ABŞ-ın Milli Aeronavtika və Kosmos İdarəsi (NASA) Yer kürəsinin maqnit sahəsində baş verən qeyri-adi dəyişiklik səbəbilə yüksək hazırlıq vəziyyətinə keçib. Söhbət Cənubi Atlantik maqnit anomaliyasından (CAMA) gedir. NASA alimlərinə görə, bu anomaliya təkcə güclənmir, həm də Şimali Amerikaya doğru irəliləyir.
Qaynarinfo xəbər verir ki, hazırda CAMA əsasən Cənubi Amerika (Braziliya, Paraqvay, Argentina) və Cənub-qərbi Afrika üzərində müşahidə olunur. Lakin alimlər onun Karib hövzəsi, Meksika körfəzi və ABŞ-ın cənub-şərq sahillərinə doğru irəlilədiyini bildirirlər.
Nədir bu maqnit anomaliyası?
Yer kürəsinin maqnit sahəsi, Günəşdən gələn yüksək enerjili hissəciklərə qarşı təbii qalxan rolunu oynayır. Lakin Cənubi Atlantik üzərində bu sahə zəifləyib və nəticədə həmin ərazilərdə fəzada dövr edən süni peyklər, o cümlədən Beynəlxalq Kosmik Stansiya (ISS) üçün radiasiya riski artıb.
NASA-nın Qoddard Kosmik Uçuşlar Mərkəzinin geofiziki Terri Sabakanın sözlərinə görə, "Yer maqnit sahəsi bir neçə axım mənbəyindən gələn sahələrin üst-üstə düşməsi nəticəsində yaranır” və bu sahə sabit deyil — zamanla forması, intensivliyi və mövqeyi dəyişir.
Təhlükə kimə və nəyədir?
NASA bildirir ki, bu anomaliya Yer səthində yaşayan insanlar üçün birbaşa təhlükə yaratmır, lakin orbitdəki texniki avadanlıqlar üçün ciddi problem yarada bilər. Maqnit sahəsinin zəif olduğu bölgədən keçən peyklər daha yüksək radiasiyaya məruz qalır və bu da texniki nasazlıqlar, məlumat itkisi və cihaz zədələnmələri ilə nəticələnə bilər.
Xüsusilə, CAMA-nın qərbə doğru hərəkəti, ABŞ ərazisi üzərində dövr edən peyklərin də risk zonasına daxil olmasına səbəb ola bilər.
Nəticə və tədbirlər
Alimlər bu prosesin təbii və çox yavaş getdiyini qeyd etsələr də, artan süni peyk sayı və texnologiyadan asılılıq fonunda belə anomaliyalar kosmik rabitə və müşahidə sistemləri üçün təhlükəli hesab olunur.
NASA və digər kosmik agentliklər bu cür fenomenləri daimi müşahidə altında saxlayır və riskləri minimuma endirmək üçün avadanlıqların qorunması, ehtiyat rejimləri və sistem yeniləmələri kimi tədbirlər görür.
Aydın
Şərhlər