Dövlət Neft Şirkətinin idarə və müəssisələrində ixtisarlara başlanıb. Neft Emalı Zavodunda çalışan 300 işçiyə artıq bildiriş verilib.
Bunu virtualaz.org saytına Neftçilərin Hüquqlarının Müdafiəsi Təşkilatının sədri Mirvari Qəhrəmanlı bildirib.
Hüquq müdafiəçisi dedi ki, rəhbərlik etdiyi təşkilata müraciətlər daxil olub: “İşçilərə ilin sonunadək işdən çıxarılacaqları ilə bağlı bildirişlər verilib. İxtisara düşən zavod əməkdaşları arasında qadınların sayı üstünlük təşkil edir”.
Bir ay ərzində öz xahişi ilə işdən çıxanlara əməkhaqqının 5 misli qədər kompensasiya veriləcək. İşdən çıxmaq istəməyənlər isə ixtisara düşəcəklər və kompensasiya almayacaqlar.
“İşçilərə bildiriş verilsə də digər iş təklif olunmayıb. Halbuki işdən çıxarılanlara digər qurumlarda iş təklif edilməlidir. Bu insanların taleyi heç kimi narahat etmir” - deyə hüquq müdafiəçisi bildirdi.
M.Qəhrəmanlı zavoda yeni işçilər götürüldüyünü də qeyd etdi: “Bir yandan ixtisarlar gedir, digər yandan kənardan işçi götürülür. Doğrudur, işə götürənlərin sayı azdır, amma tanışlıqla işə düzəldilənlər var. Müraciət edənlər banklara kredit borcu olduğunu bildirir və daha çox bu borcu ödəyə bilməyəcəklərindən narahatdılar. Yada salım ki, “Bahar enerji” şirkətində işdən çıxarılan neftçi də məhz borca görə özünü öldürmüşdü”.
Qeyd edək ki, yeni ildən “Bahar enerji” şirkətində də ixtisarlar olacaq.
Neft Emalı Zavodundan isə ixtisarlarla bağlı xəbəri şərh etmək istəmədilər.
Qaynar.info
Şərhlər