"Venesuelada hakimiyyəti dəyişmək üçün hərbi əməliyyatlara başlamaq olduqca risklidir. Bu, indiki vəziyyətdə ABŞ-ın nə daxili, nə xarici siyasəti, nə də ki, geosiyasətinə uyğundur".
Bunu Qaynarinfo-ya açıqlamasında politoloq Natiq Miri ABŞ-Venesuela gərginliyi fonunda prosesin hara qədər inkişaf edə biləcəyini şərh edərkən deyib.
"Bu ölkədə ordu və hökuməti dəstəkləyən qüvvə asanlıqla hakimiyyəti təslim etməyəcək. Karakas dirəniş göstərəcək ki, bu da ABŞ-ı maliyyə-siyasi nöqyeyi-nəzərdən böhrana gətirib çıxarar. Çünki ABŞ-da "şaddaun"un hökm sürdüyü bir vəziyyətdə uzun müddətli müharibə heç də uyğun davranış deyil", deyə ekspert bildirib.
Digər tərəfdən, həmsöhbətimizə görə, belə bir yanaşma Cənubi Amerikada ABŞ əleyhinə mənfi münasibətin daha da kəskinləşməsinə gətirib çıxaracaq:
"Çünki bir ölkənin daxili işlərinə bu cür qarışmaq qitədəki digər ölkələri də ciddi narahat edəcək".
Politoloq düşünür ki, ABŞ-ın bu addımı həmçinin Çin, Rusiya, hətta İran üçün müəyyən fürsət sayılacaq:
"Həmin ölkələr Venesuelaya yardım etməklə müharibənin uzunmüddətli olmasına çalışacaqlar. Bu isə Tramp üçün indiki halda heç də arzuolunan məsələ deyil. Müharibənin nəticələri və zamanını birmənalı olaraq heç kim hesablaya bilməz. İldırım sürətli əməliyyatla Nikolas Maduro rejiminin devriləcəyini proqnozlaşdırmaq real deyil. Ona görə də müəyyən tərəddüdlər var. Rusiyanın silah daşıyan İl-76 təyyarələri tez-tez Venesuelaya enib-qalxır. Bu yardım prosesində açıq və ya gizli şəkildə digər dövlətlər də yer alacaq".
Ekspert qeyd edir ki, Tramp özü də uzunmüddətli müharibədə maraqlı deyil:
"O sadəcə, bir neçə saatlıq zərbələrlə sülhün təmin edilməsinə üstünlük verir. Venesuelada isə bir neçə saatlıq əməliyyatla prosesi yekunlaşdırmaq mümkün deyil. Digər tərəfdən, Venesuela ilə uzun müddətli müharibə Trampın gələn il üçün Nobel Sülh Mükafatı almaq şanslarını da azaldacaq. Ona görə də Venesuela ətrafında böyük bir müharibənin alovlanacağına inanmıram. Bu yöndə gedən hazırlıqlar isə təzyiq xarakteri daşıya bilər".
Qeyd edək ki, narkoticarətə qarşı mübarizə adı altında ABŞ Hərbi Dəniz Qüvvələrinin idarə olunan raket esminesi USS Gravely və amfibiya hücum gəmisi USS Iwo Jima Karib dənizində Venesuela ərazisinə zərbə endirə biləcəkləri mövqeləri tutublar.
Mətbuatın yazdığına görə, peyk məlumatları göstərir ki, USS Gravely və USS Iwo Jima hazırda Venesuelanın zərbə məsafəsindədir. Bildirilir ki, onlar hazırda hava bazalarının və radarlar yerləşdiyi Venesuelanın Orçila adasından 200 kilometr məsafədədir. Xüsusilə, USS Iwo Jima 1600-dən çox dəniz piyadası daşıyır. Qrupa, xüsusən də ABŞ Dəniz Piyadaları Piyadaları AV-8B Harrier qırıcıları, Bell AH-1Z Viper hücum helikopterləri və Bell Boeing V-22 Osprey tiltrotor təyyarələri daxildir.
Rüfət Sultan
Şərhlər