U-17 millimizin toplanışına start verilib. Pandemiya üzündən əziyyət çəkən və oyun praktikası olmayan millimizin durumunu qənaətbəxş saymaq mümkün deyil. Sonuncu dəfə sentyabrın əvvəllərində türkiyəli yaşıdları ilə iki yoldaşlıq görüşü keçirən və məğlubiyyətə uğrayan komanda oktyabrda Avropa Çempionatına yollanacaq. AÇ-2022-nin seçmə mərhələsi çərçivəsində qrupda Belçika, Norveç və Lüksemburqla mübarizə aparacaq U-17 millimizin baş məşqçisi Aqil Nəbiyev hazırlıqla bağlı fikirlərini bölüşüb.
Mütəxəssis Qaynarinfo-ya müsahibəsində komandanın üzləşdiyi problemlərdən, sıxıntılardan danışıb:
-
Hazırlıq necə gedir?
-
Hazırlığımız yaxşı keçir. Ayın 20-dən başlamışıq. Planımızda sentyabrın 24 və
27-də Belarusla oyun vardı. Ancaq rəqibin bir neçə üzvündə pandemiya ilə əlaqədar
yoluxmalar aşkarlandığı üçün, gələ bilmədilər. Toplanışı davam etdiririk. Başqa
komandalarlıa danışıqlar aparırıq. Bilirsiniz ki, bu yaş qrupu iki ildir futboldan uzaqdır. Liqalar keçirilmir, klublar 20 gündən bir az artıqdır ki, məşqlərə
başlayıb. Təsəvvür edin, uşaqları yanvardan bəri ancaq toplanışa, ordan da evə
göndərmişik. Ayın 4-də Avropaya yollanacağıq. Qrupumuzdakı komandalar da məlumdur,
Norveç, Belçika, Lüksemburqla mübarizə aparacağıq. Düşünün ki, oyun praktikası
olmadan səfər edəcəyik. Çox problemlər var. Həm liqaların, həm də praktikanın
olmaması məlum səbəblərdən dolayıdır. İstədik ki, hansısa ölkələrin yığmaları
ilə yoldaşlıq matçı keçirək, uşaqlar inkişaf etsin. Səfər öncəsi planımız pozuldu.
İki oyun az deyildi. Təbii ki, bu məşqçilər üçün də problem və üzücüdür. Avropada
məktəbi olan komandalara qarşı oynayacağıq. Norveçin, Belçikanın necə məktəbi
olduğunu bilirsiniz. Lüksemburq da inkişafdadı, Avropanın göbəyindədir.
Sıxıntılarımız var, ancaq məşqlərlə kifayətlənirik. Son iki ildə liqalar
keçirilsəydi, uşaqlar indikindən ən azı bir neçə addım irəlidə olacaqdı. Ancaq
bu gün onların durumu yaxşı deyil. Həm fiziki, həm də praktiki baxımdan çox geridə
qalmışıq. Yenə də işimizi davam ediririk, yaxşı şeylər gözləyirik.
- Yeni tsiklin başlamasına qədər komandanı nə dərəcədə hazırlamaq mümkün olacaq? Yəqin
ki, yoldaşlıq görüşləri olsa belə bu, kifayət etməyəcək.
-
Bilirsiniz ki, milli komanda olaraq uşaqları toplanışa çox dəvət edə bilmirik. Azərbaycanda
Birinci Divizion davam etdiyi üçün, hansısa komandaya yoldaşlıq görüşü təklif
edəndə oynamırlar. Oynasalar da, əsas heyəti meydana buraxmırlar. Ehtiyatda
qalanları, yaxud aşağı yaş qruplarından uşaq götürüb bizə qarşı oynadacaqlar. İndiki
durumumuz ürəkaçan deyil. Məsələn, həftə boyu Belarusla oyuna hazırlaşmışdıq,
amma xəbər gəldi ki, oynamayacaqlar. Uşaq tapmaq da problemdir. Çünki neçə
vaxtdır oyunlarını görə bilmirdik. Yalnız məşqlərini, bir də klublar arasında
hazırlıq matçı olarsa, onu izləyirik. Bəzən bir uşağı 90 dəqiqə oynatmırlar. Ələxsus
da bu yaş qrupu üçün problemlərimiz çoxdur. Birinci Divizion klublarında, əvəzedicilərdə
oynayan uşaqlarımız yoxdur. Yalnız 19, 16 yaşlılardan ibarət komandalardadır.
Onların da çempionatı keçirilmir. Klublar da ki, həfənin 5 günü məşq edirlər. Şənbə-bazar
nəqliyyat olmadığı üçün hazırlıq keçmirlər.
- Sonuncu
dəfə Türkiyə millisi ilə keçirdiyiniz hər iki oyunda məğlub oldunuz. Bu komandanın
fiziki cəhətdən hazır olmaması ilə bağlıdır?
- Onlara
qarşı 65 dəqiqə 1:1 hesablı bərabərliklə oynadıq. Türklərin heyətində "Bavariya”nın,
PSV-nin, "Fənərbağça”nın, "Beşiktaş”ın, "Altınordu”nun əsas komandalarında
meydana çıxan oyunçular var idi. İstər fiziki, istərsə də praktiki baxımdan
bizdən qat-qat üstün idilər. Ancaq biz kollektiv şəkildə məğlub olmuruq. Sadəcə,
rəqiblərin futbolçularının əksəriyyətinin fərdi keyfiyyətləri yüksək olduğu
üçün uduzduq. İkinci oyunda Bakı Olimpiya Stadionunun yardımçı meydançasında
möhkəm külək əsdi. Ona görə də heç bu oyundan danışmağa ehtiyac görmürəm.
Sıxıntılar var, liqalar keçirilmir. Avropa Çempionatına gedənə qədər uşaqlar Birinci
Divizionda və klubların əsas komandalarında oynasaydılar, az da olsa fərqlənə
bilərdik. Heç bu da yoxdur.
- Millinin
aparıcı üzvü kimi gördüyünüz futbolçulara klublarda lazımi qədər şans verilmir?
-
Hamı ilə bir-bir maraqlanırıq. Həm toplanışdan öncə, həm də sonra klublarla məlumat
mübadiləsi aparırıq. Məşqləri izləyirik. Problem ondadır ki, oyunlar olmur,
harda şans qazansınlar? Düzdür, məsələn, bəzi futbolçular daha yuxarı yaş
qruplarına cəlb edilirlər, ancaq həmin komandaların da çempionatları yoxdur. Məsələn,
U-19-a dəvət alsalar da, məşqlə kifayətlənirlər. Bizdə ancaq Premyer Liqa və
Birinci Divizionun oyunları keçirilir. Klublarda bu yaş qrupları yanvardan bəri
məşq etmir. Yenicə, 20 gündür ki, başlayıblar. Ayın dördü səfərə yollanırıq,
6-sı Norveç, 9-u Belçika, 12-si də Lüksemburqa qarşı oynayacağıq. Rəqiblərimizin
hamısı turnirlərdə çıxış edir, futbolçuları əsas komandalarda şans qazanır.
Bizdə isə uşaqların vəziyyəti ürəkaçan deyil.
- Həmin
ölkələrdə də pandemiya davam edir, buna rəğmən, çempionat keçirirlər. Azərbaycanda
da bu yaşda olan futbolçular arasında yarışların başlaması ilə bağlı AFFA-ya
müraciət etmisiniz?
- Təbii
ki, müraciət emişik. Amma çempionat başlasa belə, bizim üçün artıq gecdir. Çünki
ayın dördü səfərə yollanırıq. Bizə faydası olmayacaq. O yığmaların futbolçuları
daim əsas komandada şans qazanır. Bizdə isə iki belə fubolçu var. Onlardan
biri "Qəbələ”nin əvəzedicilərində, digəri Birinci Diviziondadır. Heç biri əsas
heyətdə oynamır. Qalanları klubların nəzdindəki 19, 17 yaşlı komandalardadır,
onların isə çempionatı yoxdur.
- Sonuncu dəfə heyət açıqlananda bəzi klubardan
milliyə futbolçu dəvət olunmamışdı. Hazırda bu barədə durum necədir?
- Demək
olar, hər klubdan futbolçu dəvət etmişik. Sadəcə uşaqları tam şəkildə görə
bilmirik. Çünki hansısa komandaya qarşı hazırlıq matçı keçirəndə 30 dəqiqə bir,
30 dəqiqə isə başqa heyətlə meydana çıxırlar. Futbolçunu milliyə dəvət etmək
üçün, onun bir neçə oyununu 90 dəqiqə davamlı şəkildə izləməlisən. Amma bu
mümkün olmur. Çünki klublarda 20-30 futbolçu olur və məşqçilər onların hamısını
iş başında görmək istəyirlər.
- Klubların əvəzedicilərindən başqa, digər Birinci Divizion klublarından heyətə futbolçu dəvət edildiyi görünmür...
- "Turan
Tovuz”dakı Sadiq Səfiyevdən başqa heç bir klubun heyətində 2005 təvəllüdlü
futbolçu yoxdur. Hamısını izləyirik. Birinci Divizion klublarını bir kənara
qoyuram, əvəzedicilərdə belə həmin yaşda olan futbolçular yoxdur. Bir-iki nəfəri
çıxmaq şərtilə qalanlarını əsas heyətə cəlb etmirlər. Yalnız "Zirə”də Murad Ələkbərov,
"Qəbələ”də Sənan Ağalarov var, onlar da ehtiyatda oturur.
- Bununla
bağlı məşqçilərlə söhbətləriniz olur?
-
Bilirsiniz, klublara nəsə deməyə ixtiyarımız yoxdur. Biz sadəcə tövsiyə edirik.
Hətta bəzi 17 yaşlılardan ibarət komandaların məşqçilərindən yaxşı keyfiyyətləri olan futbolçuları yuxarı qaldırmağı
xahiş edirik. Onlar yuxarı yaş qruplarında təzyiq görməlidilər. Axı U-17 və
U-19-larda təzyiq eyni olmur. Əvəzedicilərdə olsalar belə, uşaqlara şans vermək
lazımdır. Onsuz da klub sayı azdır. Uşaqlar kfayət qədər şans qazana bilmirlər.
Biz bunu yalnız tövsiyə şəklində deyə bilirik. Hamı ilə danışırıq. İstər əvəzedicilərdə,
istərsə də Birinci Divizion klublarındakı hər bir məşqçi nəticə göstərmək istəyir.
Ona görə də daha yaşlı futbolçuları meydana buraxırlar. Heç bir klubda deyə
bilməzlər ki, yığma məşqçiləri onların oyunlarını izləmir. Sadəcə, iki ildir bu
yaş qrupları üzrə çempionat keçirilmir. Ancaq yoldaşlıq görüşləri olur.
- Yığma
məşqçiləri üçün də çətin vəziyyət yaranıb.
- Bəli,
çox çətin durumdur. Neçə ildir futbolun içindəsiniz. Yəqin ki, məşqçilərin də
düşdüyü bu durumu anlayarsınız. Fikirləşin ki, 10 gündən sonra Avropaya
gedirik, amma komandanın oyun praktikası yoxdur. Milli məşqçiləri futbolçulara
çox şey verə bilmir. Çünki onlar cəmi bir həftə sənin yanında olurlar. Bu məsuliyyət
artıq klubların üzərinə düşür. Ancaq indi onları da qınamaq olmur. Məlum səbəblərə
görə oyunlar keçirlimir. Belədə bir həftənin içində mən futbolçuya nə verə bilərəm?
Hər ay toplanış esəm belə, yenə cəmi bir həftə mənim yanımda olacaqlar. Qalan günləri
evdə keçirəcəklər.
-
Hazırda millinin heyətində xüsusi istedadı olan, Premyer Liqada oynaya biləcək
futbolçu var?
- Təbii
ki, istedadlı fubolçular var. Premyer Liqada olmasa da, ən azı Birinci Divizion
komandalarında və əvəzedicilərdə oynayacaq futbolçular var. Həmişə hazırlıq görüşlərimizi
də məhz belə rəqiblərə qarşı keçirmişik. Demirəm hansısa klub-filan futbolçunu
məcburən oynatmalıdır. Amma bu bizə də kömək olar. Oyun praktikaları artar, fiziki
durumları yüksələr.
-
Hazırkı vəziyyəti nəzərə alsaq, U-17 millimiz cari tsikldə nə ilə yadda qala bilər?
- Həmişə
pozitiv düşünməyi sevirəm. Futbolçularıma da bunu mənimsətməyə çalışıram. Çünki
hamımız gənc məşqçilərik, yanımızda beş-on gün osalar belə, həmişə uşaqları
inkişaf etdirmək istəyirik. Ümid edək ki, yaxşı nəticələrlə qayıdacağıq. Liqalar
keçirilsəydi, daha pozitiv danışa bilərdim. Oraya əl-qolumuzu yanımıza salmağa
deyil, mübarizə aparmağa gedirik.
- Rəqibləri
analiz etmək imkanınız olubmu?
-
Onlar da turnirlərdə çıxır edir. Norveçlə Belçikanın oyunlarının görüntülərini əldə
etmişik. Lüksemburqun oyunlarının videolarını hələ ki, tapa bilməmişik. Digərlərini
izləyirik, bilirik ki, Avropada özündən söz etdirmiş yığmalara qarşı
oynayacağıq. Düzdür, kağız üzərində favorit ola bilərlər. Ancaq düşünürük ki,
bizim də nələrsə etməyə gücümüz çatar.
Səbuhi Həsənov
Şərhlər