MSK seçkilərlə bağlı qərar verdi: Təşviqat nə vaxt başlayacaq? (YENİLƏNİB)

MSK seçkilərlə bağlı qərar verdi: Təşviqat nə vaxt başlayacaq? (YENİLƏNİB)

Mərkəzi Seçki Komissiyası (MSK) növbədənkənar parlament seçkiləri ilə əlaqədar Təqvim Planını təsdiqləyib. 

Qaynarinfo "Report"a istinadən xəbər verir ki, bununla bağlı MSK-nın bu gün keçirilən iclasında qərar qəbul edilib.

İclasda "Azərbaycan Respublikasının Milli Məclisinə növbədənkənar seçkilərin hazırlanıb keçirilməsi üzrə əsas hərəkət və tədbirlərin Təqvim Planı” müzakirə olunaraq təsdiq edilib.

İclasda həmçinin MSK-nın bəzi normativ xarakterli aktlarına dair müzakirələr aparılıb.

"Azərbaycan Respublikasının Milli Məclisinə növbədənkənar seçkilərin hazırlanıb keçirilməsi üzrə əsas hərəkət və tədbirlərin Təqvim Planı”ına əsasən növbədənkənar parlament seçkilərində namizədin qeydə alınması üçün zəruri olan seçki sənədləri dekabrın 21-dən başlayaraq yanvarın 10-u saat 18:00-dək dairə seçki komissiyalarına təqdim edilməlidir. 

Seçkiqabağı təşviqatın aparılmasına isə yanvarın 17-də başlanacaq və təşviqat 8 fevral saat 08:00-da dayandırılacaq.

Azərbaycanda parlament seçkilərində exit-poll keçirmək niyyətində olan təşkilatlar akkreditasiya üçün sənədlərini yanvarın 20-dək Mərkəzi Seçki Komissiyasına təqdim etməlidirlər.

Yanvarın 30-dək isə onların qeydiyyata alınması başa çatmalıdır.

Növbədənkənar parlament seçkiləri ilə əlaqədar olaraq MSK-nın nəzdində ekspert qrupu və işçi qrupu yaradılıb.

Qurumun bu gün keçirilən iclasında vətəndaşların seçki hüquqlarını pozan hərəkətlərdən (hərəkətsizlikdən) və qərarlardan şikayətlərin araşdırılması məqsədilə MSK nəzdində ekspert qrupu yaradılması məsələsinə baxılıb. Məsələ müzakirə edildikdən sonra səsverməyə qoyularaq təsdiq edilib.

Daha sonra isə imza vərəqələrində, habelə namizədlərin, siyasi partiyaların, siyasi partiya bloklarının təqdim etdikləri sənədlərdə olan məlumatların düzgünlüyünü və müvafiq məlumatları yoxlamaq üçün işçi qrupunun yaradılması və tərkibinin müəyyən edilməsi məsələsi müzakirə olunub.

Müzakirələrdən sonra sənəd səsverməyə çıxarılaraq qəbul edilib.
 
11.19 
 
Bu gün Mərkəzi Seçki Komissiyasının (MSK) növbədənkənar parlament seçkiləri ilə əlaqədar iclası keçiriləcək.

Qaynarinfo "Report"a istinadən xəbər verir ki, iclasda növbədənkənar seçkilərə hazırlıq məsələsi müzakirə olunacaq, qərar veriləcək. Toplantı saat 14:00-da başlayacaq.

Qeyd edək ki, noyabrın 28-də hakim Yeni Azərbaycan Partiyası Siyasi Şurasının iclası keçirilib. İclasda partiyanı təmsil edən deputatlara Milli Məclisin buraxılması ilə bağlı təşəbbüslə çıxış etmək tövsiyə olunub.

Milli Məclisin dekabrın 2-də keçirilən plenar iclasında YAP deputatlarının təşəbbüsü müzakirə olunub, qərar qəbul edilib. Deputatlar parlamentin buraxılması və növbədənkənar seçkilərin təyin edilməsi haqqında Azərbaycan Prezidentinə müraciət ediblər.

Həmin gün Azərbaycan Prezidenti "Azərbaycan Respublikasının Milli Məclisinə növbədənkənar seçkilərin təyin edilməsi haqqında” Milli Məclisin müraciətində göstərilən parlamentin buraxılması məsələsinin Konstitusiyaya uyğunluğu ilə bağlı Konstitusiya Məhkəməsinə sorğu göndərib.

Dekabrın 4-də Konstitusiya Məhkəməsinin Plenumunun iclası keçirilib və iclasın yekununda Milli Məclisin buraxılmasının Konstitusiyaya uyğun olması barədə qərar qəbul edilib.

Prezident İlham Əliyevin dekabrın 5-də "Azərbaycan Respublikası Milli Məclisinin beşinci çağırışının buraxılması və Azərbaycan Respublikasının Milli Məclisinə növbədənkənar seçkilərin təyin edilməsi haqqında” sərəncam imzalayıb. Sərəncama əsasən, Azərbaycan Respublikasının Milli Məclisinə növbədənkənar seçkilər 2020-ci il fevralın 9-na təyin edilib.

Blogum-Qaynar
XƏBƏRLƏR
BLOGLAR