Baş Dövlət Yol Polisi İdarəsi məşhur texno bloger, jurnalis Fərid Pərdəşünasın şortik geyindiyi üçün idarənin qeydiyyat və imtahan binasına buraxılmamasına münasibət bildirib.
Qurumun mətbuat katibi, polis polkovniki Kamran Əliyev "Qafqazinfo”ya açıqlamasında bildirib ki, geyimlə bağlı heç yerdə dəqiq qadağa yoxdur:
"Amma adi bir restoranlara gedəndə müəyyən geyim formalarında ümumiyyətlə içəri buraxmırlar. Hərçənd ki, ora kommersiya təşkilatlarıdır və oradan qazancları var. Milli mentalitetimizdə də dövlət orqanlarına çəkələklə, şortiklə getmək etik cəhətdən qəbul olunmazdır. Bununla bağlı orada olan qadınlar da şikayət edib narazılıq bildirirdilər ki, şortikli kişilərin gəlib burada oturması etik deyil. Qadın gödək paltar da geyinə bilər, şortik də. Ona heç kim heç nə deyə bilməz, bu onun haqqıdır, onun öz hüququdur. Amma kişilərin bizim cəmiyyətdə qəbul olunmaz formada geyinib gəlməsi uyğun deyil. Bəlkə də hələ o zaman gəlib çatmayıb, bizdə kişilərin belə geyinməsi ictimaiyyət arasında qəbul olunmur. Bu səbəblə kişilərə tövsiyə olunur ki, dövlət qurumlarına uyğun geyimdə gəlsinlər. Bu, bizim istəyimiz yox, bura gələn digər şəxslərin tələbi, müraciəti ilə bağlıdır”.
10.11
Baş Dövlət Yol Polisinin qeydiyyat və imtahan binasına daxil olmaq istəyən məşhur texno bloger, jurnalis Fərid Pərdəşünas imtahana buraxılmayıb.
Qaynarinfo xəbər verir ki, bu barədə Fərid Pərdəşünas özü sosial şəbəkədə məlumat yayıb.
Bloger şortikdə olduğu üçün Baş Dövlət Yol Polisinin qeydiyyat və imtahan binasına buraxılmayıb. Səbəbini soruşduqda isə içəridə "ana, bacı var" deyə qapıdakı polis əməkdaşı bildirib:
"Bu yaxınlarda sürücülük vəsiqəsi imtahanı üçün Baş Dövlət Yol Polisinin qeydiyyat və imtahan binasına getmişdim. Sənədlərim əvvəldən verilmişdi, ödənişi edib imtahan zalına keçmək üçün binaya daxil olanda qapıda dayanan Polis məni içəri buraxmadı. Səbəb isə əynimdə şortik olması idi. Qeyd etdi ki, qanunda olmasa da rəisin şəxsi qərarı ilə şortikdə gələn oğlanlar binanın həyətinə girə bilməzlər, nəinki imtahana. Bu barədə qanunun olmadığını və DYP saytında hər hansı qeydin olmadığını vurğulayanda, bildirdilər ki, bunun üçün qərara ehtiyac yoxdur. İçəridə ana, bacı var. Bu içtimai asayişin pozulmasıdır. İçəridə dar şortik geyinən qızları göstərtərsəm də, Polis qətiyyətlə məni oradan uzaqlaşdırdı. Beləcə qanunda olmadığı halda, dövlət müəssisəsində imtahan vermək hüququmdan istifadə edə bilmədim. Dövlət Yol Polisi bununla bağlı rəsmi açıqlama verməli və qanun, qaydaları ən azından saytda yerləşdirməlidir. Etik kodekslər necə müəyyən olunur? İmtahan dress kodu nədir? Hansı ölçüyə qədər şalvar geymək olar? Sinə tükü görünəndə nə etmək lazımdır?".
Şərhlər