Seçkilərə bir neçə ay qaldığından ölkədaxili siyasi partiyalarda aktivlik müşahidə olunur. Müxalifət partiyaları seçkiyə daha ciddi hazırlaşırlar. Bütün bunların fonunda partiyalar arasında qarşılıqlı ittihamlar səsləndirilir. Bir-birlərini hakimiyyətə yarınmaqda günahlandırırlar. Hətta bir müddət öncə Müsavat Partiyasının başqanı İsa Qəmbər müxalifət partiyalarının bəzilərinin İrana, bəzilərinin Rusiyaya, bəzilərinin də hakimiyyətə işlədiyini bildirmişdi. Bir neçə gün öncə politoloq Zərdüşt Əlizadə də partiyaları sərt ittiham edərək deyib ki, müxalifət partiyalarının bir hissəsi Prezident Administrasiyası tərəfindən idarə olunur.
Azərbaycan Liberal Partiyasının (ALP) sədri Əvəz Temirxan bu cür ittihamların səsləndirilməsinə münasibət bildirib. O, Qaynar.info-ya açıqlamasında deyib ki, müxalifət partiyalarının bir-birini bu cür ittiham etmələri doğru deyil: “Müxalifət daxilindəki vəziyyət ürəkaçan olmasa da, indiki həssas məqamda haqlı tənqid belə söyləməyə çəkinirəm. Hesab edirəm ki, bu, ümumi işimizə zərər gətirər. Ümummilli məsələlərdə müxalifətlə iqtidarın bir araya gəlməsi borcdur, baş ucalığıdır. Məsələn, Qarabağ, erməni təcavüzü, qaçqın və məcburi köçkünlərin hüquqlarının bərpa olunması məsələsində bir araya gəlmək olar”.
Şərhlər