Xəbər lenti

Milli Şura üzvlərindən İbrahimbəyovun qayıtmamasına REAKSİYA
Siyasət 12:53 29.07.2013

Milli Şura üzvlərindən İbrahimbəyovun qayıtmamasına REAKSİYA

Gülağa Aslanlı: “Bu məsələdə dəqiqləşdirilmələr aparılmalıdır”

Rafiq Manaflı: “Bu, sənəd problemi deyil, səbəb başqadır”

Novella Cəfəroğlu: “İbrahimbəyovun gəlib-gəlməməsindən asılı olmayaraq, qurum seçkilərdə iştirak etməlidir”


Milli Şuranın vahid namizədi Rüstəm İbrahimbəyovun Azərbaycana səfəri təxirə düşüb. Məsələ ilə bağlı Eldar Namazov deyib ki, Milli Şuranın yekun qərarına əsasən Rüstəm İbrahimbəyovun Bakıya gəlişi, vətəndaşlıqla bağlı sənədləri aldıqdan sonra reallaşmalıdır: “Rüstəm İbrahimbəyovun iyulun 31-də Bakıya qayıtması planlaşdırılıb. Ayın 30-da Tiflisə 1 günlük səfərdən sonra Bakıya dönməliydi. Bu ərəfədə Rüstəm İbrahimbəyovun həmkarlarına qarşı əsassız cinayət işi üzrə istintaq hərəkətlərinə başlayıblar. Bu adamlar vasitəsilə Rüstəm bəyin əleyhinə ittihamlar irəli sürməyə cəhd edirlər. Hakimiyyət Rüstəm bəyin Bakıya qayıtmasından çox narahatdır. Rüstəm İbrahimbəyov açıq şəkildə bəyan edib ki, onu qondarma ittihamlarla, həbslə qorxutmaq mümkün deyil. Ancaq burda daha ciddi məsələ var. Rüstəm bəyin Rusiya vətəndaşlığından imtina ərizsəinə baxılması tam sürətlə getmir. Ancaq seçkilərə start verilənə qədər bu məsələ öz həllini tapmalıdır. Rusiya qanunvericiliyinə görə bu prosedurda şəxsin fiziki iştirakı lazımdır. Ona görə də biz Milli Şura olaraq qərara almışıq ki, iyunun 30-da 15 nəfərdən ibarət heyətlə Gürcüstana səfər edək və Rüstəm bəylə seçki məsələlərini müzakirə edək. Əks halda hakimiyyət Rüstəm İbrahimbəyovun indiki şəraitdə Bakıya gəlməsindən istifadə edə bilər”.

İbrahimbəyovun təyin olunan vaxtda Azərbaycana gəlməməsini Milli Şura üzvləri birmənalı qarşılamayıb.

Müsavat Partiyası başqanının müavini Gülağa Aslanlı Qaynar.info-ya açıqlamasında mövzu ilə bağlı bunları deyib: “Bu məsələdə dəqiqləşdirilmələr aparılmalıdır. Söylənilənləri nə dərəcədə doğru olub-olmadığını dəqiqləşdirməliyəm. Bütün bunlardan sonra məsələyə münasibət bildirəcəm. İnformasiyalar yayılmışdı ki, Milli Şura üzvlərindən 10 nəfəri ABŞ Konqresinə dəvət alıb, indi də Gürcüstana səfərlə bağlı informasiya yayılıb. Ona görə də məsələni öyrənmədən fikir söyləmək düzgün deyil”.

Vətəndaş Həmrəyliyi Partiyasının (VHP) funksioneri Rafiq Manaflı bildirib ki, Rüstəm İbrahimbəyov ölkəyə qayıtmasa, bu, Milli Şuranın işinə zərbə olacaq: “Bu, müzakirə olunan məsələlərdən biridir. Onun ölkəyə gəlməməsi bizim qarşımıza qoyduğumuz məqsədə çatmaq üçün əngəl törədir. Yəni bu məsələ bizim işimizə zərər vuracaq. Biz düşünürdük ki, İbrahimbəyov ölkəyə gələcək. Bilirsiniz ki, onun vahid namizəd seçilməsində bitərəf qaldım. Fikrimcə, o Azərbaycana gəlməli  və seçki ilə bağlı məsələlər müzakirə edilməli idi. Namizədin olmadığı yerdə onun kampaniyasını qurmaq mümkün deyil. Bu, Rəsul Quliyevin 2005-ci ildə “gəlirəm, gəlirəm” deyib, yarıyoldan qayıtmasına bənzər bir addımdır. Axı bunun sənədlərində nə problemlər var?! Bəs neçə illərdir necə gəlirdi?! Bu, sənəd problemi deyil, səbəb başqadır. Hər halda bizim ümumi işimizə çox ciddi mənfi təsir göstərəcək. Bu adam gəldiyi vaxtı açıqlayırmı? Gürcüstana səfərlə bağlı mənə təklif gəlsə, getməyəcəm. Amma bu məsələ partiyada da müzakirə edilməlidir”.

Hüquq müdafiəçisi Novella Cəfəroğlu açıqlamasında Rüstəm İbrahimbəyovun ölkəyə qayıdacağına inandığını bildirib: “İnanmıram ki, İbrahimbəyov ölkəyə gəlməyəcək. Ola bilər, bir az yubanır, amma gələcək. Ümumiyyətlə, Milli Şuranı başqa cür təsəvvür edirəm. Fikrimcə, Milli Şura müxalifətin koalisiyasını yaratmaq və həmin koalisiya ilə seçkilərdə iştirakdan ötrü yaradılıb. Hesab edirəm ki, prezident seçkilərində qalib gəlsək də, gəlməsək də Milli Şura öz fəaliyyətini davam etdirməlidir. Yəni ölkədə reformaların keçirilməsində, insan haqlarının qorunmasında yaxından iştirak etməlidir, təsir etmə imkanlarına malik olmalıdır. İbrahimbəyovun gəlib-gəlməməsindən asılı olmayaraq, qurum seçkilərdə iştirak etməlidir. İnanmıram ki, İbrahimbəyov gələ bilməsin. Gələcək, gözləmək lazımdır. Həm də Milli Şurada ehtiyat namizədlər olmalıdır. Ola bilər, İbrahimbəyovun namizədliyi qeydə alınmasın. O zaman həmin ehtiyat namizədlər seçkidə iştirak etsinlər. Hazırda  o, ölkəyə qayıda bilər. Axı hələ seçkilər başlamayıb ki, sənədlərini hazırlasın. Onu ölkəyə gələndə həbs edə bilməzlər. Yalnız ağılsız adam bu addımı ata bilər”.

İlkin
Qaynar.info

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->