Mənimsəmə və vəzifə səlahiyyətlərindən sui-istifadə etməkdə təqsirli bilinən Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin Göyçay Telekommunikasiya Qovşağının müdiri İslam Əliyev və baş mühasibi Soltanəli Məmmədovun cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.
Qaynarinfo axar.az-a istinadən xəbər verir ki, bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Əhməd Quliyevin sədrliyi ilə baş tutan prosesdə təqsirləndirilən şəxslərə hökm oxunub.
Məhkəmənin hökmü ilə təqsirləndirilən şəxslərin barəsində Cinayət Məcəlləsinin 70-ci (şərti məhkum etmə) maddəsi tətbiq edilib.
Onlara şərti cəza təyin edilib.
Zamində olan təqsirləndirilən şəxslər məhkəmə zalından sərbəst buraxılıblar.
İttihama görə, təqsirləndirilən şəxslər vəzifə səlahiyyətlərindən istifadə edərək, tikinti materiallarının ayrılması üçün nazirliyə ayrılmış 3 milyon 245 min 598 manat məbləğində vəsaiti mənimsəyərək, öz ehtiyaclarını ödəmək üçün xərcləyiblər.
Lakin onların işi Vidadi Zeynalov və Aztelekom MMC-nin baş direktoru Məmməd Məmmədovun cinayət işindən ayrılıb və ittihamda göstərilən məbləğ onlar tərəfindən ödənildiyindən, hazırkı təqsirləndirilən şəxslərə qarşı yalnız 97 min manat məbləğində mülki iddia qaldırılıb.
Onların barəsində polisin nəzarətinə verilmə qətimkan tədbiri seçilib.
Qeyd edək ki, Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Vidadi Zeynalov 13 il müddətinə azadlıqdan məhrum edilib. Bakı Apelyasiya Məhkəməsinin qərarına əsasən onun cəzası 4 ilə endirilib.
Vidadi Zeynalovla birlikdə mühakimə olunan Bakı Telefon Rabitəsi İstehsalat Birliyinin sabiq rəhbəri Beytulla Hüseynov 13 il, Optik Qurğular İdarəsinin sabiq rəisi Namazalı Məmmədov 11 il, Rabitə Mülki Tikinti MMC-nin direktoru Emin Məmmədov 10 il, Bakı Telefon Rabitəsi İstehsalat Birliyinin sabiq baş mühasibi Anar Mustafayev 5 il, Azərpoçt MMC-nin sabiq baş direktoru Qəmbər Bəybalayev 3 il müddətinə azadlıqdan məhrum ediliblər.
Hökmə əsasən, Aztelekom MMC-nin sabiq baş direktoru Məhəmməd Məmmədov, AzİnTelekom MMC-nin sabiq baş direktoru Cəlil Cəfərov, Optik Rabitə, Tikinti və Quraşdırma MMC-nin baş mühasibi Səhrab Hümbətov, Aztelekom MMC-nin baş mühasibi Oqtay Rüstəmov, Təmir-Təchizat Servis MMC-nin direktoru Bayram Vəliyevin barəsində Cinayət Məcəlləsinin 70-ci (şərti məhkum etmə) maddəsi tətbiq edilib. Onlar məhkəmə zalından azadlığa buraxılıblar.
Bakı Apellyasiya Məhkəməsinin qərarı ilə Beytulla Hüseynovun cəzası 7 il 6 aya endirilib. Qərara əsasən, Namazalı Məmmədov, Qəmbər Bəybalayev, Anar Mustafayev və Emin Məmmədov şərti cəza verilib, onlara məhkəmə zalından azadlığa buraxılıb.
Vidadi Zeynalovun qohumları Bakı Apellyasiya Məhkəməsinin qərarından kassasiya şikayəti veriblər. Onlar əmlakları üzərinə qoyulmuş həbsin götürülməsini tələb ediblər.
Qeyd edilib ki, Vidadi Zeynalovun baba evi, yəni 1923-cü ildə alınmış mənzil hələ də həbsdən azad edilməyib. Vidadi Zeynalov özü isə cəza ilə bağlı heç bir şikayət verməyib.
Sabiq milli təhlükəsizlik naziri Eldar Mahmudovun yaxın qohumu Beytulla Hüseynov ona verilən cəzadan narazıdır. O, barəsində bəraət hökmünün çıxarılmasını və üzərində həbs olan əmlaklarının özünə qaytarılmasını istəyir.
Digər məhkumlar da günahsız olduqlarını, barələrində bəraət hökmünün çıxarılmasını kassasiya şikayətlərində xahiş ediblər.
Bu işə Ali Məhkəmədə hakim Əli Seyfəliyevin sədrliyi ilə baxılır.
Şərhlər