Xəbər lenti

Müharibədən sonra NATO Ukraynanın nəyinə lazımdır?
Hüseynbala Səlimov
Dünya 09:05 19.06.2023

Müharibədən sonra NATO Ukraynanın nəyinə lazımdır?

Siyasətçilər, diplomatlar və ya hərbçilər adətən soyuqqanlı olurlar. Biz buna növbəti dəfə, ABŞ prezidentinə istinadən yayılan bir informasiyanı oxuyarkən bir daha əmin olduq. 

Belə ərz edilir ki, guya ABŞ prezidenti Co Bayden deyib ki, Ukrayna NATO-ya sadələşdirilmiş şəkildə qəbul oluna bilər, amma Rusiya ilə müharibədən sonra!

Əvvəlcə baxaq görək, bu sadələşdirilmiş qayda nə deməkdir? Bəli, söhbət Üzvlük üçün Fəaliyyət Planından gedir. Bu Plan 1999-cu ildə təsis olunub. Hazırda Bosniya-Herseqovina bu Planı reallaşdırmaqdadır. Amma əksər ölkələrin təmsilçiləri belə hesab edirlər ki, Fəaliyyət Planı artıq prosedurdur, onu reallaşdırmadan da Alyansa üzv olmaq olar. Elə bu səbəbdən ABŞ prezidenti lütfkarlıq göstərərək Planın Ukrayna üçün artıq olduğunu deyir. Amma hətta bu Plansız da Kiyevin Bloka yalnız Rusiya ilə müharibə bitəndən sonra üzv ola biləcəyi bildirilir. Ona görə də sual yaranır: müharibədən sonra NATO Ukraynanın nəyinə lazımdır?

Hazırda müharibə ilə bağlı heç kimdə bir yəqinlik yoxdur. Hamıya aydındır ki, o, ən azı iki il davam edəcək. Yada salaq ki, növbəti ildə Rusiyada və ABŞ-da prezident seçkiləri olacaq. Mümkündür ki, onda müharibə ilə bağlı yeni nəsə olsun. Amma hətta bu da ağlabatan deyil.

Ötən həftə Rusiya kanalları Vladimir Putinin daha bir çıxışını yayınlayırdılar. Rusiya prezidenti çox şey dedi və bildirdi ki, dünya dəyişir. Bu da maraqlı məqamdır, amma özündən dərhal sonra sual gətirir: Rusiya prezidenti həqiqətən də belə düşünür, yoxsa bu, onun marksist-leninçi dialektikadan əzbərlədiklərindən biridir? Əgər dünya dəyişirsə, bəs onda niyə Rusiya dəyişmir?

Beləcə sualları davam etdirmək olar, amma lüzum yoxdur buna, onsuz da hər şey aydındır: məsəl var, deyirlər ki, siyasətçilər dediklərini etmir, etdiklərini demirlər. Rusiya prezidenti də bunu elə-belə, bizim türkiyəli qardaşlarımız demişkən, söz konusu olaraq demişdi.

Belədə isə indi hamı NATO-nun Vilnüs sammitini gözləyir. Əgər NATO üzvlərinin mövqelərində bir dəyişiklik olsa, bu həmin sammitdə bilinəcək. Amma çətin ki, nəsə olsun. 

Məsələ bundadır ki, hamı NATO-nun Rusiyaya qarşı "ütülənmiş müharibə” apardığını desə də, o, mümkün olan hər şeyi edir. Burada dəyişməyən bir şey var: Alyans müharibənin Rusiyanın içinə daxil olmasına imkan vermir. 

Belədə isə hər şey bütün müharibələrdə olduğu kimidir: Kiyev Qərbdən silah-sursat, hərbi–texniki dəstək alır, prosesdə hətta Qərb təlimatçılarının və döyüşçülərinin iştirak etdiyi bildirilir. Bu günlərdə ABŞ Ukraynaya düz 325 milyon dollarlıq hərbi yardım göstərdi. O ki qaldı müharibənin Rusiyanın içinə daxil olmasına, bu halda Moskvanın hər şeyə - böyük humanitar fəlakətlərə, hətta nüvə silahına əl atacağı qəti istisna olmur. Kim deyə bilər ki, Kaxovka faciəsi bunun təzahürlərindən biri deyil?

Hazırda Kreml Belarusda nüvə silahları yerləşdirir. Bu da təhdidin bir formasıdır. Belarus prezidenti artıq indidən Avropanı nüvə silahı ilə təhdid edir. Biz əvvəldə siyasətçiləri, yumşaq şəkildə desək, "soyuqqanlı” adlandırdıq. Amma məsələ bundan da qəlizdir. Bu adamların bəzisi öz ambisiyaları naminə hər şey edərlər. Putin və Lukaşenko məhz belələrindəndir. Ona görə də NATO-nun qismən ehtiyatlı davranmasını başa düşmək olar. 

Başa düşülməyən budur ki, NATO və ya Avropa İttifaqı Ukraynanı və digər ölkələri şirin vədlərə tutarkən doğrudanmı, bunun mümkün nəticələrini nəzərə almırdı? Baxın, Moskva İsveçin və Finlandiyanın NATO üzvü olmasına demək olar ki, heç bir reaksiya vermir. Onun, necə deyərlər, "qarnının ağrısı” keçmiş sovet məkanıdır. Bu isə elə də yeni bir şey deyil – ruslar daim deyiblər ki, bu məkan onların "həyati nüfuz sferasıdır”. Fəqət bunun da izahı var: siyasət yalnız mümkün olanlarla kifayətlənsəydi, dünya qətiyyən dəyişməzdi, baxmayaraq ki, hətta Rusiya prezidenti də etiraf edir ki, o, dəyişir, di gəl, onun dəyişməməsi üçün hər şeyi edir.

Hüseynbala Səlimov

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->