Xəbər lenti

Neft blokadası, humanitar böhran: Kuba təslim olacaqmı?
Dünya 14:50 17.02.2026

Neft blokadası, humanitar böhran: Kuba təslim olacaqmı?

"Resurs çatışmamazlığı gec-tez Kubanı da sözəbaxan ölkə vəziyyətinə salacaq".

Bunu Qaynarinfo-ya açıqlamasında siyasi şərhçi Qulamhüseyn Əlibəyli ABŞ-ın Venesueladan sonra Kuba mövzusunda aktivləşməsi fonunda "azadlıq adası"nın gələcək perspektivini şərh edərkən deyib. 

Ekspert qeyd edib ki, Kuba uzun illərdir Rusiya üçün baza rolunda çıxış edib: 

"Kuba vaxtilə SSRİ, sonra da Rusiya ilə yaxın münasibətlərdə olduğundan əslində bu illər ərzində sovetin bazası rolunu oynayıb. Ona görə də yaxın zamanlara qədər Havana Rusiyaya arxayın idi, bir qədər sərt mövqedən çıxış edirdi. Amma artıq Kubada da müəyyən dəyişikliklər baş verir. Fidel və Raul Kastrodan sonra ölkədə müəyyən dəyişikliklər olub. Düzdür, bu dəyişikliklər hələlik ABŞ-ın istədiyi kimi getmir. Ona görə də bütövlükdə Amerika qitəsini öz nəzarəti altına götürməyi qarşıya məqsəd qoyan Tramp adminstrasiyası Rusiyanı Kubadan da tamamilə sıxışdırıb çıxarmağa çalışır".

Müsahibimiz bildirib ki, indiki halda Moskva Kubaya kömək əlini uzatmaq imkanına malik deyil:

"Bu mənada hesab edirəm ki, resurs çatışmamazlığı gec-tez Havananı ABŞ-ın dediyi kimi sözəbaxan vəziyyətə düşməyə məcbur edəcək. Vaşinqton üçün rejimin necə olması o qədər də əhəmiyyət kəsb etmir, sadəcə çalışır ki, adada ABŞ-ın sözünə baxan bir rejim formalaşsın".
 


Həmsöhbətimiz düşünür ki, Kubanın sözəbaxan vəziyyətə gətirilməsi prosesi heç də uzun sürməyəcək və elə Trampın prezidentliyi dövründə öz həllini tapacaq:

"Bu məsələ tez bir zamanda həll oluna bilər. Hazırda Kubanın neft, benzin ehtiyatları yox dərəcəsindədir. Hətta məlumatlara görə, təyyarələr belə uçmaq imkanına malik deyil. Yəni iqtisadi çətinliklər Kubanı müəyyən dəyişikliklərə getməyə məcbur edəcək".

Qeyd edək ki, Venesuelanın ardınca Tramp adminstrasiyasının diqqəti indi də Amerika qitəsində "azadlıq adası” kimi tanınan Kubaya yönəlib. Artıq Vaşinqton Kubaya qarşı neft blokadası tətbiq edir. Eyni zamanda, Ağ Ev bu istiqamətdə diplomatik addımlara da əl atır. Məlumatlara görə, dövlət katibi Marko Rubio Havana ilə əlaqə saxlayır. Məsələyə toxunan Donald Tramp isə bəyan edib ki, Kuba mütləq razılaşmaya getməlidir, əks halda onun üçün real humanitar təhlükə yaranacaq. 

Xatırladaq ki, Tramp Venesueladan sonra Kubanın növbəti hədəflərindən biri ola biləcəyini dəfələrlə vurğulayıb. Hətta o, Kubaya neft tədarük edən ölkələrin məhsullarına rüsum tətbiq etmək səlahiyyəti verən sərəncam da imzalayıb.

Rüfət Sultan
--> -->