Texnologiya 13:09 04.09.2017

Məşhur film gerçək oldu: sürücüsü olmayan uçan taksilər gəlir (FOTOLAR)

"Beşinci Element" filmindəki uçan taksilər gerçəkləşdirilir. Dünyanın ən qabaqcıl şirkətləri sürücüsüz uçan taksi xidmətlərinin yaradılması üçün bir-birləri ilə rəqabətə giriblər.

"Qaynarinfo" xarici KİV-ə istinadən xəbər verir ki, Dubay bu sahədə lider olmaq üçün mübarizə aparır. İyun ayında Dubayın Yollar və Nəqliyyat İdarəsi (Roads and Transport Authority) bu ilin sonunda sürücüsüz uçan taksiləri sınaqdan keçirmək üçün alman şirkəti "Volocopter"lə müqavilə imzalayıb. Şirkət ilkin mərhələdə maksimum 2 sərnişinin daşıya bilən, 18 pərli hava taksilərinin istehsalı üçün 22 milyon funt-sterlinq məbləğində sərmayə yatırıb.


Sözügedən taksilərdə hər cür təhlükəsizliyin təmin ediləcəyi, onların 100 km/saat sürətlə hərəkət edəcəyi və maksimum uçuş müddətinin 30 dəqiqə olacağı, həmçinin şəhərin müxtəlif yerlərinə enə biləcəyi bildirilir. "Volocopter" adı verilən nəqliyyat vasitələrində fövqəladə vəziyyətlər üçün paraşütlərin də olması nəzərdə tutulub.

Bunun dünya hava yolları şirkətləri arasında rəqabət yaradacağı düşünülür.

ABŞ-ın "UBER" texnologiya şirkəti fevral ayında Milli Aeronavtika və Kosmos İdarəsinin (NASA) baş texnologiya müdiri Mark Mureni "Şəhər hava nəqliyyatının gələcəyi" layihəsinin rəhbəri vəzifəsinə gətirib.


Fransanın təyyarə istehsalı ilə məşğul olan "Airbus" şirkəti də 2020-ci ildə təqdimatı nəzərdə tutulan pilotsuz taksi prototipi üzərində çalışır.

Tıxacların insan həyatında yaratdığı problemlərin getdikcə artdığı bir zamanda hava taksi xidmətlərinin yaradılması fikri cəlbedici görünür. Məsələn dünyanın ən zəngin 10 şəhərindən biri olan San-Pauluda tıxacların uzunluğu 180 kilometrə, bəzən isə 295 kilometrə qədər çatır.


Mure gələcəkdə elektriklə işləməsi nəzərdə tutulan taksilərin 2023-cü ildə istənilən səviyyədə olacağını və 60 kilometrlik bir şəhərdə ən üstün nəqliyyat vasitələrindən biri olacağına inandığını bildirib.

Lakin bu taksilərin sərbəst şəkildə fəaliyyət göstərə bilməsi üçün şəhərin üzərində onlar üçün ayrıca hava koridorlarının yaradılmasının vacib olduğu qeyd olunur.


Federal Aviasiya İdarəsi və Avropa Aviasiya Təhlükəsizliyi Təşkilatının nümayəndəsi Frankel Coeli hava kolidorlarında qəzaların baş verəcəyini istisna etmədiyini, bu səbəbdən də sözügedən nəqliyyat vasitələrinin pilotsuz uçmasına icazə verməyəcəklərini deyib. Pilotsuz taksilər üçün daha bir dezavantajın isə şəhərdə səs-küyə səbəb olacağı qeyd olunur ki, istehsalçı şirkətlər hələlik bu problemi görməzdən gəlirlər.

Görünür "Dron texnologiyası"nın həyatımıza daxil olması bir az zaman alacaq, lakin bu düşündüyümüz qədər uzun çəkməyəcək...

Çingiz Səfərli

Qaynarinfo.Az