Ölkəmizin milli təhlükəsizliyinə, habelə respublikamızın konstitusiya quruluşunun zorla dəyişdirilməsi və ərazi bütövlüyünün parçalanmasına yönəlməklə antiazərbaycan qüvvələrə və onların maraqlarına xidmət edənlərin xaos, anarxiya və təxribat cəhdlərinin qarşısının alınması istiqamətində hüquq-mühafizə orqanları tərəfindən əlaqəli şəkildə kompleks istintaq-əməliyyat tədbirləri həyata keçirilməkdədir.
Baş prokurorluqdan Qaynarinfo-ya verilən məlumata görə, həyata keçirilən tədbirlərin davamı kimi, Niyaməddin Əhmədovun qanunsuz əməllərinə dair daxil olmuş məlumatlar əsasında Baş Prokurorluğun İstintaq idarəsində Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi başlanıb.
İstintaqla törətmiş olduğu cinayətə görə məsuliyyətdən boyun qaçırmaq məqsədilə Niyaməddin Əhmədovun 22.05.2017-ci il tarixdə Azərbaycan Respublikasını tərk edib Almaniya Federаtiv Respublikasında istintaqdan gizlənən tanışı Qabil Məmmədovla birlikdə «YouTube» videopaylaşma sistemində qeyri-məhdud sayda şəxslər dairəsinə yönəlməklə ölkəmizdə konstitusiya quruluşunun zorla dəyişdirilməsinə yönələn, habelə eyni məqsədlə hakimiyyət nümayəndəsinin qanuni tələblərinə fəal şəkildə tabe olmamağa və kütləvi iğtişaşlar törədilməsi ilə bağlı açıq çağırışlar etmələrinə əsaslı şübhələr müəyyən edilib.
İstintaqla, həmçinin, Niyaməddin Əhmədovun qeyd olunan materialları internet resursları vasitəsilə təkrarən yayılması üçün mobil tətbiq vasitəsilə qabaqcadan əlbir olduğu şəxslərlə törədiləcək cinayətlərin detalları ilə bağlı razılığa gəlmələrinə, ümumi cinayətkar niyyətə və sövdələşməyə uyğun olaraq Almaniya Federativ Respublikasında toplanmış xeyli miqdarda pulu açıq çağırışlar edəcək və materialları yayacaq şəxslərə tamamilə paylamaqla terrorçuluğu maliyyələşdirməsinə, lakin hüquq-mühafizə orqanları tərəfindən ifşa olunduğundan cinayətkar əməlini başa çatdıra bilməməsinə əsaslı şübhələr müəyyən edilib.
Bundan başqa, istintaqla Niyaməddin Əhmədovun ölkə ərazisində öz şəxsi maraqları naminə icra etmək istədikləri hərəkətləri gizli olaraq qeydə almaq məqsədilə digərləri ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında birləşib cinayət əlaqəsinə girərək qanunla mülki dövriyyədə olmasına yol verilməyən xüsusi ləvazimat olan eynək üzərinə uyğunlaşdırılaraq komfulyaj olunmuş gizli vizual müşahidə vasitəsini qanunsuz olaraq əldə edib özündə saxlamasına şübhələr üçün əsaslar müəyyən edilib.
Niyaməddin Əhmədova Cinayət Məcəlləsinin 214-1 (terrorçuluğu maliyyələşdirmə), 28,281.2 (dövlət əleyhinə yönələn açıq çağırışlara etməyə hazırlıq) və 233-1.2.1-ci (qanunla mülki dövriyyədə olmasına yol verilməyən əşyaları qanunsuz olaraq hazırlama, əldə etmə, saxlama, daşıma, gəzdirmə, başqasına vermə və ya satma) maddələri ilə ittiham elan olunmaqla, barəsində həbs qətimkan tədbiri seçilib.
Cinayət işi üzrə istintaq yekunlaşdırılaraq baxılması üçün aidiyyatı üzrə Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib.
Şərhlər