Xəbər lenti

Nardaran sakinlərinin qanuni mülklərinə kim göz dikib? (ŞİKAYƏT)
Ölkə 11:26 11.10.2018

Nardaran sakinlərinin qanuni mülklərinə kim göz dikib? (ŞİKAYƏT)

Nardaran sakinlərinin torpaqlarına göz tikən "Azərbaycan” nəşriyyatı rəhbərliyi öz qanunsuz əməllərindən əl çəkməyərək növbəti təxribata əl atıb.

Bu barədə məlumat zərərçəkmişlərin AFN-ə ünvanladığı müraciətdə əksini tapıb. Bildirilir ki, 1995-ci ildə dələduzluq maddəsi ilə 3 il məhkum olunan, bir il altı ay cəza çəkdikdən sonra azadlığa buraxılaraq yenidən 1997-ci ildə "mənimsəmə” maddəsi ilə 3 il məhkum olunan residivist və hazırda Sabunçu Rayon Polis İdarəsinin müvafiq qərarı ilə Nardaran sakinlərinin qanunsuz hasarlarını sökməkdə təqsirli bilinən, barəsində cinayət işi başlayaraq istintaqa cəlb olunan və nəhayət özünü Prezident Administrasiyasının işçisi kimi qələmə verən, "Azərbaycan” nəşriyyatının nümayəndəsi Qasımov Azər Məmməd oğlu törətdiyi cinayətə bəraət qazandırmaq məqsədi ilə yeni iddia tələbi ilə məhkəməyə müraciət edərək Nardaran sakinlərinin torpaqlarına dair yeni ədalətsiz qərar qəbul etməsini xahiş edib. İddia tələbinin predmeti qanunsuz olduğu üçün onu yalnız yeni ədalətsiz qərarla təmin etmək mümkündür: 

"Ali Məhkəmə zərərçəkmişlər tərəfindən ədalətsiz hesab edilən qərarı ilə "Azərbaycan” nəşriyyatının mülkiyyətini talamaqla gündəmdə olan direktor Ağabəy Məmməd oğlu Əsgərovun vaxtı ilə təşkilata yardımçı təsərrüfat məqsədi ilə ayrılmış və sonradan dövlətin balansına keçirilən torpaq sahəsinə təzədən maraq göstərərək Nardaran qəsəbəsində keçmiş Maştağa Südçülük-tərəvəzçilik sovxozunun ərazisində yerləşən 15 ha torpaq sahəsini onlara təhvil verilməsinə dair iddia tələbini təmin edib. Ədalətsiz hesab etməyə səbəblərdən biri isə həmin qərarda torpaq sahəsinin döngə nöqtələrinin koordinatlarının göstərilməməsidir. Hansı ki, bu səbəbdən qərarın icrası uzun müddətdir ki, mümkün olmur. Mübahisəli torpaq sahəsinin döngə nöqtələrinin koordinatlarını müəyyət etmək üçün müvafiq ekspertizanın keçirilməsinə dair sakinlərin vəsatətini rədd edən məhkəmə instansiyaları ədalət mühakiməsinə xas olmayan qeyri-müəyyənlikləri ilə Ağabəy Əsgərovun zəfərinə səbəb olublar”.



Zərəçəkmişlər bildirirlər ki, Sabunçu İcra Şöbəsi 19 oktyabr 2017-ci il tarixli qərarı ilə həmin torpaq sahəsinin koordinatlarını müəyyən etmədən "Azərbaycan” nəşriyyatına təhvil verilməsi barədə akt tərtib edərək icra işinə xitam verib. Bu qərarı əsas götürən Azər Qasımov isə Ali Məhkəmənin qərarına aid olmayan sakinlərin mülkiyyətində olan torpaq sahələrinin hasarlarını ağır texnika vasitəsi ilə uçuraraq cinayət əməli törədib: "Bakı Apelyasiya Məhkəməsinin yekun qərarı ilə Sabunçu İcra şöbəsinin qərarı ləğv edilərək icra işinin bərpa edilib yenidən icraya yönəldilməsi Azər Qasımovun cinayət əməli törətdiyini sübut edir. "Azərnəşriyyat”ın hazırkı iddia tələbi həmin cinayət əməlinə bəraət qazandırmaq üçün nəzərdə tutulur.
Maraqlısı odur ki, 1981-ci ildə dövlət aktına əsasən "Azərbaycan” nəşriyyatının daimi istifadəsinə ayrılmış və sonradan geri alınmış 15 hektar torpaq sahəsinin 9 hektarını 1999-cu ildə hazırkı prezident İlham Əliyev cənabları Nardaran pirinə hədiyyə edib. Bu səbəbdən Ağabəy Əsgərov həmin hədiyyə edilmiş torpaq sahəsinin geri alınmasının mümkün olmadığını bilərək, əvəzində dövlət tərəfindən mülkiyyət hüququ əsasında ərazidə məskunlaşmış sakinlərin torpaqlarını uydurma əsaslarla əlindən almaq niyyətindədir.

"Azərbaycan” nəşriyyatının nümayəndəsinin əsassız iddia etdiyi 15 ha torpaq sahəsi dövlət tərəfindən mülkiyyət hüququ verilmiş sakinlərin ərazisinə düşdüyü üçün Ağabəy Əsgərov həmin mülkiyyətçilərin hamısını məhkəməyə cəlb edərək onlara verilən çıxarışların etibarsızlığını tələb etsə də, sonradan bir iddia ilə bütün sakinləri işə cəlb edib onlara verilən iyirmidən çox çıxarışı ləğv etməyin mümkün olmadığını anlayıb iddiasını geri çəkərək yenidən ayrı-ayrı iddia tələbi ilə əvvəlcədən çıxarışları deyil, çıxarışlara əlavə olunan torpaq cizgi planlarının etibarsızlığını mübahisələndirməklə məhkəməyə müraciət etmişdir. 

"Prezident Administrasiyasının işçisi” Azər Qasımovun bildirdiyinə görə, guya dövlət tərəfindən sakinlərə torpaqlar düzgün plan sxem üzrə ayrılmayıb. Anlamaq çətin deyil ki, "Azərbaycan” nəşriyyatının növbəti hədəfi dövlət tərəfindən həmin plan sxem üzrə ayrılmış torpaq sahələrinə dair sakinlərə verilmiş çıxarışların etibarsızlığı olacaq.

Dövlət idarələri (DƏDRX, Sabunçu rayon İcra nümayəndəliyi və Maştağa bələdiyyəsi) "Azərnəşriyyat”ın həmin ərazidə torpaq sahəsi olmadığını bildirsələr də, inzibati məhkəməyə aid olmayan mübahisəni qəbul edən, Azərbaycan Respublikası Məhkəmə Hakimləri Assosiasiyalarının İttifaqının İdarə Heyətinin üzvü olan 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin sədri Çingiz Adil oğlu Bəşirov və bu məhkəmənin digər hakimləri, "Azərnəşriyyat”ın əvvəlki işindəki kimi, müvafiq ekspertizanın keçirilməsinə dair vəsatətləri rədd edərək müstəqil bir mütəxəssis rəyi ilə sakinlərin mülkiyyətində olan torpaq sahələrinin əlindən alınmasına dair qərar veriblər”.
 
Nardaran sakinləri xüsusi ilə vurğulayırlar ki, həmin mütəxəssis rəyini təkzib edən digər mütəxəssis rəyini nəzərə alıb qanuna müvafiq torpaqşünaslıq üzrə ekspertiza keçirilməsini təyin etməkdən boyun qaçıran hakimlər açıq-aşkar qərəzlilik nümayiş etdirərək, tez-tələsik işi tam araşdırmadan "Azərbaycan” nəşriyyatının xeyrinə ədalətsiz qərarlar qəbul ediblər: "Bu işin xüsusi olmasına əsas verən uzun müddət Çingiz Bəşirovun köməkçisi işləmiş və hazırda Azərbaycan Respublikası Vəkillər Kolleqiyasının üzvü, "Azərbaycan” nəşriyyatı tərəfindən vəkil edilən Camal Əli oğlu Hümbətovdur.
Bəzi mənbələrdən aldığımız məlumata əsasən, bu işin artıq pulu ödənilib və Azər Qasımovun hüquqi savadı olmadığı və bu işin digər üsüllarla həll edilməsi mümkün olmadığı üçün Çingiz Bəşirovun keçmiş köməkçisinin Azər Qasımovun vəkili təyin olunması işin ədalətsiz aparılmasına maneə yaradan hər hansı xoşagəlməz insidentlərdən sığortalamaq olub.

Görünür, respublikada korrupsiyaya qarşı sərt mübarizə aparıldığını və məhkəmə fəaliyyətində korrupsiyaya şərait yaradan halların yolverilməməzliyini bəyan edən ədliyyə naziri Fikrət Məmmədov 2 saylı Bakı İnzibati İqtisadi Məhkəməsində yaranan ədalət böhranından xəbərsizdir. Belə getsə, biz bu böhranla Bakı Apelyasiya Məhkəməsində də qarşılaşmalı olacağıq, nəzərə alsaq ki, bu böhranı yaradan Azərbaycan Respublikası Məhkəmə Hakimləri Assosiasiyaları İttifaqının İdarə Heyətinin üzvüdür”.

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->