan bu ölkə sərhədləri yaxınlığında baş verən silahlı münaqişələrin bütün ağırlığını hiss edir. "Bu vəziyyət aviadaşıyıcını təyyarələr üçün daha təhlükəsiz, lakin daha uzun marşrutlar seçməyə vadar edib. Bu isə uçuş vaxtını bəzən ikiqat artırır və istismar xərclərini yüksəldir", deyə əl-Məcalı qeyd edib.
2023-cü ilin sonlarında sərnişinlər reysləri ləğv etməyə başladıqdan sonra "Royal Jordanian"ın gəlirləri ciddi şəkildə azalıb. Baş direktorun sözlərinə görə, turist səfərlərinin sayı da azalıb, çünki insanlar hava məkanının bağlanması halında ölkədə ilişib qalmaqdan ehtiyat edirlər.
Son həftələrdə İsveçin aviasiya hakimiyyəti bu təyyarələrin münaqişə zonasından gəldiyini əsas gətirərək, onları Stokholmun əsas hava limanında eniş hüququndan məhrum edib.
Bundan əlavə, "Royal Jordanian" GPS siqnallarının saxtalaşdırılması (GPS spoofing) problemi ilə də qarşılaşıb. "Bu müdaxilə nəticəsində saxta peyk siqnalları təyyarənin naviqasiya sistemlərini pozur və nəticədə uçuş haqqında yanlış məlumatlar əldə olunur. Bu isə bir çox bort əməliyyatlarına mənfi təsir göstərir", deyə əl-Məcalı əlavə edib.
Aydın
Şərhlər