ABŞ Mərkəzi Kəşfiyyat İdarəsinin (MKİ) illər ərzində məxfi saxladığı 11 sentyabr hücumları ilə bağlı sənədlər 25 il sonra ictimaiyyətə açıqlanıb.
Qaynarinfo xəbər verir ki, sənədlərdə hücumlardan illər əvvəl “Əl-Qaidə”nin ABŞ-a qarşı planları ilə bağlı kəşfiyyat xəbərdarlıqlarının yer aldığı məlum olub.
MKİ 71 kəşfiyyat sənədini yayımlayıb
ABŞ Mərkəzi Kəşfiyyat İdarəsi 11 sentyabr terror hücumlarının 25-ci ildönümü ərəfəsində Üsamə bin Laden və “Əl-Qaidə” ilə bağlı 71 kəşfiyyat sənədini yayımlayıb.
1998-ci il fevralın 13-dən 2001-ci il sentyabrın 12-dək olan dövrü əhatə edən sənədlər “Əl-Qaidə”nin ABŞ-a qarşı fəaliyyəti barədə Vaşinqtona daxil olan məlumatları üzə çıxarıb.
İlk hesabatlarda kütləvi qırğın silahları barədə məlumat yer alıb
Yayımlanan ən qədim sənəd 13 fevral 1998-ci il tarixlidir və “Kütləvi qırğın silahları əldə etməyə çalışan terrorçular” başlığını daşıyır. Hesabatda Bin Ladenin və digər radikal qrupların “açıq bazarlardan mənşəyi dəqiqləşdirilməmiş kimyəvi, bioloji və nüvə maddələri əldə etmək üçün razılığa gəldiyi” barədə məlumat yer alıb.
Sənəddə, həmçinin “Əl-Qaidə” üzvlərinin Səudiyyə Ərəbistanındakı ABŞ hərbi obyektlərini hədəfə almaq məqsədilə material axtardıqlarına dair kəşfiyyat məlumatlarının olduğu bildirilib.

“Partlayıcı yüklü təyyarə” ehtimalı hesabatda yer alıb
10 sentyabr 1998-ci il tarixli, “Bin Ladenin mövqeyi və niyyətləri” başlıqlı sənəddə “Əl-Qaidə” liderinin ABŞ-a öz ərazisində hücum etmək istədiyi qeyd olunub.
Hesabatda təşkilatın “ABŞ-dakı bir şəhərə partlayıcılarla dolu təyyarə uçura biləcəyi” barədə kəşfiyyat məlumatının da yer aldığı bildirilib. Bu qiymətləndirmə 11 sentyabr hücumlarından təxminən üç il əvvəl hazırlanıb.
Təyyarə qaçırma planı da müəyyən edilib
MKİ-nin 4 dekabr 1998-ci il tarixli digər sənədi “Bin Laden ABŞ təyyarələrini qaçırmağa və digər hücumlara hazırlaşır” başlığını daşıyıb.
Hesabatda Bin Ladenin və müttəfiqlərinin ABŞ-da təyyarə qaçırma da daxil olmaqla müxtəlif əməliyyatlar planlaşdırdığı qiymətləndirilib. Bu planlardan birinin yüksək vəzifəli “Əl-Qaidə” üzvlərinin azad edilməsinə nail olmaq məqsədilə istifadə oluna biləcəyi bildirilib.
Eyni sənəddə adı açıqlanmayan mənbə Nyu-Yorkda adı göstərilməyən hava limanında keçirilən “yaxın tarixli sınaq” zamanı təyyarə qaçırma qrupu üzvlərindən ibarət hücrənin təhlükəsizlik yoxlamalarından keçməyə nail olduğunu bildirib.

“Əl-Qaidə”nin təhdidi gündəmdə qalıb
23 dekabr 1999-cu il tarixli “Terrorizm: Müxtəlif qruplar ABŞ əleyhinə hücumlar planlaşdırır” başlıqlı brifinqdə Bin Ladenin rəhbərlik etdiyi “Əl-Qaidə” şəbəkəsi və onunla əlaqəli qrupların Vaşinqton üçün ciddi təhlükə yaratdığı qiymətləndirilib.
Lakin sonrakı dövrdə kəşfiyyat məlumatları ilə bağlı mühüm problem üzə çıxıb. Müxtəlif hücum ehtimalları barədə məlumatlar hesabatlara daxil edilsə də, təhdidlərin hamısını vahid plan çərçivəsində birləşdirən aydın mənzərə formalaşmayıb.
3 avqust 1999-cu il tarixli sənəddə də “Əl-Qaidə”nin əldə edilmiş kəşfiyyat məlumatlarının bir hissəsini ABŞ-ı çaşdırmaq məqsədilə qəsdən yaymış ola biləcəyi ehtimalı nəzərdən keçirilib.
Hücumdan həftələr əvvəl yeni xəbərdarlıq
24 iyul 2001-ci il tarixli prezidentlik səviyyəli kəşfiyyat sənədində “Bin Ladenin dəstəklədiyi və yaxın zamanda gözlənilən terror əməliyyatının təxirə salındığı, lakin yaxın perspektivdə digər hücumlara hazırlıqların davam edə biləcəyi” barədə məlumat yer alıb.
6 avqust 2001-ci il tarixli hesabatda isə Bin Ladenin ABŞ-a hücum etmək niyyəti ilə bağlı qiymətləndirmələr aparılıb. MKİ-nin 28 avqust tarixli hesabatında da “Əl-Qaidə”nin fəaliyyəti ilə bağlı yeni məlumatlar nəzərdən keçirilib.
Buna baxmayaraq, kəşfiyyat hesabatları hücumun üsulu və miqyası ilə bağlı dəqiq proqnoz verə bilməyib.

Kəşfiyyatdakı çatışmazlıqlar müzakirə olunub
MKİ analitikləri bildiriblər ki, 11 sentyabrdan əvvəl terror təhdidləri kəşfiyyat fəaliyyətində indiki qədər prioritet təşkil etmirdi. Xüsusilə Bin Laden və “Əl-Qaidə” haqqında insan mənbələrindən əldə edilən məlumatların məhdud olduğu vurğulanıb.
Səlahiyyətli şəxslər, həmçinin prezident səviyyəsində ardıcıl hazırlanan hesabatların zamanla “xəbərdarlıq yorğunluğu” yarada biləcəyinə diqqət çəkiblər.
ABŞ-da 2004-cü ildə yayımlanan 11 sentyabr Komissiyasının hesabatında da ölkənin kəşfiyyat orqanlarının “Əl-Qaidə” ilə bağlı çoxsaylı xəbərdarlıqlar aldığı, lakin təşkilatın planlaşdırdığı hücumun miqyasını və sürətini tam dərk edə bilmədiyi qənaətinə gəlinib.
11 sentyabrdan sonra sistem dəyişib
Hücumlardan sonra ABŞ-ın milli təhlükəsizlik strukturunda genişmiqyaslı islahatlar aparılıb. Daxili Təhlükəsizlik Departamenti yaradılıb. Federal Təhqiqatlar Bürosu (FTB), MKİ və digər kəşfiyyat qurumları arasında koordinasiyanı gücləndirmək məqsədilə Milli Kəşfiyyat Direktorunun Ofisi təsis edilib.
Kəşfiyyat hesabatlarının hazırlanma üsulunda da dəyişikliklər edilib. Hazırda təhlillərdə əldə olunan məlumatların etibarlılıq dərəcəsini göstərən “inam səviyyəsi” qiymətləndirmələrinə daha çox yer verilir.
Bin Laden 10 il sonra öldürülüb
11 sentyabr hücumlarından sonra ABŞ-ın Üsamə bin Ladeni tapmaq cəhdləri təxminən 10 il davam edib. ABŞ xüsusi təyinatlı qüvvələri 2 may 2011-ci ildə Pakistanın Abbotabad şəhərində keçirdiyi əməliyyat nəticəsində “Əl-Qaidə” liderini öldürüb.
MKİ-nin yayımladığı sənədlər hücumlardan əvvəl ABŞ administrasiyasının Bin Laden və “Əl-Qaidə” barədə hansı kəşfiyyat məlumatlarına malik olduğunu yenidən gündəmə gətirib.
Aydın
Şərhlər