İdman 17:05 27.01.2022

Cüdo Federasiyası millimizdə kütləvi yoluxma ilə bağlı açıqlama yaydı (ADLAR)

Cüdo üzrə millimizdə koronavirusa küləvi yoluxma halı baş verib.
 
Qaynarinfo xəbər verir ki, bu haqda "A Bola" nəşri məlumat yayıb. Portuqaliyada keçiriləcək Qran-Pridə iştirak etmək üçün Almada şəhərinə yollanan komandamızın 5 üzvünün infeksiyaya yoluxduğu aşkarlanıb. Bununla yanaşı 9 nəfərin peyvənd olunmadığı bildirilib.
 
Artıq Beynəlxalq Cüdo Federasiyasının rəsmi saytı koronavirusa yoluxan cüdoçularımızın adlarını açıqlayıb. Məlum olub ki, Yaşar Nəcəfov (66 kq), Zaməddin Poladov (73 kq), Rüfət İsmayılov (90 kq) və İmran Yusifovun (+100 kq) COVID-19 testi müsbət nəticə verib. Onların adları yarışın iştirak ərizəsindən çıxarılıb və bir saat sonra başlayacaq püşkatma mərasimində olmayacaq.

Beləliklə, Azərbaycan turnirdə 6 kişi, 3 qadın idmançı ilə təmsil olunacaq.

Qeyd edək ki, 28-30 yanvarda keçiriləcək Qran-pridə Azərbaycanı 13 cüdoçu təmsil etməli idi.
 
Səbuhi Həsənov