Xəbər lenti

“Normand dördlüyü” tarix yazacaq, yoxsa tarixə çevriləcək?
Dünya 18:25 08.12.2019

“Normand dördlüyü” tarix yazacaq, yoxsa tarixə çevriləcək?

Uzun sürən fasilədən sonra dekabrın 9-da Parisdə "Normand dördlüyü”nün növbəti sammiti keçiriləcək. Donbas münaqişəsindən sonra yaradılan "Normand formatı” liderlərinin görüşü sonuncu dəfə 2016-cı ilin oktyabrında Almaniyanın paytaxtı Berlin şəhərində baş tutub. Lakin görüş zamanı aparılan müzakirələr nəticəsiz qalıb, Rusiya və Ukraynanın heç biri güzəştə getməyib. 2014-cü ildə Fransanın sabiq Prezidenti Fransua Ollandın təşəbbüsü ilə yaradılan və tərkibində Ukrayna, Rusiya, Almaniya və Fransa liderlərinin yer aldığı "Normand formatı”na böyük ümidlər bəslənsə də, bu günədək sözügedən məsələdə hər hansı razılıq əldə edilməyib. 2015-ci ilin fevralında bu format çərçivəsində keçirilən 17 saatlıq müzakirələrdən sonra "Minsk-2” razılaşması əldə edilib. Ötən müddətdə bu razılaşma çərçivəsində onlarla görüş keçirilib, lakin ciddi nəticə olmayıb.

Bu gün isə dünya liderlərini ümidləndirən fərqli bir vəziyyət yaranıb. Ukraynada Vladimir Zelenski hakimiyyətə gələndən sonra Kiyev və Moskva arasında birbaşa dialoq qurulub. Qısa müddətdə böyük tərkibdə əsir və girovların dəyişdirilməsi baş tutub, Rusiya qazının Ukrayna ərazisindən tranzitinə dair razılaşma əldə olunub, Donbas münaqişəsinin həlli istiqamətində təkliflər irəli sürülüb. Bu baxımdan dekabrın 9-da Fransa paytaxtındakı Yelisey sarayında təşkil olunacaq "Normand dördlüyü”nün liderlərinin sammitini adi protokol görüşü adlandırmaq sadəlövhlük olardı. Artıq tərəflər öz mövqeyini və müzakirə olunacaq məsələlərin anonsunu da verib. Vladimir Zelenski bəyan edib ki, görüşdə müzakirələr yalnız Ukraynanın milli maraqları çərçivəsində aparıla bilər. Müzakirələrdə əsas mövzular Yeni ilədək əsir və girovların növbəti dəyişdirilməsi prosesinin baş tutması, Donbasda atəşkəsin əldə edilməsi, yerli seçkilərin keçirilməsi olacaq. Rəsmi Kiyev hesab edir ki, ilk növbədə, silahlı qruplaşmalar ərazidən çıxarılmalı, Kiyev Rusiya ilə sərhəddə nəzarəti bərpa etməli və bundan sonra Ukrayna qanunvericiliyinə uyğun seçki keçirilməlidir.

Hələ "Normand dördlüyü”nün görüşündən xeyli əvvəl burada hər hansısa razılaşma sənədinin imzalanacağı açıqlanıb. Rusiya rəsmiləri bu razılaşmanın imzalanacağını istisna etməyib. Rusiya Prezidenti hələ oktyabrın sonundan bu görüşə hazır olduğunu bəyan edib.

Ukrayna Ali Radasının fraksiyaları olan "Avropa həmrəyliyi”, "Səs” və "Batkivşina” artıq ölkə prezidentindən "qırmızı xətti” keçməməsini tələb ediblər. Onlar hesab edirlər ki, müzakirələr Ukraynanın milli maraqları və Avropaya inteqrasiya kursuna zidd olmamalıdır. Əks halda, fasiləsiz etiraz aksiyalarının başlanacağı qeyd edilib.

Almaniya kansleri Angela Merkel və Fransa Prezidenti Emmanuel Markon bəyan ediblər ki, Avropanın maraqları çərçivəsində Donbas münaqişəsi ətrafında Rusiya ilə birbaşa dialoq arzuolunandır.

Bütün məsələlər dekabrında 9-da, günün ikinci yarısında rəsmilərin mətbuata bəyanatlarından sonra bəlli olacaq. Ya "Normand dördlüyü” tarix yazacaq, ya da sadəcə tarixə çevriləcək.

Mənbə: Azərtac

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->