Xəbər lenti

Neft ucuzlaşır: Azərbaycanı hansı təhlükə gözləyir? (ŞƏRH)
Ekonomiks 16:32 10.06.2019

Neft ucuzlaşır: Azərbaycanı hansı təhlükə gözləyir? (ŞƏRH)

"İqtisadiyyatımız hələ də ciddi şəkildə neftdən asılıdır və düşünürəm ki, yaxın müddətli perspektivdə bu proses davam edəcək”.


Bu sözləri Qaynarinfo-ya açıqlamasında iqtisadçı-ekspert Elşad Məmmədov deyib.
 


O, neftin qiymətinin aşağı düşməsinin Azərbaycan iqtisadiyyatı üçün arzuedilməz hal olduğunu bildirib: 

"Neftdən asılılığın aradan qaldırılması Azərbaycan iqtisadiyyatı üçün kifayət qədər ağrılı, mürəkkəb və uzun müddətli bir proses olacaq. Hazırda neftin qiymətində enməyə doğru dinamika müşahidə olunur. Bunun əsas səbəbləri texnoloji amillər, elmi-texniki tərəqqi ilə bağlıdır. Bu amillər dayanıqlı və fundamentaldır. Bu nöqteyi nəzərdən düşünürəm ki, neft qiymətlərinin aşağıya doğru getməsinə tədricən adaptasiya olunaraq iqtisadiyyatımızı buna kökləməliyik. Bunun real alternativi yoxdur. Bu proses müəyyən müddətə biraz ləngiyə, qiymətlər stabilləşə bilər".

İqtisadçı manatla bağlı ilin sonuna qədər narahatlıq yarada biləcək ciddi səbəb olmadığını bildirib:

"Çünki tədiyə balansı üzrə ölkəyə daxil olan valyuta, xaric olunan valyutadan hələ xeyli dərəcədə çoxdur. Eyni zamanda Azərbaycanda böyük həcmdə qızıl ehtiyatları var. Buna görə də ilin sonuna kimi valyuta bazarında hər hansı bir problemin yaranacağını gözləmirəm. Amma daha uzun müddətli perspektivdə neft qiymətləri kəskin və uzun müddətli formatda aşağı düşsə, onda sözsüz ki, bunun milli valyutamıza mənfi təsiri ola bilər”.

Elşad Məmmədov manatın məzənnəsinin dəyişməsinin Mərkəzi Bankın siyasətindən asılı olduğunu deyib:

"Burda da çox şey Mərkəzi Bankın siyasətindən, digər iqtisadi bloka aid olan qurumların siyasətindən asılı olacaq. Çünki ən mühüm məqamlardan biri ölkəyə gələn və ölkədə olan kapital hərəkətinə nəzarətlə bağlıdır. Məlumdur ki, 2015-ci ildəki devalivasiyaların əsas səbəbi elə məhz bundan ibarət idi. Hesab edirəm ki, Mərkəzi Bank və ölkənin iqtisadi blokuna aid olan digər qurumlar kapital hərəkəti ilə bağlı, bütüvlükdə iqtisadi idarə etmə ilə bağlı düzgü siyasət yürüdə bilsə, heç gələn ilin sonuna qədər də milli valyuta üçün ciddi təhlükə yoxdur. Amma bundan sonra biz qeyri-neft sektorunu inkişaf etdirə bilməsək, neftin qiyməti də kəskin şəkildə ensə, daha uzun müddətli perspektivdə sözsüz ki, milli valyutaya da ciddi təsiri ola bilər. Yaxın müddətdə iqtisadi bloka aid olan qrumlar adekvat, düzgün idarəetmə sistemini yürüdə bilsələr, valyutamızın stabilliyini təmin etmək tam mümkündür”.

Nigar Cəfər

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->