Foto 18:59 10.02.2020

Mücrü açıldı… Müşfiq Xanın kitabı çıxdı (FOTOLAR)

8 fevral 2020-ci ildə "Mücrü” nəşriyyatında, nəşriyyatın rəsmi açılış mərasimi və nəşriyyatın direktoru, detektiv yazıçı Müşfiq Xanın "Ziqzaq” kitabının təqdimatı baş tutub.

 

Qaynarinfo xəbər verir ki, tədbirdə Azərbaycanın tanınmış şairləri, yazıçıları və sənət adamları və tanınmış pedaqoqlar iştirak edib. Tədbiri giriş sözü ilə açan nəşriyyatın direktoru Müşfiq Xan nəşriyyatın qısa müddət ərzində gördüyü işlərdən, yeni nəşrlərdən söz açıb, gələcək planlarla bağlı qonaqlara məlumat verib.

"Nəşriyyatımız qısa müddət ərzində sübut etdi ki, hədəfimiz ədəbiyyatımıza və Azərbaycan kitabına xidmətdir. Devizimizə uyğun olaraq fəaliyyətimizi qurmağa çalışırıq. Yerli yazıçı və şairlərə ən münasib şərtlərlə xidmətlərimizi təqdim edirik. Hazırda ölkənin ən ucuz və keyfiyyətli nəşriyyatı olduğumuzu məsuliyyətlə qeyd edə bilərəm. Peşəkar komanda ilə, peşəkar xidmət göstəririk. Gələcək fəaliyyətimizdə xarici müəlliflərin də əsərlərinə müraciət edəcəyik. Hələlik yerli müəlliflərin təbliği istiqamətində layihələr həyata keçiririk və gördüyümüz işlərlər göz önündədir. Biz kitab bazarında oxucunun etimadını qazanmağı qarşımıza məqsəd qoymuşuq və buna nail olacağımıza əminik”.


Daha sonra tədbirdə iştirak edən qonaqlar nəşriyyatın fəaliyyəti ilə bağlı təkliflər irəli sürüb, nəşriyyatın nəzdində yaradılmış "Mücrü Kitab Klubu”na yeni üzvlər qəbul edilib.


Xatırladaq ki, ötən ilin sonu fəaliyyətə başlayan və qısa müddət ərzindəki fəaliyyəti ilə iddialarını ortaya qoyan nəşriyyatın açılış mərasimində yeni nəşrlərin də təqdimatı baş tutub.