Milli Məclisin deputatı Könül Nurullayeva seçicilərlə görüşləri davam etdirir. Növbəti görüş Nizami rayonu Rüstəmov 76, E.Süleymanov 112, 114, 116, 118, Naxçıvanski 49, 53, 55, 61, 79, K.Balakişiyev 27, 39, 41, Q.Qarayev 32, 36a ünvanlarında yaşayan sakinlərlə baş tutdu.
Digər görüşlərdə olduğu kimi, bu görüşlərdə də insanların problemləri ilə yaxından tanış olmaq imkanı yarandı. Belə ki, su sayğaclarının quraşdırılması, binaların dam örtüklərinin bərpası, məhəllələrə tramplinlərin qoyulması, binaların kanalizasiya sistemlərinin yenilənməsi, istilik təchizatı, şəhidin adına olan bulağa su xəttinin çəkilməsi, məhəlləarası yollarda asfalt örtüyünün bərpası və digər müxtəlif məsələlərlə bağlı problemlər səsləndirildi.
"Görüşdə qaldırılan məsələlərin qısa zaman ərzində həll olunmasına çalışacağıq və aidiyyəti qurumlara müraciətlər hazırlayıb təqdim edəcəyik. Ümid edirik ki, bu məsələlər də tez bir zamanda öz həllini tapacaq. Bir daha vurğulamaq istəyirəm ki, sizinlə görüşmək, canlı ünsiyyətdə olmaq, fikirlərinizi eşitmək mənim üçün çox xoşdur və problemlərin həlli istiqamətində bunu vacib addım hesab edirəm. Sizin hər zaman yanınızda olacaq və dəstəyimi əsirgəməyəcəm!”, - deyə K.Nurullayeva bildirib.
Xatırladaq ki, ölkədə karantin rejimi səbəbindən insanlarla canlı təmas qurmaq imkanı olmadığından görüşlər onlayn formada keçirilirdi. Lakin sakinlərin canlı ünsiyyətə ehtiyacını nəzərə alaraq, karantin qaydaları çərçivəsində ənənəvi görüşlərin təşkilinə başlanıb. Millət vəkili sakinlərin müraciətlərinə uyğun olaraq, görüşləri davam etdirir.
Şərhlər