Müəllimlərin işə qəbulu imtahanlarının müsahibə mərhələsi dünən yekunlaşıb. Ötən illərlə müqayisədə MİQ imtahanlarında iştirak edənlərin sayında bu il artım müşahidə edilib.
Qaynarinfo Təhsil Nazirliyinə istinadən məlumat verir ki, ötən tədris ili üçün keçirilən müəllimlərin işə qəbulu üzrə müsabiqədə iştirak etmək məqsədilə, 49 335 nəfər www.miq.edu.az internet səhifəsində qeydiyyatdan keçib. Bu rəqəm 2016-cı ildə 34 888, 2015-ci ildə isə 21 795 nəfər olub.
Qeydiyyatdan keçənlərin sayındakı artım bu peşə üzrə rayonlarda çalışmaq istəyənlərin sayının çoxalmasına işarədir.
2017-ci ildə qeydiyyatdan keçənlərdən 47 000 nəfərin elektron ərizəsi təsdiq edilərək test imtahanı mərhələsinə buraxılıblar. Müsabiqənin test imtahanı mərhələsində isə 40 000 nəfər iştirak edib. Müəllimlərin işə qəbulu üzrə müsabiqənin I turu nəticəsində müddətsiz müqavilə ilə işə qəbul olunanların sayı 4 454, II turunda isə 1 058 nəfər olub.
Bu ilin göstəricilərinə nəzər saldıqda isə, müəllimlərin işə qəbul imtahanı üçün müraciət edən namizədlərin sayının artdığı aydın olur. Bu il 2-8 iyul tarixlərində aparılan elektron sənəd qəbulu zamanı 50 697 namizəd qeydiyyatdan keçib. Bu ilki MİQ imtahanlarında iştirak etmək üçün müraciət edənlərin ərizələrindəki göstəricilər araşdırıldıqdan sonra 46 839 namizədin ərizəsi qəbul olunub.
Şərhlər