Özünüməşğulluq proqramının genişləndirilməsi işlərində Dünya Bankı və BMT İnkişaf Proqramı ilə əməkdaşlıq öz töhfəsini verəcək.
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən Qaynarinfo-ya verilən məlumata görə, bununla əlaqədar Dünya Bankı ilə danışıqlar artıq yekun mərhələdədir. Cari ilin sonunadək Hökumətə Dünya Bankı ilə kredit sazişinin layihəsi təqdim olunacaq. Növbəti il Dünya Bankı özünüməşğulluq proqramının genişləndirilməsində iştirak payı kimi 1000-2000 ailənin özünüməşğulluğuna dəstək verəcək. Sonrakı illər ərzində sabit olaraq hər il 5 min ailəninözünüməşğulluq proqramında iştirakı Dünya Bankı tərəfindən maliyyələşdiriləcək.
BMT-nin İnkişaf Proqramı ilə də özünüməşğulluq proqramı çərçivəsində birgə işlərin davam etdirilməsi nəzərdə tutulur. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi ilə BMT-nin İnkişaf Proqramının (BMTİP) birgə icra etdiyi layihə üzrə 500 nəfər əlilliyi olan şəxsin özünüməşğulluq fəaliyyəti müstəvisində özlərinə dayanıqlı biznes qurmalarına dəstək veriləcək.
Ümumilikdə, aktiv məşğulluq tədbirləri bütün istiqamətlərdə davam etdirilməklə, onların miqyası da genişləndiriləcək. Nazirlik üçün cari ildə plan 100 min nəfərin işlə təminatıdırsa, gələn il bu rəqəm 130 minə çatdırılacaq. Həmçinin haqqı ödənilən ictimai işlərin təşkilinin, iri dövlət şirkətlərində yaradılan müvəqqəti ictimai işlərproqramının da davam etdirilməsi nəzərdə tutulur.
Şərhlər