İdman 18:56 02.12.2021

Millimizin yeni baş məşqçisi: “Həmişə zəif komandaları gücləndirmişəm”

AFFA-nın İcraiyyə Komitəsinin iclasından sonra əsas komanda ilə yanaşı bəzi aşağı yaş qrupları üzrə yığmalarımızın da baş məşqçiləri təsdiq olundu. U-15 və U-16 millilərimiz də Füzuli Məmmədova həvalə edildi. İlk dəfə yığmada çalışacaq veteran futbolçu təyinatı ilə bağlı düşüncələrini bölüşüb.

 

Məmmədov Qaynarinfo-ya açıqlamasında necə, haradan başlayacağını bildirməklə yanaşı, uşaq futbolundakı çatışmazlıqlarla bağlı sualları da cavablandırıb.

 

"Millidə çalışmaqla bağlı öncədən fikrimi öyrənmişdilər. Təbii ki, milli komandada hər bir məşqçi çalışmaq istəyər. Etimad göstərdiklərinə görə sevindim və təklifi sevərək qəbul etdim”.

 

Yığmanın baş məşqçisi kimi ilk dəfə çalışacaq sabiq müdafiəçi uşaq futbolunda çalışmağın onun üçün yad olmadığını dedi:

 

"Son vaxtlar böyük komandalarda çalışmışam. Onlara qədər aşağı yaş qruplarında da fəaliyyt göstərmişəm. "Rəvan”ın U-15 komandasından başlamışam. Çempionluğu qazanıb komandanı Çempionlar Liqasına çıxarmışam. Sonuncu dəfə "Səbail”in aşağı yaş qruplarında çalışmışam. Həmin komanda ilə ikinci pilləni tutdum. Hansı ki, "Səbail”in ilk illəri idi. Yəni uşaq futbolu mənə yad deyil. Bu yaş qruplarındakıların psixologiyasını bilirəm. Yaxşı uşaqları seçib üzə çıxarmağı bacarıram. Ona görə də mənim üçün çətin iş deyil. Yığmada ilk işimdir. Əlbəttə, komanda yığmaq hər zaman çətindir. Hər adam bunu bacarmır. Mən "Rəvan”da iki medal qazanmışam, "Səbail”də ikinci, "Zirə” ilə üçüncü pilləni tutmuşam. Bir qədər yekəxanalıq kimi çıxır, amma mən həmişə zəif komandaları gücləndirmişəm. "Qaradağ Lökbatan”da çalışırdım, keçən il komanda 9-cu pillədə gedirdi. Bu il isə birinci yerdədir. Demək istəyirəm ki, həmişə zəif komandaları götürüb, harasa çatdırmışam. Özümə də inanıram. Bu yaş elədir ki, uşaqlar çox da seçilmir. Ancaq həmişə potensiallı uşaqlar olub. Onları üzə çıxarmağa çalışacam”.

 

Maraqlıdır, Məmmədov öncə hansı dəyişiklikləri etməyi, nədən başlamağı düşünür?

 

"Təyinatım yeni olub. Əlbəttə, mənim də planlarım var. Azərbaycanda nə qədər potensiallı uşaq varsa, hamısını bir-bir izləyəcəyəm. Ən bacarıqlılarını, gələcəyi olanları üzə çıxarmağa çalışacağam. Hazırda uşaq futbolundakı problemlərdən danışmaq istəmirəm, onsuz da çoxdur. Klublarda uşaqların inkişafı üçün məşqlərlə bağlı çox problemlər var. Gənc məşqçilərə tövsiyələr verəcəyəm, onların məşqlərini də izləyəcəyəm. Nə lazımdırsa edəcəyəm ki, həmin yaş qrupunda olan uşaqlara diqqət ayırım və onları daha yaxşı tanıyım”.

 

Millimizin sabiq üzvü klublarımızın aşağı yaş qrupları üzrə komandalarının durumunu da qiymətləndirdi:

 

"Uşaq akademiyalarına yaxşı baxan komandalar var. Məsələn, "Neftçi”də son zamanlar məhz aşağı yaş qrupları üzrə komandalara baxmağa çalışırlar. Baza yaratdılar, bütün komandalar birlikdə çalışır. Bu çox yaxşıdır. Çünki bütün məşqçilər bir-birilərini görürlər. Məşqlər izlənilir, yoxlanılır. "Sabah”da azyaşlı uşaqlara çox diqqət var. "Sumqayıt”da yaxşı uşaqlar oynayır. Ümumiyyətlə Sumqayıtda həmişə potensiallı futbolçular olub. "Qəbələ”ni heç vaxt unutmaq olmaz. Elə ən potensiallı uşaqlar məhz bu klubdan çıxıb. Hazırda "Qəbələ”də maliyyə durumu yaxşı olmasa da, uşaqlara kifayət qədər diqqət ayrılır. O gün oxudum ki, Gürcüstana beynəlxalq turnirə gedəcəklər. "Qarabağ”da işləyən yaxşı məşqçilər var. Çalışacağam ki, yaxşı uşaqlar seçim”.

 

Köməkçilərinin müəyyənləşib-müəyyənləşmədiyi haqda sualı Məmmədov belə cavablandırdı:

 

"İnanın təyinatım yeni olub deyə, hələ bu haqda düşünməmişəm. Baxmayaraq ki, əvvəlcədən mənə deyilmişdi. Əlbəttə, köməkçilərimi özüm seçəcəyəm. Ancaq əvvəlcə məşqçilərlə danışmalıyam, onlar razılıq verməlidirlər. Əlbəttə, beynimdə adlar var. Amma razılıqları olmadan heç kimin adını çəkə bilmərəm”.

 

O, aşağı yaş qrupundan ibarət yığmalarımızın durumu ilə bağlı bunları söylədi:

 

"Millilərdə ilk dəfədi çalışıram. Komandaların içində olmadığım üçün bütün diqqətimi PRO kateqoriyası almağa və öz məşqlərimə yönəltmişdim. Məlumatım olmadığı üçün hər hansı fikir söyləmək istəmirəm. Öz işimə gəlincə, bütün bacarıqlarımı, biliyimi əsirgəməyəcəyəm. Harda işləmişəmsə bu belə olub. Hər şeyin maksimunu etməyə çalışacağam. Alına və ya alınmaya bilər. Amma alınması üçün çalışacağam”.

 

Səbuhi Həsənov