Xəbər lenti

Dünya 13:44 17.02.2026

"The Economist": Rusiya iqtisadiyyatı "ölüm zonası"na daxil olub

Rusiya iqtisadiyyatını yeni böhran olmadan normal vəziyyətə qaytarmaq çətin, hətta mümkünsüz ola bilər.
 
Qaynarinfo xəbər verir ki, bu barədə "The Economist" nəşrində Berlin Karnegi Mərkəzinin elmi əməkdaşı Aleksandra Prokopenko yazıb.

Müəllif Rusiya iqtisadiyyatının hazırkı vəziyyətini alpinizmdə "ölüm zonası” adlandırılan mərhələ ilə müqayisə edib. Onun sözlərinə görə, ölkə iqtisadiyyatı "mənfi tarazlıq” vəziyyətindədir – sistem formal olaraq işləyir, lakin uzunmüddətli perspektivdə öz əsaslarını zəiflədir.

Prokopenko qeyd edib ki, 2025-ci ildə Rusiya iqtisadiyyatı cəmi 1% artım göstərib və cari il üçün proqnozlar daha da zəifdir. O bildirib ki, son dörd ildə iqtisadiyyat iki ayrı istiqamətə bölünüb: hərbi sektor və digər sahələr.

Hərbi və ona bağlı sahələr prioritet resurs axını alır, investisiyalar cəlb edir və işçi qüvvəsini özünə yönəldir. Özəl biznes, kiçik və orta müəssisələr, eləcə də istehlak yönümlü sahələr isə resurs çatışmazlığı ilə üzləşir. Son üç ildə ümumi istehsal 18,3% artsa da, bu artım əsasən hərbi sektor hesabına təmin olunub.

Ekspertin fikrincə, iqtisadiyyat "hərbi renta” hesabına fəaliyyət göstərir, müdafiə müəssisələrinə yönəldilən büdcə transfertləri əməkhaqqı və iqtisadi aktivlik yaradır. Lakin bu model xaricdən daxil olan neft gəlirlərindən fərqli olaraq daxili resursların yenidən bölüşdürülməsinə əsaslanır və davamlı deyil.

Rəsmi məlumatlara görə, 2025-ci ildə Rusiyada büdcə kəsiri 5,6 trilyon rubl (73 milyard dollar) və ya ÜDM-in 2,6%-i səviyyəsinə çatıb. Bu, pandemiya dövründən bəri ən yüksək göstəricidir. Bu il dövlət borcunun xidmət xərclərinin təhsil və səhiyyəyə ayrılan vəsaitləri üstələyəcəyi gözlənilir.

Bundan əlavə, neft qiymətlərinin azalması büdcəyə əlavə təzyiq yaradır. Yanvarda neft və qaz gəlirləri ötən ilin eyni dövrü ilə müqayisədə 50% azalaraq 393,3 milyard rubla düşüb.

Ekspertlər hesab edirlər ki, Rusiyanın enerji gəlirlərinin azalması və Qərbin daha koordinasiyalı iqtisadi tədbirləri mövcud iqtisadi modeli çətin vəziyyətə salır. Mövcud şəraitdə müharibənin davam etməsi əhalinin həyat səviyyəsinin daha da aşağı düşməsi ilə nəticələnə bilər.
 
Günay
--> -->