Artıq ATƏT-in Minsk qrupunun buraxılması üçün hüquqi və siyasi baxımdan tam münbit şərait yetişib. Belə ki, vaxtilə onun yaradılmasına razılıq verən tərəflər, həm Azərbaycan, həm də Ermənistanın son bəyanatlarından belə çıxır ki, İrəvanın özü də belə bir quruma ehtiyac olmadığı qənaətinə gəlib. Bu addımın atılmasının vacibliyini Azərbaycan Prezidenti İlham Əliyev dəfələrlə bildirib.
Rəsmi Bakı bəyan edib ki, Ermənistanla uzunmüddətli sülhün yaranması üçün şərtlərdən biri ATƏT-in Minsk qrupunun buraxılmasıdır. Əvvəllər bu təkliflə yalnız Bakı çıxış edirdi. Amma indi görünən odur ki, İrəvan ilk dövrdə bu təklifi qəbul etməsə də, artıq belə görünür, o da məsələyə müsbət cavab vermək niyyətindədir. Belə ki, keçən həftə Ermənistan baş naziri Nikol Paşinyan Minsk qrupunun buraxılması ideyasını konstruktiv ideya kimi dəyərləndirib:
"Biz bu mövqeyi başa düşürük, əgər münaqişə yoxdursa, o zaman münaqişənin həlli ilə məşğul olan formatın olmasının nə mənası var".
Bu açıqlamadan da göründüyü kimi, artıq hər iki tərəf Minsk qrupunun buraxılmasını istəyir. Deməli, yarandığı gündən üzərinə düşən vəzifənin öhdəsindən gələ bilməyən və artıq münaqişənin bitməsi fonunda prosesi tənzimləməyi öhdəsinə götürən belə bir qurumun mövcudluğuna ehtiyac qalmayıb. Belə bir şəraitdə Minsk qrupunun mövcudluğu tamamilə yersizdir. Belə olan halda onun saxlamasında maraqlı olan xarici qüvvələr aydın məsələdir ki, sadəcə olaraq, tərəflərə təsir etmək, bölgədə öz mövqelərini qorumaq üçün ATƏT-in Minsk qrupundan bərk-bərk yapışıblar.
Bu arada Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova da Minsk qrupunun buraxılmalı olduğuna işarə vurub. O bildirib ki, Minsk konfransının bütün strukturları-Minsk qrupu, yüksək səviyyəli planlama qrupu, ATƏT-in Qarabağ konflikti üzrə fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəliyi də buraxılmalıdır. Zaxarova qeyd edib ki, bu istiqamətdə qərarın verilməsi üçün də ən optimal variant Bakı və İrəvanın bu institutların ləğvi ilə bağlı birgə təkliflə çıxış etmələridir.
Rusiya XİN-in sözçüsü onu da vurğulayıb ki, belə olarsa, tezliklə ATƏT-in Minsk qrupu hüquqi baxımdan tarixin arxivinə gedəcək. Zaxarovanın da qeyd etdiyi kimi, Minsk qrupunun hüquqi baxımdan ləğvi üçün hər iki tərəf birgə təkliflə çıxış etməlidir. Ancaq Ermənsitanın bu gün bir, sabah başqa fikirdə olduğunu, habelə xaricdəki hamilərinin göstərişi olmadan hərəkət edə bilmədiyini nəzərə alsaq, Paşinyanın indiki halda Minsk qrupunun ləğvini vacib saysa da, sonrakı mərhələdə əks fikrə düşməyəcəyinə heç kim zəmanət verə bilməz.
Onu da qeyd edək ki, Rusiyanın Minsk qrupunun ləğvində maraqlı olması isə heç də Moskvanın Azərbaycan və Ermənistana olan qayğısından irəli gəlmir. Əksinə, Rusiya bilir ki, ATƏT-in Minsk qrupu ABŞ və Fransanın bölgədə mövcud olmalarına imkan verən variantlardan biridir. Kreml isə Qərbin digər MDB məkanları kimi, Cənubi Qafqazda olmasını da həzm edə bilmir.
Zaxarovanın timsalında Rusiya XİN-in ATƏT-in Minsk qrupu ilə bağlı dedikləri də məhz Qərbi bölgədən çıxarmaq niyyətindən qaynaqlanır, nəinki region ölkələrinə rəğbət bəsləməsindən...
Rüfət Sultan
Şərhlər