Kənd məscidinin özünəməxsus dincliyi və hüzuru var. Bu, elə bir hüzurdur ki, heç nə ilə əvəz etmək mümkün deyil. Xüsusən də şər qarışanda - axşam çağlarında insanın bütün kövrək hisləri, xatirələri yada düşəndə ağıla gələn ilk yer kənd məscidi olur. Çünki burada namazdan sonra Allah və səndən başqa heç kim olmur. Hamı gedir, Rəbbinlə baş-başa qalırsan. Başlayırsan rahatlıqla yaradanınla özünlə danışırmış kimi ürəyini açıb hər şeyi bölüşməyə, dərdləşməyə və imdad diləməyə. Hiss edirsən ki, məscidin bağçasından içəri dolub saçlarını və üzünü oxşayan meh, həm də etdiyin duaların müsbət cavabı kimi ruhunu da oxşayır, bütün vücudunda dolaşır. Bayırda isə elə bir möhtəşəm sükut olur ki, sanki bütün aləm sənin dərdinə şərik olmaq üçün qəsdən səssizliyə qərq olub. Yarpaqların aramla tərpənməsi, quşların həzin nəğməsi, analarının əllərindən tutub evlərinə tələsən balacaların son ayaq səsləri isə bu sükuta əlavə gözəllik və heyranlıq qatır. Bir də ayılırsan ki, bir Allah qalıb, bir də sən. Dərdin su olub gözlərindən tökülür, ruhun dincəlir, ümidlərin yenidən çiçək açır. Bax, belə bir rahatlığı, hüzuru və dincliyi var kənd məscidinin. Kənd məscidinin bir özəlliyi də var ki, bura adətən dağılmaq üzrə olan ailələrin, pis vərdişlərə qurşanan gənclərin, ehtiyac içində olan insanların, hətta özüylə baş-başa qalmaq istəyən biçarələrin sığınacaq yeridir. Demək olar ki, bizim kəndin məscidinə bu niyyətlə üz tutub peşman qayıdan olmamışdı. Mənim kəndimizin məscidiylə ilk tanışlığım 10-11 yaşlarıma təsadüf edir. Qonşumuz Rövşən kişi məni və qonşuluqda yaşayan bir neçə gənci məscidə aparmış, orada ilk dəfə şahid olduğum ab-hava qəlbimi riqqətə gətirmişdi. Hər kəs bir-biri ilə deyib-gülür, qayğıları ilə maraqlanır, məscidin həyətindəki qoca çinar ağacının altında çay içib, söhbət edir və ən əsası mövcud problemlərin həllinə can atırdılar. Sanki bura həm də məsləhət - məşvərət ocağı, mümkünsüz görünən məsələlərin həllinə nail olmaq üçün müzakirə obyekti idi. Bir növ bizim məscid əslində, təyinatı üzrə fəaliyyət göstərirdi.
***
Qonşumuz Rəhmətin hekayəsi də belə başlamışdı - kənd məscidindən. Rəhmətin onda 20 yaşı var idi. Xəstə anası Fatimə xaladan başqa sığınmağa heç kimi yox idi. Əslində, Fatimə xala elə durumda idi ki, özünün kiməsə sığınmağa ehtiyacı var idi. Amma bu halıyla yenə də oğlunu düşünür, missiyasını, bəlkə də övladına olan sonuncu borcunu yerinə yetirməyə çalışırdı. Ailənin Fatimə xalanın aldığı sosial müavinətdən başqa gəlir yeri yox idi. Rəhmət isə kənddə ona yaxşı gəlir gətirəcək işin olmadığını bilirdi. Çünki nə ali təhsili var idi, nə də xüsusi bacarığı. Qulpundan yapışacağı istənilən iş sadəcə başını qatmağa kömək edəcəkdi. Amma Rəhmət yaxşı pul qazanmaq istəyirdi. İstəyirdi ki, həm biçarə anasını müalicə etdirsin və ömrünün sonuna kimi özünü ona fəda etsin, həm də kəndin adlı-sanlı adamlarından olsun. Amma düşünməkdən başqa əlindən heç nə gəlmirdi. O zaman kənd camaatı arasında ibadət edən insanların sayı çox idi. Demək olar ki, ziyarətgahlar hər gün səhər tezdən dolub-daşır, qurbanlar kəsilib ehtiyaclılara paylanır, xəstə ziyarətləri çox olurdu. Məsciddə isə hər gün, xüsusən də axşam namazında sonra kəndin nüfuzlu şəxsləri, din xadimləri və ağsaqqalları çay süfrəsi ətrafında müxtəlif problemlərin həllinə nail olmaq üçün müzakirə aparır, xeyir işə vasitəçi olmaq üçün əllərindən gələni etmək istəyirdilər. Düzünü desəm, bu xidmətlər adətən işə yarayırdı. Hətta, kəndimizə Türkiyədən xidməti vəzifə üçün təşrif buyuran din xadimləri də bu işə cəlb olnurdu. Görünür, bu fəaliyyətlər Rəhməti özünə elə cəlb etmişdi ki, yeganə çıxış yolunu artıq bu mühitə qoşulmaqda görürdü. Elə bunun nəticəsi idi ki, bir müddətdən sonra Rəhmət kənddəki gənclər arasında özündən söz etdirməyi bacarmışdı. Hər gün məscidə gedib 5 vaxt namazını orada qılır, müəzzinlik edir, qısa zamanda Quranı ərəb dilində oxumağı öyrənməklə kifayətlənməyib, uşaqlara da öyrədir və hətta bundan pul da qazanmağa başlamışdı. Gördüyü iş peşə olmasa da, dövrümüzdə bu, ən asan peşələrdən biri olduğu üçün, Rəhmət də bu fürsətdən sui-istifadə edirdi. Səhərlər kəndin qəbiristanlığında ödənişli əsaslarla Quran oxuyur, axşamlar isə məsciddə uşaqlara dini dərslər keçirdi. Hətta, qəbiristanlıqda imkanlı şəxslərin dünyadan köçən qohum-əqrəbalarının məzarlarında mütəmadi olaraq səliqə-səhman yaratmaq müqabilində onlardan aylıq məvacib də alırdı. Kəndin xaricdə yaşayan sakinləri də ona maddi yardım etməyi unutmurdu. Rəhmət artıq məscidin bütün işləri ona həvalə edilən nüfuzlu mollaya çevrilmişdi. Əslində, buna məqsədinə çatmaq da demək olardı. Bir sözlə, din bu kənddə ən çox Rəhmətin işinə yaramışdı. Halbuki Rəhmətin məsciddən və dindən umduğu Allahın rəhməti deyil, şəxsi mənafeyi idi. Elə bu işə də buna görə girişmişdi. Məscidin imamı molla Vəli də ona ürəyi yandığı və inandığı üçün həmişə dəstək olur, paxıllıq etmirdi.
***
Cümə namazı yenicə bitmişdi. Həmişə olduğu kimi, bu dəfə də namazdan sonra məscidin həyətində çay süfrəsi qurulmuş, camaat məşvərətə yığılmışdı. Mərasimin dağılmasını isə Rəhmətdən başqa arzulayan yox idi. Düzdür, bunu ətrafa sezdirməməyə çalışsa da, tədirginliyi az-çox özünü biruzə verirdi. Çünki Rəhmət uzun müddətdir üzərində işlədiyi planı artıq həyata keçirmək istəyirdi. Axı, görəcəyi çirkin əməlin nəticəsində kimdən də şübhələnsələr, təkcə ondan şübhələnməyəcəkdilər. Ona görə də bu işi səssiz-sədasız həyata keçirmək lazım idi. Məclis dağılandan sonra Rəhmət kəndin imamına məsciddə qalıb həm təmizlik işləri görəcəyini, həm də işini bitirəndən sonra uşaqlara dərs keçəcəyini dedi. Nəhayət, məsciddə Rəhmətdən başqa heç kim qalmamışdı.
***
Kənd məscidində adətən axşam namazından sonra demək olar ki, heç kim gözə dəymir. Elə bu gün də Rəhmət sonuncu namazın əzanını verəndən sonra namazı yalnız qılmışdı. Molla Vəli özünü yaxşı hiss etmədiyi üçün məscidə gedə bilməmişdi. Lakin ürəyini qəribə bir sıxıntı bürümüşdü. Bilirdi ki, bu, fiziki ağrı deyil, sanki hansısa xoşagəlməz hadisədən xəbər verən batini narahatlıq hissidir. Ona görə də, özünə gəlmək üçün biraz səbir etsə də, nəinki əhvalı düzəlmədi, əksinə, narahatlıq hissi daha da şiddətləndi. Adətinə uyğun olaraq bu cür durumlarda iki yerə baş çəkirdi: Məscid və qəbiristanlıq. Artıq gecə olduğu üçün, məscidə getməyi qərara aldı. Öz evindən çıxıb Allahın evinə yola düşdü. Məsafə elə də uzun olmadığı üçün artıq 10 dəqiqədən sonra çatmışdı. Lakin darvazadan keçib məscidin həyətinə qədəm qoyanda, gördükləri onu dəhşətə gətirdi. Çünki Vəlini qapıda bir əlində iki əsr yaşı olan qədimi və çox baha samovar, bir əlində isə qədimi tikiş aləti olan Rəhmət qarşıladı. Samovarı məscidə Molla Vəllinin atası, tikiş alətini isə məscidin yanında yaşamış Fəridə xala ölümündən bir neçə gün əvvəl hədiyyə etmişdi. Rəhmətin təngnəfəs və təlaşla, özü də gecə vaxtı məsciddən qaçmağa çalışması molla Vəlini təəcübləndirməyə bilməzdi. Çünki onun ağlına da gəlməzdi ki, övladından ayırmadığı və bu mərtəbəyə çatmağa şəxsən kömək etdiyi Rəhmət elə bu məsciddən, Allahın evindən, hətta artıq öz evi kimi doğmalaşan bir yerdə oğurluq edə bilər. Molla Vəli gözünü Rəhmətdən ayırıb, dərindən nəfəs aldı və əlini ürəyinin üstünə qoyub bərk-bərk sıxdı. Artıq içindəki sıxıntının səbəbini başa düşürdü. Molla Vəli rəhmətə bir kəlmə belə söz deməsə də, nitqi quruyan Rəhmət oğurladıqlarını əllərindən yerə atıb Vəli babanı qucaqladı və ağlamağa başladı. Heç nəyi gizlətmədi. Boğazını qəhər boğsa da həqiqəti danışıb son nöqtəni qoydu:
"Bağışla, Vəli baba".
***
Molla Vəli səhərə qədər yatmadı. Nə edəcəyini bilmirdi. Xəyanətə məruz qalmışdı və bu addıma qarşı çarəsizliyi özü də bilmədən xəstəliyini şiddətləndirirdi. Bir tərəfdə isə Rəhmətin yuxusu ərşə çəkilmişdi. Xəyanət edənin və xəyanətə məruz qalanın paralel və cavabsız sualları səhərə qədər davam etdi. Lakin səhər açılanda Rəhmətin gördüyü mənzərə bütün şübhələrini alt-üst elədi. Samovar və tikiş aləti həyətdə idi, yanında da sarı kağıza yazılmış qeyd var idi:
–Oğlum, Rəhmət, əgər, bu əşyaları oğurlayacaq dərəcədə ehtiyac içində olmusansa, məni bağışla. Bu, sənə məscid adından hədiyyəmiz olsun.
Rəhmətin gözündən bir damcı yaş düşdü. Gözünün yaşını silməyə macal tapmamış artıq bütün yanağının islandığını hiss etdi. Rəhmət ağlayırdı, həm də xəcalətindən ağlayırdı. Sanki qəfil yağmağa başlayan yağış da onun halına acıyırdı. Axı, ürək yanmasa göz də yaşarmaz. Ürəyi də ona görə yanırdı ki, onun xəyanətinə mərhəmətlə cavab verilmişdi. Molla Vəlinin mərhəməti onun xəyanətindən daha zalım və daha sarıdıcı olmuşdu. Rəhmət samovarı və tikiş alətini vaxt itirmədən məscidə apardı və ondan sonra onu bir də kənddə görən olmadı.
***
Bu hadisənin üzərindən uzun illər keçmişdi. Kənddə də çox şey dəyişmişdi. Artıq ibadət edənlərin sayı da azalmışdı. Daha məsciddə məsləhət-məşvərət məclisləri olmurdu. Namazdan sonra süfrələr də açılmırdı. Ziyarətgahalara isə demək olar ki, gedən yox idi. Sanki kəndin də, məscidin də bütün bərəkəti Rəhmətə qoşulub qeybə çəkilmişdi. Dəyişməyən yeganə ənənə isə mollaların qəbiristanlıqda pul müqabilində ölülələrə Quran oxuması idi. Molla Vəli də çox qocalmışdı. Əvvəlki kimi fəaliyyət göstərə bilmirdi. Xəstəliyi də o qədər şiddətlənmişdi ki, müalicəsinə xeyli pul lazım idi. Bilmirdi ki, öz dərdini çəksin, yoxsa uçulub-dağılmaq təhlükəsi ilə üzləşən məscidin.
***
Ölkəyə qış fəsli yenicə qədəm qoysa da, hava həddindən artıq soyuq idi. Göy üzündə nə Ay var idi, nə də bircə dənə də olsun Ulduz. Üstəlik, əvvəlki kimi qaranlıq çökəndə də havada sezilən aydınlıq indi yoxa çıxmış, ətraf zülmətə qərq olmuşdu. Gecəni yuxusuz keçirən molla Vəli dəstəmaz almaq üçün həyətə düşmüşdü. Lampanı yandırıb həmişəki kimi ətrafa nəzər saldı. Gözü taxta stolun üstündəki çantaya sataşdı. Dilinin ucunda, "Xeyir olsun, bunu kimi gətirib?” - ,deyərək masaya tərəf irəlilədi. Çantanı açanda isə təəccübündən donub qaldı. Çantanın içində bir miqdar pul və sarı kağıza yazılmış qeyd var idi:
–Vəli baba, mən qoca, xəstə anamla baş-başa qalanda heç kim mənə sahib çıxmamışdı. Mən kimsəsiz idim və mənə yalnız sən yardım əlini uzatmışdın. Məni ailə üzvlərindən ayırmamışdın. Mən sənin sayəndə pul və nüfuz qazanmışdım. Lakin etdiyim xəyanətin ucbatından hər şey alt-üst oldu. Çünki bu işə onsuz da pul qazanmaq üçün başlamışdım, Allahı həqiqətən sevib, Onun yolunda xidmət etmək üçün yox. Buna baxmayaraq, Allah nəinki məndən üz çevirməmiş, əksinə, irəli getməyimə kömək olmuşdu, ta ki, həmin səhvi edənə qədər. Vəli baba, mən sənin sonuncu xeyirxah addımından sonra xəcalət çəkdiyim üçün kəndi tərk etməkdən başqa çıxış yolu görmədim. Lakin getdiyim yerdə də uğur qazandım, həm də daha çox. Allaha isə artıq səmimiyyətlə bağlıyam. Sənin mənə öyrətdiyin "əsas məsələ Allaha edilən ibadətin səmimiyyətidir”. ayəsini isə heç vaxt unutmuram. Mən indi bütün həyat və fəaliyyətimi səmimiyyətin üzərində qurmuşam. Göndərdiyim bu dəstəyi də səmimiyyətin və ən əsası sənin mənə etdiyin yaxşılıqların kiçik bir cavabı kimi qəbul et. Bu pulları həm məscidin inşası, həm də səhhətin üçün xərclə. Bəlkə etdiyim xətanın günahı bundan sonra bağışlanar və altında əzildiyim yük üzərimdən götürülər. Çünki mən çox əzab çəkirəm. Kənddə də çox az sayda adamla əlaqəm qalıb. Məlumatları da onlardan alıram. Allaha əmanət ol, Vəli baba!
Molla Vəli məktubu oxuyub bitirəndən sonra kağızın üzərinə bir damcı göz yaşı düşdü. O, əlini yanağına aparmağa macal tapmamış, artıq ağlamağa başladı. Astadan dilinin ucunda "Rəhmət” dedi. Hava kimi o da donmuş, nitqi qurumuşdu. Qəfildən göy guruldayıb, ildırım çaxdı və güclü yağış yağmağa başaldı. Molla Vəli başını göyə qaldırıb pıçıldadı:
- İlahi, yerdən də, göydən də Rəhmət yağır.
Mərahim Nəsib
Şərhlər