Artıq bir müddətdir ki, Heydər Əliyev adına Neft Emalı Zavodu (NEZ) planlı təmirlə əlaqədar olaraq fəaliyyətini müvəqqəti olaraq dayandırıb. Təmir dövrü ərzində tələbatı qarşılamaq üçün SOCAR tərəfindən müəyyən həcmdə Aİ-92 tədarükü edilib. Bununla yanaşı həmin nov benzinin idxalına da başlanılıb.
Bəs təmir başa çatana kimi yanacaq qıtlığının önlənməsi istiqamətində vətəndaşların üzərinə nə düşür?
Məsələni Moderator.az-a şərh edən nəqliyyat üzrə ekspert Azər Allahverənov burada əslində bir sosial məsuliyyət məqamının mövcud olduğunu vurğulayıb.
"Payız fəsli olması və ya digər müəyyən səbəblərdən dolayı tədarük edilən benzinin bəs etməməsi səbəbindən yanacaq qıtlığına yol verməmək üçün Aİ-92-nin idxalına başlanıb. Əlbəttə ola bilsin ki, biz bir istehlakçı kimi bu qıtlığı hiss etməyək. Bəlli məsələdir ki, fərdi şəkildə istehlakçıların istifadə etdiyi həcm o qədər böyük olmasa da, ancaq bu ümumi cəmə gəldikdə müəyyən mənada gərginliyə səbəb ola bilər".
"Hesab edirəm ki, burada əslində bir sosial məsuliyyət məqamı mövcuddur. Əgər bu gün deyək ki, aidiyyatı strukturlar SOCAR timsalında zavodun müəyyən bir müddətə planlaşdırılmış təmir işləri ilə əlaqədar olaraq bağlanmasını bəyan edirsə, vətəndaşlarımız da bu prosesi bir növ nəzarətdə saxlmalıdır. Belə ki, insanlar şəxsi avtomobilindən minimum şəkildə istifadə etməlidir və daha çox ictimai nəqliyyatın müxtəlif növlərindən istifadəyə üstünlük verilməlidir. Media vasitəsilə NEZ-in təmirə dayandığı dövr ərzində insanları benzindən mümkün qədər qənaətlə istifadə etməyə çağırıram. Bu, həm də ətraf mühitin mühafizəsi baxımından da xüsusi əhəmiyyət kəsb edən bir məsələdir", - ekspert vurğulayıb.
Qeyd edək ki, oktyabr ayının 4-dən etibarən NEZ-də planlaşdırılmış illik təmir işləri həyata keçirilir və bununla əlaqədar neft məhsullarının istehsalı dayandırılıb. Bu il planlı təmir işləri 1 ay müddətində nəzərdə tutulub və həmin müddət üçün 120 min ton civarında "Ai-92” markalı benzinin idxalı planlaşdırılıb. Artıq təxminən 45 min ton benzinin Azərbaycana gətirilib. İdxal edilən bu benzin bu il də əsasən Rusiya mənşəlidir. Bundan başqa, 4 min ton civarında olan kiçik bir hissə Türkmənistandan idxal olunmaqdadır.
Şərhlər