Xəbər lenti

“Nida”çılardan soraq
Siyasət 17:23 26.05.2014

“Nida”çılardan soraq

Mayın 26-da “Media forum” saytı Bakı İstintaq Təcridxanasında saxlanan “Nida”çı məhbusların vəziyyəti ilə maraqlanıb.

Zaur Qurbanlının anası Səkinə Qurbanlı “Media forum”a deyib ki, ötən həftə oğlu ilə görüşüb: “Zaurun görüşünə balaca qardaşı oğlunu da aparmışdım. Xeyli söhbətləşdik. Saxlanma şəraitindən şikayəti yoxdur, səhhəti yaxşıdır.

Görüş barəsində heç bir problem yoxdur. Təəssüf ki, siyasi məhbus statuslu şəxs yaxınları ilə görüşüb qurtarana kimi digər siyasi məhbus ailəsini gözləməli olur, iki məhbusun eyni anda yaxınları ilə görüşünə icazə vermirlər. Bu məni çox narahat edir. Görüş zamanı bununla bağlı təcridxana işçilərinə irad bildirdim, mənə dedilər ki, rəisin tapşırığıdır”.

Rəşadət Axundov ötən həftə yoldaşı, oğlu və anası ilə görüşüb. Rəşadət Axundovun atası Fikrət Axundov “Media forum”a deyib ki, oğlunun saxlanma şəraiti normaldır, səhhətindən şikayəti yoxdur.

Məmməd Əzizovun atası Rasim Əzizov “Media forum”a bildirib ki, oğlu ötən həftə anası ilə görüşüb: “Əhval-ruhiyyəsi yaxşıdır”.

İlkin Rüstəmzadə də ötən həftə valideynləri ilə görüşüb. Atası Bakir Rüstəmzadə “Media forum”a deyib: “Səhhəti yaxşı deyil. Ürəyində genişlənmə var. Bəzən mədəsində, böyrəyində də ağrılar olur. Saxlanma şəraitindən şikayəti yoxdur”.

Bəxtiyar Quliyevin atası Səməndər Quliyev mayın 22-də oğlu ilə görüşüb, mayın 26-da isə telefonla danışıb: “Saxlanma şəraiti yaxşıdır, səhhəti normaldır. Heç bir şikayəti yoxdur”. 

Şahin Novruzlunun atası İbrahim Novruzlu da oğlu ilə görüşüb. İbrahim Novruzlu “Media forum”a bildirib: “Şahinin saxlanma şəraitindən şikayəti yoxdur, səhhəti normaldır. Sadəcə olaraq aclıq aksiyasından sonra arıqlayıb”.

Rəşad Həsənov mayın 25-də yaxınları ilə görüşüb. “Media forum”a verilən məlumata görə, Rəşadətin əhvalı yaxşıdır, saxlanma şəraitindən, səhhətindən şikayəti yoxdur və o, apellyasiya məhkəməsinə hazırlaşır.

Ötən ilin mart-aprel aylarında tutulan “Nida”çılar əsasən kütləvi iğtişaşları təşkil etmə cəhdində təqsirli biliniblər. Bakı Ağır Cinayətlər Məhkəməsinin 6 may hökmünə görə, gənclər Məmməd Əzizov, Bəxtiyar Quliyev, Şahin Novruzlu, Rəşadət Axundov, Üzeyir Məmmədli, Rəşad Həsənov, Zaur Qurbanlı, İlkin Rüstəmzadə 2013-cü il martın 10-da Bakıda kütləvi aksiya zamanı “Molotov kokteyli”ndən istifadəyə hazırlaşırmışlar. Mayın 6-da Zaur Qurbanlı, Rəşadət Axundov, İlkin Rüstəmzadəyə 8 il, Məmməd Əzizov, Rəşad Həsənova 7 il 6 ay, Bəxtiyar Quliyev, Üzeyir Məmmədliyə 7 il, Şahin Novruzluya 6 il həbs cəzası verilib.

Gənclər aprelin 17-dən mayın 6-dək aclıq aksiyası keçiriblər.

Qaynar.info

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->