"Hətta NATO-dan onun istədiyi siyahını verə də bilərlər. Amma həmin siyahı 90% tamamlanandan sonra yenidən ora əlavələr olacaq. Bu o demək deyil ki, Ukraynanı üzv etməyəcəklər, edəcəklər, amma… bu, Ukrayna hazır olanda deyil, Avropa İttifaqı və NATO-nun böyük üzv olan dövlətlərinin maraqları təmin olunanda baş verəcək”.
Bunu Qaynarinfo-ya açıqlamasında politoloq Araz Aslanlı Ukraynanın NATO-ya üzv olması üçün günü-gündən artan tələblərdən danışarkən deyib. Onun sözlərinə görə, əslində burada həm Avropanın özünün inteqrasiya problemlərindən, həm də Avropanın Rusiya və digər tərəfdaşlarından qaynaqlanan məqamalar var:
"Bu gün Ukrayna strateji müttəfiqdir, qoruyacağıq, Rusiya ilə problem yaşayırıq və s. bu, periodik bir məsələdir. Amma Avropa üçün Rusiya bir tərəfdaşdır. Vaxtı ilə üçlük zirvələr vardı - Almaniya, Rusiya, Fransa periodik toplanıb müzakirələr aparırdılar. İstər NATO, istərsə də Avropa İttifaqı olsun, genişlənmədə böyük dövlətlərin, yəni NATO-nun üzvü olan dövlətlərin və Avropa İttifaqına üzv olan böyük dövlətlərin maraqları prizmasından çıxış edirlər. Həm genişlənmədə, həm də kritik qərarların qəbulunda nəinki ümumi NATO, ümumi Avropa İttifaqı prizması, nəinki Avropa Atlantik Təhlükəsizliyi prizmasından, xeyir, bu yeni deyil, NATO qurulandan dəfələrlə olub. Hər ikisi qurulandan bu günə kimi genişlənmə, strateji qərarların qəbulu, kritik qərarlarla, atılan addımlarla bağlı vacib şərt budur - üzv olan böyük dövlətlərin həmin andakı maraqları”.
Araz Aslanlı qeyd edib ki, Gürcüstan, Ukrayna bundan zərər görüb, Türkiyə də üzv olacaq deyə uzun illər gözlədi:
"NATO-ya, Avropa İttifaqına Avropa maraqları baxımından daha az əhəmiyyətli olan və daha çox xərc tələb edən dövlətləri alıblar, ümumavropa maraqları baxımından daha əhəmiyyətli və daha az xərc tələb edən dövlətləri isə almayıblar. Niyə? Çünki ümumavropa maraqları baxımından yola çıxmayıblar. Avropa İttifaqının və NATO-nun Gürcüstan və Ukraynaya yanaşması sadəcə qeyri-prinsipiallıq nümunəsi deyil, həm də Avropa İttifaqı və NATO-ya üzv olmaq istəyən digər dövlətlərə bir nümunədir. Amma Azərbaycan münasibətlərin çərçivəsini özü müəyyənləşdirir, hədəflərini bu çərçivə və maraqlarına uyğun qoyur. Azərbaycan öz hədəflərini başqalarının ritorikası üzərinə qurmur. Başqalarının ritorikası üzərinə hədəf formalaşdıranda xəyal qırıqlığı yaşanır. Ukraynanın qarşılaşdığı budur. Başqalarının ritorikası üzərinə hədəf müəyyənləşdirir. Ukrayna tam haqlıdır. Çünki Ukraynaya deyiblər ki, bu addımları atın, onlar da deyilən addımları atır. Amma sonra yenə də üzvlük reallaşmır”.
Qeyd edək ki, Ukrayna Xarici İşlər naziri Dmitri Kuleba NATO-nu fəalətsizliyə görə sərt tənqid edib. Ukraynalı nazir NATO-dan islahatlarla bağlı konkret siyahı tələb edib.
Bahar Rüstəmli
Şərhlər