“Microsoft Teams” şagirdlər üçün təhlükəlidirmi? - Ekspert bəzi məqamları açıqladı

“Microsoft Teams” şagirdlər üçün təhlükəlidirmi? - Ekspert bəzi məqamları açıqladı

"Artıq bir il tamam oldu ki, ölkə üzrə bütün təhsil sistemi, ümumi təhsil, peşə təhsili, orta-ixtisas və ali təhsil əsasən "Microsoft Teams” platforması üzərində "oturub”.

Qaynarinfo xəbər verir ki, bu sözləri Azərbaycan İnternet Forumunun rəhbəri Osman Gündüz deyib.

Ötən ilin 2 aprel tarixdən Covid-19 səbəbindən təhsil müəssisələri bütün tədris prosesini distant formada bu platforma üzərindən həyata keçdiklərini söyləyən O.Gündüz qeyd edib ki, ötən il Microsoft şirkəti Təhsil Nazirliyinin təklifi ilə  bu platformanı Azərbaycan dilinə də  tərcümə edib. 

Desktopun, mobil və veb versiyalarının aktiv olduğunu söyləyən ekspert, "Xarici data mərkəzlərdə yerləşən "milli təhsil platformamız” nə dərəcədə dayanıqlı hesab oluna bilər?” – deyə sual ortaya qoyub.

O, vurğulayıb ki, pandemiya başlanarkən bir ox ölkələrin milli təhsil platformaları hazır olduğundan, distant sahədə müəyyən hazırlıqlar olduğundan  onlar üçün tədrisin distant formada öz milli platformaları üzərindən  təşkilində elə də ciddi problem yaşanmadı: 

"Lakin pandemiya başlananda Azərbaycanın öz milli təhsil platforması olmadığından məcburən xarici resurs üzərində tədrisi gerçəkləşdirməyə başladı. Ölkəmizdə  elektron məktəb, e-learning  sistemlərinin zamanında qurulmamasını isə bu məqsədlə büdcədən milyonlarla vəsait alan İT şirkətin rəhbərləri çox gözəl bilirlər. Artıq "Microsoft Teams” və onunla yanaşı Microsoftun Office 365 alətləri, Mail, Calendar, OneDrive və s. proqramları da Azərbaycan dilinə tərcümə edilib”. 

Yəni, Microsoft Teams proqramının milliləşdirilərək "Virtual məktəb” milli platformasına çevrildiyini qeyd edən ekspert "Bunu yetərli hesab etmək olarmı?” – sualını verib.

Sualı özü cavablandıran ekspert düşünür ki, çox funksiyalı bu tip resursları hazırlamaq və ona proqram-texniki dəstək vermək ağır bir işdir: 

"Uzun zaman və ciddi resurslar, maliyyə və kadr resursları, böyük data mərkəzlər tələb edir. Eyni zamanda, TN Microsoft şirkəti ilə qarşılıqlı anlaşma ilə bu resursun milliləşdirilməsi istiqamətində xeyli adddımlar atıb. Texniki dəstək komandası formalaşıb. Funksionallığı xeyli genişləndirilib. TN-nin Təhsil Sisteminin İnformasiyalaşdırılması İdarəsi və "Microsoft Azərbaycan " ofisi bu resursun dayanıqlığı, milliləşdirilməsi və dəstəklənməsi üzərində xeyli iş görüblər”.

Ötən ay Təhsil Nazirliyi ilə Microsoft  şirkətinin təhsil layihələri üzrə əməkdaşlığın davam etdirilməsi barədə niyyət sənədi imzaladıqlarını xatırladan ekspert, bütün bunları təqdirəlayiq hesab edir:

"Bildiyim qədər, Azərbaycan hökuməti bu resursdan istifadə üçün Microsoft-a xeyli vəsaitlər də ödəyir. Son zamanlar müşahidələr göstərir ki, "Virtual məktəb”-də bəzi funksionallıqlarda, xüsusilə də  video resursların saxlanlması ilə bağlı müəyyən məhdudiyyətlər olur.

Düşünürəm ki, milli təhsil sisteminin dayanıqlıqlığı və təhlükəsizliyi baxımından, həmçinin qarşıdakı illərdə xarici qurumların daha sərt şərtlərindən sığortalanmaq üçün ayrıca , Azərbaycana məxsus milli təhsil platformasının yaradılması doğru olardı”.

Eyni zamanda, Türkiyənin də özünə məxsus oxşar təhsil platforması oludğunu deyən O.Gündüzün fikrincə, aternativ olaraq bu sistemdən də istifadə məsələlərinə baxıla bilər: 

"Yəni,  fikrimcə, ölkənin bütöv təhsil sisteminin bir platforma, xüsusilə də yalnız bir xarici platforma üzərində "oturması" ciddi risklər yaradır. Bu baxımdan  milli təhsil platformamız yaradılmaqla alternativlərin olması təhsil və informasiya təhlükəsizliyi sahəsində  milli maraqlarımıza uyğun olardı. Fikrimcə TN, NRYTN, Elektron Hökumətin İnkişafı Mərkəzi  bu istiqamətdə indidən işlərə başlamalıdırlar”.
  • Tərəfdaşların xəbərləri
XƏBƏRLƏR
BLOGLAR