Ölkə 12:08 05.10.2022

Müəllimlər Günündə onları da təbrik etmək doğru deyil - Təhsil eksperti

"Müəllim üçün hədiyyə onun dərs verdiyi şagirdlərdir”.

Bunu Qaynarinfo-ya açıqlamasında təhsil eksperti Elçin Əfəndi Beynəlxalq Müəllimlər Günü ilə bağlı fikirlərini bölüşərkən deyib. Ekspert bildirib ki, dünyanın əksər ölkələrində oktyabrın 5-i Müəllimlər Günü kimi qeyd olunur:

"Həmin ölkələrə baxanda görürük ki, orada müəllim güllə-çiçəklə təbrik edilir, əməyi quru sözlərlə qiymətləndirilir. Müəllimin şagirddən və yaxud da onun valideynlərindən gözləntisi olması doğru deyil. Azərbaycana gəlincə, hazırda çalışan müəllim heyətininin sayı təqribən 200 mini keçib. Müəllim üçün şagirdlərlə işləmək daha maraqlıdır. Amma Azərbaycanda vicdanlı, peşəsini sevən müəllimlərin sayı çox azdır. Çünki təhsil sektorunda peşəsi müəllim olmayanlar da var, amma onlar müəllim fəaliyyəti ilə məşğuldurlar, kiminsə tapşırığı ilə hansısa məktəbdə işə götülüblər. Amma Müəllimlər Günündə onları da təbrik etmək doğru deyil”.
 


Ekspertin fikirincə, bu, hansısa müəllimin haqqının tapdalanması deməkdir:

"Müəllimin nifuzu bəzi səbəblərdən o qədər aşağı endirilib ki, onun gözləntisi və yaxud da onu quru sözlərlə təbrik eləmək cəmiyyət içərisində müəllimə qarşı fikir formalaşdırır. Burada canfəşanlıq rolunu oynayan valideynlərdir, xüsusi valideyn komitələridir. Hər hansı bir müəllim hədiyyəni qəbul etməyəndə onlar daha çox canfəşanlıq nümayiş etdirirlər.  Sanki həmin komitələr bunu öz övladlarına görə edir. Valideyn bu gün müəllimə hər hansı bir hədiyyə təqdim etməsə, heç bir müəllim bunu dilinə gətirməz. Yaxud da müəllim nəyisə götürməyəndə valideyn onu zorla verməli deyil. Bu gün biz müəllim əməyini daha çox dəyərləndirməliyik, onun nifuzunu özünə qaytarmalıyıq”.

Ekspert hesab edir ki, müəllimlər kütləvi şəkildə valideynlərin onlara təqdim etdiyi hədiyyəyə etiraz etməlidir:

"Bu gün Azərbaycan müəllimi normal əmək haqqı alarsa, əlavə dərs deməyə ehtiyac duymaz. Biz sanki bu günü özəlləşdirmişik. Kiməsə gül-çiçək, yaxud da bahalı hədiyyə tədqim etdiyimiz halda bayram əhvalı yaşayacağıq. Əks halda sıradan bir gün kimi təsir bağışlayacaq”.

Bahar Rüstəmli