Azərbaycanın orta məktəblərində müəllimlərin dərs yükü normaları artırılıb. Bütün ümumtəhsil məktəblərində, gimnaziya və liseylərdə, peşə məktəbləri və peşə liseylərində, idman və incəsənət məktəblərində müəllimlərin, məktəbdənkənar təhsil müəssisələrində dərnək rəhbərlərinin həftəlik 1 stavka dərs yükü 12 saat (bu zaman həftəlik dərs yükü 3 stavkanı aşmamalıdır) olmalıdır. Dəyişikliyə əsasən, bütün tipdən olan ümumtəhsil məktəblərində, gimnaziya və liseylərdə, peşə məktəbləri və peşə liseylərində müəllimlərin 1 stavka dərs yükü 18 saat (bu zaman həftəlik dərs yükü 2 stavkanı aşmamalıdır), idman və incəsənət məktəblərində müəllimlərin, məktəbdənkənar təhsil müəssisələrində dərnək rəhbərlərinin həftəlik 1 stavka dərs yükü 12 saat (bu zaman həftəlik dərs yükü 3 stavkanı aşmamalıdır) olacaq.
Sentyabrın 15-dən qüvvəyə minən bu qərar hansı yeniliklərə səbəb olacaq?
Maaşı artan və azalan müəllimlər kimlər olacaq?
Təhsil eksperti Kamran Əsədov Lent.az -a açıqlamasında "Dövlət ümumi təhsil müəssisələrində çalışan bilik və bacarıqlarının diaqnostik qiymətləndirilməsi aparılan müəllimlərin dərs yükünün və əməkhaqqının artırılması haqqında” Prezidentin 2015-ci ildə verdiyi sərəncamı xatırladıb: "Dərs yükü bölüşdürülərkən mövcud qanunvericiliyin və təlimat sənədlərin tələbləri, müəllimlərin diaqnostik qiymətləndirmədə göstərdiyi nəticələri müəssisə rəhbəri tərəfindən nəzərə alınır. Dərs bölgüsü aparılarkən müəssisədə işləyən müəllim üçün həftəlik dərs yükü 18 saat (bu zaman həftəlik dərs yükü 2 stavkadan artıq olmamalıdır) müəyyənləşdirilir. Vakant dərs yükü 18 saatdan az olarsa, həmin saatlar ilk növbədə müəssisənin ixtisaslı müəllimləri arasında bölüşdürülür. Müəssisədə hər hansı ixtisasdan kadr olmadıqda, həmin ixtisas üzrə tədris planına əsasən müəyyənləşdirilmiş həftəlik dərs yükü 18 saatadək olduğu halda, yerli təhsili idarəetmə orqanının və ərazi maliyyə hesablaşma mərkəzinin razılığı ilə müəssisə rəhbəri tərəfindən digər müəssisələrdən əvəzçiliklə və ya saathesabı qaydasında müəllim dəvət olunur”.
Dövlət ümumi təhsil müəssisələrində çalışan, amma diaqnostik qiymətləndirilməsi aparılmayan müəllimlərə gəldikdə, ekspert bildirib ki, onlar MİQ-dən kənar işə qəbul olunmaqla yanaşı, diplomları dövlət nümunəli deyil: "Bu müəllimlərin əmək haqqı 2015-ci ildə artırılmamışdı və onlar köhnə stavka ilə, bir stavka 12 saat olan tarif ilə əmək haqqı alırdılar və 6 saata qədər dərs deyə bilirdilər. Lakin indi yeni qayda onların stavkasını 12 saatdan 18 saata qaldırdı, lakin dərs saatları artmadı. Bu da onların əmək haqqının ciddi azalmasına gətirib çıxaracaq. Çünki onlar əvvəl köhnə 12 saatlıq stavka ilə 6 saat, yarım stavka dərs deyib pul alırdılarsa, indi onlar artım olmadan bu əmək haqqını alacaqlar. İndi həftəlik 1 stavka dərs yükü 18 saat olduğu üçün 490 manat bölünür dərs saatına və artımla o dərsin pulunu DQ da iştirak edən, MİQ yolu ilə qəbul olan alır. Bunlarda iştirak etməyən daha da az əmək haqqı alacaq. Belə ki, buna qədər MİQ-dən kənar işə qəbul olan, diploma dövlət nümunəli olmayan 80-90 manat əmək haqqı alırdısa, indi bir az da az əmək haqqı alacaq. Belə izah edim ki, MİQ və DQ da iştirak edib işə qəbul olan həftəlik 1 stavka dərs yükü 18 saat olduğu üçün 490 manat bölünür 18 saata 1 saatın məbləği tapılır və onu artımla alır. Amma MİQ və DQ-dan kənar qəbul olan, diploma dövlət nümunəli olmayanda bu az olur. Hardasa 1 dərs saatı 8-9 manat”.
Ekspert qeyd edib ki, 2014-2018-ci illərdə Təhsil Nazirliyinin diaqnostik qiymətləndirməsindən keçən müəllimlərin orta aylıq əmək haqqı 465 manatdır. Qeyd edək ki, 2014-cü ildən bu günə kimi 142 min müəllim diaqnostik qiymətləndirmədən keçib.
Ekspert qeyd edib ki, maaşın 20 faiz artımı diaqnostik qiymətləndirmədən keçməyənlərə də şamil olunur: "Əmək haqlarının artımı diaqnostik qiymətləndirmədən keçən bütün müəllimlərə şamil ediləcək. Amma artım zamanı qiymətləndirmədən keçən müəllimlər arasında fərq qoyulmayacaq, artım bütün müəllimlərin əmək haqlarına eyni səviyyədə təsir göstərəcək. Hazırkı dövrdə diaqnostik qiymətləndirmənin nəticələri müəllimlərin dərs bölgüsü zamanı nəzərə alınır. Bu o deməkdir ki, diaqnostik qiymətləndirmənin nəticələri yüksək olan müəllim daha çox dərs saatı alacaq və bu da onun yüksək əmək haqqı almasına imkan verəcək. Bu artımdan sonra təkcə Bakı şəhərində 8965 nəfər müəllimin əməkhaqqı 500-1000 manat, 476 nəfər müəllimin əməkhaqqı isə 1000 manatdan yuxarı olub. Aparılan islahat nəticəsində həmin müəllimlərin orta aylıq əməkhaqqı 465 manat təşkil etməklə, ölkə üzrə müvafiq göstəriciyə yaxınlaşıb. Yeni artımdan sonra müəllimlərin əməkhaqqı orta hesabla 77-99 manat artıb. İndi pedaqoji staj 3 ilə qədər olan və bir stavka dərs yükü (18 saat) dərs deyən müəllim aylıq 462 manat, pedaqoji staj 18 ildən çox olan və bir stavka dərs yükü (18 saat) dərs deyən müəllim aylıq 594 manat əmək haqqı alacaq. Amma diaqnostik imtahanda iştirak etməyən müəllimlər ə var. Onlar 6 saata qədər dərs deyirlər və əməkhaqqı 2016-cı ilin yanvarın 1-dək qüvvədə olan ödəmə cədvəlinə uyğun olaraq həyata keçirilir. Amma onlar barəsində də qərar olacaq və onların da əmək haqları dərs saatına görə artırılacaq. Hazırda onlar 80-100 manat arasında əməkhaqqı alır ki, 2019-cu il sentyabrın 1-dən bu rəqəmlər 150 manata qədər artırılacaq”.
Ekspertin sözlərinə görə, ölkədə son maaş artımından sonra DQ-dən keçməyən müəllimlərin maaşı prosesi keçən müəllimlərin maaşına çatmışdı: "DQ-dən keçməyənlərin 12 saatlıq stavkasını DQ-dən keçənlərin 18 saatlıq stavkasına çatdırdılar. İndi ölkədə əvvəlki kimi müəllimlər 12 və 18 saatlıq fərqli stavkada deyil, bir stavka üzrə maaş alacaqlar. Lakin yenə də əvvəlki kimi müxtəlif vahid taarif cədvəli üzrə maaş almaqda davam edəcəklər. Yəni DQ-dən keçməyən müəllimlər maaş artımından sonra 12 saata aldıqları pulu 18 saat dərs deməklə ala biləcəklər. Yəni bu o deməkdir ki, son maaş artımından sonra bu qərar onların maaşını azaldacaq. Hətta son maaş artımından əvvəlki maaşdan da daha az pul alacaqlar”.
DQ-dən keçməyənlərin məsələsinə gəlincə, ekspert qeyd edib ki, bunlar imtahandan çəkinib müxtəlif bəhanələrlə iştirakdan boyun qaçıranlar, 10 faizdən aşağı nəticə göstərənlər, MİQ-dən kənar olanlar, saxta diplomlular və dövlət nümunəli diplomu olmayanlardır: "Son qərarın müəllimlərin əksəriyyətinə heç bir dəxli yoxdur. Lakin gərək bu qərar indi yox, müəllimlər məzuniyyətdə olduğu dövrdə, maaş artımından dərhal sonra veriləydi. Çünki insanları ümidləndirib, sonda ümidlərini qırmaq yaxşı hal deyil. Onsuz da yaxın illərdə maaşlar sürətlə artacaq. Belə vəziyyətdə müəllimlərin ayrı-ayrı stavkalarını bu cür nəzarətdə saxlamaq çətin olacaq. Bu qərardakı dəyişikliyin ümumilikdə müəllimlərə bir aidiyyəti yoxdur”.
Şərhlər