Rusiya Arktikadakı atom sualtı donanmasını qorumaq üçün sualtı müşahidə sistemi qurur və bu məqsədlə ABŞ və Avropa şirkətlərindən yüksək texnoloji avadanlıqlar alır.
Qaynarinfo xəbər verir ki, bu barədə "The Washington Post” Qərb kəşfiyyat mənbələri, maliyyə və məhkəmə sənədlərinə istinadən
yazır.
Məqalədə bildirilir ki, Rusiya bu avadanlıqları gizli satınalma şəbəkəsi vasitəsilə, saxta şirkətlərin adından alaraq, öz rolunu gizlədib:
"Saxta şirkətlərin vasitəsilə Rusiya həssas hidroakustik sistemlər, 3000 metr dərinlikdə işləyə bilən sualtı pilotsuz aparat, mürəkkəb sualtı antenalar və "mülki” və ya "tədqiqat” gəmiləri kimi görünən, əslində isə hərbi tapşırıqları yerinə yetirən bir donanma əldə edib”, – deyə nəşr yazır.
ABŞ və Qərb təhlükəsizlik ekspertlərinin fikrincə, bu, Rusiyanın illərdir həyata keçirdiyi gizli layihənin – Arktikada görünməz müşahidə şəbəkəsi yaratmaq planının – bir hissəsidir. Bu bölgədə Rusiya interkontinental ballistik raketlərlə təchiz edilmiş strateji sualtı qayıqlar saxlayır və onlar nüvə müharibəsi halında cavab zərbəsi endirmək üçün nəzərdə tutulub.
"Harmoniya” sistemi
Xüsusilə qeyd olunur ki, Rusiyanın "Harmoniya” adlı müşahidə sistemi dəniz dibinə yerləşdirilmiş sensorlar vasitəsilə Amerika sualtı qayıqlarını aşkar etməyə xidmət edir. Bu, Qərbin həmin qayıqları izləmək və ya müharibə başlayarsa, onları məhv etmək cəhdlərini çətinləşdirir.
Gizli satınalmalar
Sənədlərə görə, bu sistem üçün avadanlıqların alınmasında əsas rol "Mostrello Commercial Ltd.” adlı Kiprdə qeydiyyatdan keçmiş şirkətə məxsusdur. O, Rusiya hərbi-sənaye kompleksinin örtüyü kimi çıxış edib və on milyonlarla dollarlıq həssas texnologiya alıb.
"Mostrello”nun on ildən artıq müddətdə apardığı əməliyyatlarda ABŞ, Böyük Britaniya, Norveç, İsveç, İtaliya və digər NATO ölkələrinin şirkətləri iştirak edib”, – deyə qəzet yazır.
Bir çox Qərb şirkəti "The Washington Post”a bildirib ki, onlar qanun və ixrac məhdudiyyətlərini pozduqlarını bilməyiblər və "Mostrello” onlara avadanlıqların yalnız "mülki və kommersiya məqsədləri” üçün alındığına dair təminat verib.
"Mostrello” hidroloqatorlar, yüzlərlə mil uzunluğunda Qərb istehsalı optik lif kabelləri və sualtı antenalar alıb. Ekspertlərin fikrincə, bu sistemlər ABŞ sualtı qayıqlarını izləyən sensorlardan gələn siqnalları səthdəki müşahidə mərkəzlərinə ötürmək üçün istifadə olunur.
Avadanlıqların bir hissəsi əvvəlcə Almaniyadakı ünvanlara göndərilib, bu da tədarük nəzarətini zəiflədib. ABŞ-ın Texas ştatında yerləşən "R2Sonic” şirkətinin rəhbəri Yens Stenstrup bildirib:
"Mostrello” bizə alətləri Baltik dənizində kabel xətlərinin yoxlanılması üçün aldığını demişdi. Hər şey tam qanuni görünürdü”.
Rusiyanın Arktika planları
Danimarka rəsmiləri daha əvvəl bildirmişdilər ki, Rusiya son 20 ildə Arktikadakı hərbi imkanlarını əhəmiyyətli dərəcədə gücləndirib. Ölkə bu məqsədlə 8,5 milyard dollar həcmində sərmayə yatırır.
Plan çərçivəsində iki yeni Arktika patrul gəmisi, dəniz patrul təyyarəsi, Şimali Atlantika boyunca sualtı kabel, yeni pilotsuz uçuş aparatları və Birgə Arktika Komandanlığının qərargahının inşası nəzərdə tutulur.
Alpər
Şərhlər