Xəbər lenti

Neft haqqında dünyada ilk filmlər
Foto 23:19 30.01.2022

Neft haqqında dünyada ilk filmlər

Azərbaycan öz neft ehtiyatları ilə bütün dünyada məşhurdur. Bakının yaxınlığında yerləşən Balaxanı və Bibiheybət qəsəbələri "qara qızıl”ın çıxarıldığı ilk kəndlər sırasında olub. Lakin bir faktı bilən azdır ki, məhz bu qəsəbələr dünya kinematoqrafiyası ilə sıx bağlıdır. Azərbaycan Respublikası Dövlət Turizm Agentliyinin qoruqları idarəetmə mərkəzinin mədəni turizm məhsulları hazırlanması üzrə aparıcı mütəxəssisi Vahid Şükürovun məqaləsi bu mövzuya həsr edilib.

Qaynarinfo AZƏRTAC-a istinadən məqaləni oxuculara təqdim edir.

X X X

Balaxanıda və Bibiheybətdə neft hasilatı sahəsində baş vermiş mühüm hadisələr dünya birliyinin diqqətindən kənarda qala bilməzdi. İlk kinematoqrafları buraya cəlb edən də həmin hadisələr olub.

Bəs bu qəsəbələr nəyə görə cəlbedici idi? Onların hər biri barədə bir qədər məlumat vermək istərdik. Balaxanı qəsəbəsi paytaxtdan cəmi 9 kilometr məsafədə yerləşir. Lakin bu kiçik qəsəbənin neftlə bağlı çox zəngin tarixi var. Burada qədim quyuların birində aşkar edilmiş daş üzərində yazılıb ki, bu quyu 1594-cü ildə qazılıb! Peterburqlu akademik İ.Lerxe yazır ki, 1735-ci ildə burada cəmi 52 neft quyusu olub. İllər keçdikcə bu quyuların sayı artaraq 1816-cı ildə 77-yə, daha 9 ildən sonra isə 82-yə çatıb.

1837-ci ildə dağ mühəndisi Nikolay Voskoboynikov Balaxanıda neft emalı zavodu inşa edib. Burada ilk dəfə olaraq neft təbii qazın köməyi ilə qızdırılırdı. 1871-ci ildə Balaxanıda mexaniki üsulla qazılmış 64 metr dərinliyində neft quyusu bu kəndin tarixində parlaq iz qoymuş daha bir hadisə olub.

Yeddi il sonra, 1878-ci ildə Nobel qardaşları şirkətinin sifarişi ilə çar Rusiyasında ilk dəfə Balaxanıdan Bakıdakı Qaraşəhərdə fəaliyyət göstərən neft emalı zavoduna 12 kilometr uzunluğunda boru kəməri çəkilir. Ümumiyyətlə, Balaxanı qəsəbəsindən söhbət düşəndə tez-tez "Azərbaycanda ilk dəfə” sözləri işlədilir.

Bu ifadəni Bakının Bibiheybət qəsəbəsinə də aid etmək olar. Ən qədim neft quyularından biri burada qazılıb. XIX əsrin ortalarına qədər neft quyuları əl ilə qazılırdı, 1846-cı ilin yanvar ayında isə Bibiheybətdə dünyada ilk dəfə olaraq ağac ştanqlardan istifadə edilməklə zərbə üsulu ilə neft quyusu qazılıb. Buradakı 5 nömrəli quyu dünyada ilk dəfə dəniz sahilindəki ərazidə qazılıb. Keçmiş SSRİ-də ilk dəniz quyusu da məhz burada, xüsusi yaradılmış platformada qazılıb.

Bəs necə olub ki, bu iki qəsəbə kinematoqrafiyanın yenicə yaradıldığı vaxtda onun tarixinə düşüb? Adətən belə hesab edirlər ki, ilk film 1895-ci ildə çəkilmiş "La-Siota vağzalına qatarın gəlişi” ("L'Arrivée d'un train en gare de la Ciotat”) filmidir. Bu qısametrajlı sənədli lent Lümyer qardaşları tərəfindən çəkilib və nümayiş etdirilib. O vaxtdan Ogüst Lui Mari Nikolya və Lui Jan Lümyer qardaşları "sinematoqraf”ın baniləri hesab edilir.

Bu hadisədən cəmi üç il sonra Bakıda fotoqraf Aleksandr Mişon tərəfindən bizim neft haqqında film çəkilib. Xarkovda anadan olmuş Aleksandr Mişonun atası da fotoqraf olub. Aleksandr atasının peşəsini öyrənərək fotoqraf karyerasına başlayır, öz fotostudiyasını yaradır. 1884-cü ildə Bakıya köçüb gəlir. Bakı nefti haqqında filmlər yaratmaq təşəbbüsünün müəllifi məhz Mişon olub. O, əvvəlcə Bakı Fotoqrafiya Həvəskarları Dərnəyini yaradır. Bu dərnəyin məqsədi "foto sənətini öyrətmək, bizim zəngin təbii, elmi, arxeoloji və etnoqrafik materialın illüstrasiyası üçün bu vasitədən istifadə etmək” idi. Maraqlıdır ki, həmin dərnəyə hər iki cinsin nümayəndələri üzv ola bilərdi.

Aleksandr Mixayloviç Bakı şəhərinin həyatında fəal iştirak edir. O, "Bakı şəhər illiyi” adlı nəşrin ilk buraxılışının müəllifi, fotoqrafı, redaktoru və naşiri olub. XX əsrin əvvəlində A.Mişonun fototipiya-mətbəəsi vardı. Burada Bakı mənzərələri və Azərbaycanın digər görməli yerləri təsvir edilən açıqcalar çap edilir. A.Mişon "Qafqaz və Orta Asiya” adlı jurnal təsis edir, burada özünün çəkdiyi fotoşəkilləri və məqalələri dərc edir.

Yuxarıda qeyd etdiyimiz əlamətdar hadisə 1898-ci ildə baş verib. Həmin ildə Aleksandr Mişon "Balaxanı mədənində neft fontanı” adlı qısametrajlı sənədli səssiz film çəkib. Hesab olunur ki, bu, Azərbaycan kinematoqrafının tarixində ilk film və dünyada neft hasilatına həsr edilmiş ilk film olub.

"Balaxanı mədənində neft fontanı” filmində neftin fontan vurması sənədləşdirilib. Hətta ilk kino lentlərinin bu ağ-qara kadrlarında da bizim diyarın ruhu, onun möhtəşəmliyi və zənginliyi aşkar hiss olunur. Filmin premyerası 1898-ci il avqustun 4-də Bakıda təşkil edilib. Qeyd etmək lazımdır ki, bu film Lümyer qardaşları kinematoqrafı çərçivəsində göstərilmişdi.

A.Mişonun kinematoqrafında Azərbaycan neftinə həsr edilmiş daha bir film "Bibiheybətdə yanğın” adlanır. 1898-ci ildə bizə artıq tanış olan Lümyer qardaşlarının studiyasında 35 millimetrlik plyonkaya çəkilmiş bu filmdə ətrafda nə varsa hamısını cənginə alan alov, tüstü görünür, fəlakətin faciəviliyi və miqyası aşkar hiss olunur. Qeyd etmək lazımdır ki, neft mədənlərində yanğınlar tez-tez baş verirdi və bu mənada Bibiheybət, Bayıl və Suraxanı mədənləri "rekordçu” idi. Bu fakt onunla izah edilirdi ki, həmin mədənlərdəki neft avadanlığı çox qədim idi və bu avadanlıq çox vaxt yanğın təhlükəsizliyi tələblərinə uyğun gəlmirdi.

Aleksandr Mişonun növbəti proqramı həmin il avqustun 2-də nümayiş etdirildi. Bu proqrama "Bibiheybətdə yanğın” filmi də daxil edilmişdi. İki ildən sonra həmin film Paris Beynəlxalq Sərgisində təqdim edildi. Ən maraqlısı budur ki, həmin filmin bəzi səhnələri 1995-ci ildə dünya kinosunun 100 illiyi şərəfinə Fransada göstərilib.

Azərbaycan kinoşünasları Aydın Kazımzadə və Ayaz Salayev həmin iki filmi Fransa arxivlərində aşkar ediblər. Paris Kino Arxivindən Bakıya gətirilmiş filmlər hazırda Azərbaycan Dövlət Film Fondunda saxlanılır.

Neftlə bağlı bədii filmlərə gəldikdə isə, burada ilk filmlərdən biri 1916-cı ildə rejissor Boris Svetlov tərəfindən "Piron qardaşları” kinostudiyasında yazıçı İbrahimbəy Musabəyovun eyniadlı povestinin motivləri əsasında çəkilmiş "Neft və milyonlar səltənətində” filmidir. Çəkilişləri Bakıda və Tiflisdə aparılmış bu filmdə XX əsrin əvvəlindəki Bakı, yerli milyonerlərin məişəti və neft mədənlərində çalışaraq çörək pulu qazanan fəhlələrin həyatı təsvir edilir. Bu filmin çəkilişinə neft sənayeçiləri sponsorluq edib. Maraqlıdır ki, bu film aktyor Hüseyn Ərəblinskinin kinoda yeganə işi olub. Filmdə titrlər Azərbaycan dilində yazılıb. Sonradan həmin filmin yenidən çəkilməsi qərara alınıb. "Neft və milyonlar səltənətində” filminin motivləri əsasında çəkilmiş ikinci versiyası 1980-ci ildə ekranda "Qızıl qaya” adı ilə nümayiş etdirildi. Bu melodramın rejissoru Fikrət Əliyevdir.

Azərbaycan kinematoqrafından söhbət düşəndə qeyd etmək lazımdır ki, 1920-ci ildə Azərbaycan İnqilab Komitəsinin sədri Nəriman Nərimanov Azərbaycan kinosunun milliləşdirilməsi haqqında fərman imzalayıb. 1922-ci ildə isə Azərbaycan hökuməti ölkədə ilk kinoteatr tikilməsini qərara alıb.

1923-cü ildə Bakı nefti haqqında "Suraxanı neft mədənlərində yanğın” adlı növbəti film çəkilib.

2000-ci il dekabrın 18-də Azərbaycan Prezidenti Heydər Əliyev "Milli Kino Günü”nün təsis edilməsi haqqında Fərman imzalayıb və avqustun 2-si kinematoqrafiya işçilərinin peşə bayramı elan edilib.

Bütün bu filmlər sinematoqrafın inkişafının başlanğıc mərhələsində Azərbaycanda neft hasilatının möhtəşəmliyini göstərirdi. Neft hasilatı sahəsində nailiyyətlərin uzun siyahısından əlavə Azərbaycan dünyada bu sahədə uğurların lentə çəkildiyi ilk ölkələrdən biri olub. Azərbaycan haqlı olaraq neft hasilatı mövzusunda filmlər çəkilmiş ilk ölkə hesab edilir. Bizim neft sənayesinin tarixinin bu kiçik, lakin maraqlı səhifəsini bütün dünyada bilməlidirlər!

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->